“Neftçi”də aktyora, bəstəkara yer tapılır, amma futbolçu Elbrus Abbasova yox”

“Neftçi”də aktyora, bəstəkara yer tapılır, amma futbolçu Elbrus Abbasova yox”
MÜSAHİBƏ 14 Avqust 2016 / 20:10 7580
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Elbrus Abbasovu yaşlı və orta nəsil yaxşı tanıyır. Xüsusilə də “Neftçi”nin stajlı azarkeşləri.  Çünki o, futbolçu karyerasının ən gözəl illərini məhz “ağ qaralar”ın heyətində keçirdib, öz oyunu ilə yüz minlərlə insanın sevgisini qazanıb. 1976-cı ildə “Neftçi”nin I dəstədən güclülər dəstəsinə qayıtmasında Abbasovun danılmaz əməyi olub. O, həm də həmin mövsüm SSRİ çempionatının I dəstəsinin bombardiri adını qazanıb. Son illərdə isə çoxlarının yadından çıxıb. Hətta bir çox uğurlar qazandırdığı “Neftçi”nin də.  Deyir ki, “Neftçi”də aktyora yer tapılır, musiqiçiyə yer tapılır, amma bu klubun tarixində iz qoymuş Elbrus Abbasova yox. Sonuncu dəfə 2001-ci ildə “Qarabağ”ın baş məşqçisi kimi çalışıb. 15 ildir faktiki işsizdir. Böyük futbolda ona yer tapılmır. Ona görə də özünü verib uşaq futboluna.  Bütün gücünü doğma Ağdamda, Quzanlıda öz hesabına yaratdığı uşaq futbol məktəbinin fəaliyyətinə yönəldib,  gənc futbolçuların yetişdirilməsi ilə məşğuldur. Bəs kimdir Elbrus Abbasov?
Elbrus Abbasov 1950-ci ildə Ağdamda anadan olub. 1967-ci idən "Məsul" komandasında  oynayıb. Sonradan Gəncənin "Dinamo" klubuna, ordan da "Neftçi"yə keçib. 1976-cı ildə rəqib qapısına 28 top vurub. Bu göstərici ilə həm I dəstənin bombardiri olub, həm də yuxarıda qeyd etdiyimiz kimi, 4 illik fasilədən sonra "Neftçi"nin güclülər dəstəsinə qayıtmasında xüsusi rol oynayıb. Sonralar məşqçi kimi fəaliyyət göstərib. Bir muddət Ağdamın “Qarabağ”2 klubunu çalışdırıb. Bu komanda ilə 1996-97-ci il mövsümündə Azərbaycan çempionu olub. O vaxt AFFA-nın qərarı ilə əvəzedici komandaların xalları əsas komandaların xallarının üzərinə gəlirdi. Ağdam klubu məhz bu göstərici ilə “Neftçi”ni qabaqlamışdı. Lakin sonradan UEFA bunu qəbul etmədi və Çempionlar Liqasına “Neftçi” yollandı. Abbasov həm də səfərdən xal gətirən ilk məşqçimizdir. Belə ki, onun rəhbərlik etdiyi “Qarabağ” 1997-ci ildə Kuboklar Kuboku çərçivəsində Finlandiyanın “Myu Pa 47” komandası ilə səfərdə 1:1 oynamağı bacarmışdı. Halbuki 120-ci dəqiqəyə kimi komandamız hesabda öndə idi və 20 saniyə də dözsəydik, oyun penaltilər seriyasına gedəcəkdi və bəlkə də mərhələni “Qarabağ” keçəcəkdi.

“İlk gündən məni komandaya götürdülər və 80 rubl maaş yazdılar”

Abbasovla söhbətə onun futbola gəlişindən başladıq: “Futbola gəlişim 1967-ci ilə təsadüf edir. Ağdamlılar Adil Nadirovu yaxşı tanıyır. Futbola gəlişim birbaşa onun tövsiyyəsi ilə oldu. Ağdamda onunla eyni məhəllədə qalırdıq. Həmin vaxt Adil rayonun “Məsul” komandasında oynayırdı. Onda hələ “Qarabağ” yox idi. Elə oldu ki, mənə də təklif elədi ki, məşqə gedim. Mən də ona qoşulub getdim və elə ilk məşqdə məşqçilər məni bəyəndi. Bəyəndilər və elə ilk aydan maaş verməyə başladılar. Yadımdadı ilk maaşım da 80 rubl idi. Baş məşqçimiz də Nadir Xudabaxşıyev idi”.

“Oyundan dərhal sonra maşına oturdub Gəncəyə apardılar”

Abbasovun futbolçu karyerasında Gəncənin “Dinamo” komandasının da böyük rolu olub. “Neftçi”yə də məhz “Dinamo”nun heyətində göstərdiyi oyunla düşüb. Həmsöhbətimizin “Dinamo”ya gedişi də çox maraqlı olub: “1970-ci il idi. Həmin vaxtlar Gəncə “Dinamo”nun güclü vaxtları idi. Heyətində “əjdahalar” oynayırdı. Bir faktı deyim ki, ölkə kubokunun 1/8 finalında məşhur Kiyev “Dinamo”sunu məğlub etmişdilər. Bəli, həmin vaxt “Dinamo” Ağdama bizimlə oyuna gəlmişdi. Bizim də yaxşı komandamız var idi və onlar da bunu eşidib bizimlə yoldaşlıq oyunu keçirməyə gəlmişdilər. Həmin oyun 3:3 hesabı ilə nəticələndi və bizim komandanın hər üç qolunu mən vurdum. Oyundan sonra məni heç evə getməyə qoymadılar. Elə stadiondan birbaşa maşına oturdub Gəncəyə apardılar. Heç imkan eliyib evə də deyə bilmədim. Yalnız stadionda olan qohumlar bunu bilib evdəkilərə xəbər vermişdilər. Bax “Dinamo”ya gedişim belə baş verdi”.

“Neftçi” də onu “Dinamo” variantı “oğurladı”

Yazının əvvəlində də qeyd etdik ki, Elbrus Abbasovun ən böyük uğurları “Neftçi” ilə bağlıdır.  Onun “Neftçi”yə gedişi də çox maraqlı olub. Demək olar ki, Ağdamdan Gəncəyə gedişinin eynisi olub. Gəlin, yenə hər şeyi qəhrəmanımızın öz dili ilə sizə təqdim edək: “Dinamo”nun heyətində ilk oyunum Kutaisi “Dinamo”suna qarşı oldu. Elə ilk oyundaca qol hesabımı açdım. Ondan sonra da hər oyun 2-3 qol vururdum. “Dinamo”da iki il oynadım. Bu müddətdə Gəncə mənə çox doğmalaşdı. Ona görə həmişə deyirdim ki, mənim iki evim var: Ağdam və Gəncə. Çünki Gəncədə mənə çox hörmət etdilər, ordan çox böyük dəstək aldım. Azarkeşlər də məni çox sevirdi. “Neftçi”yə keçidimə gəlincə, o vaxt “Neftçi” Gəncəyə “Dinamo” ilə yoldaşlıq oyunu keçirməyə gəlmişdi. Həmin oyunda 2:1 hesabı ilə “Neftçi”yə qalib gəldik. Oyunumu da həmin vaxt görüb bəyəndilər. Amma deyim ki, hələ Ağdamda oynadığım vaxtlar “Neftçi”dən məni tanıyırdılar. Çünki oyunlarımızı idarə edən hakimlər gedib bu haqda Bakıda danışırdılar ki, bəs Ağdamda belə bir istedadlı futbolçu var.  Hətta bir dəfə “Neftçi” məni öz heyətinə də dəvət etdi, 6 ay bu klubda qaldım, Kislavodskiyə təlim-məşq toplanışına da getdim. Lakin o vaxt “Neftçi”nin heyətində elə futbolçular oynayırdı ki, o komandaya düşmək mümkün deyildi. Bu dəfə isə “Dinamo”nun heyətində oyunumu canlı gördülər və elə həmin oyundan sonra məni birbaşa Bakıya apardılar”.

“Gəldik gördük ki, Heydər Əliyev paltardəyişmə otağının qarşısında bizi gözləyir”

Abbasov “Neftçi” ilə bağlı xatirələrini də ətraflı olaraq bizimlə bölüşdü. Bu xatirələrin sırasında isə mərhum prezidentimiz, o vaxtlar Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevlə bağlı xatirələr xüsusi yer tutdu. Ümumiyyətlə, həmsöhbətimiz çox maraqlı, bu günə qədər çoxlarının bilmədiyi faktları ilk dəfə bizimlə bölüşdü: “Neftçi”yə gəlişim 1974-cü ilə təsadüf etdi. Gələn gün mənə bazada otaq verdilər. Otağın nömrəsi də yadımda qalıb 6 nömrəli otaq idi. Həmin otaqda məndən qabaq Eduard Markarov qalmışdı. Özü də öyrəndim ki, o, həmin otaqda tək qalırmış. Halbuki bütün futbolçular iki-iki qalırdı. Bunu biləndən sonra da həmin otaqdan imtina etmədim. Dedim elə erməni qalan otaqda qalıb oyunumla da sübut edəcəm ki, bizdə də Markarov kimi futbolçular var. Beləliklə, 6 nömrəli otaqda 5 il tək yaşadım. “Neftçi” də çox gözəl oyunlarım, qollarım olub. Saymaqla qurtarmaz. Tərif kimi çıxmasın, 1-2 qol olub ki, cərimə meydançası daxilindən vurnuşam. Qollarımın çoxunu 30-35 metrdən vururdum. Tanıyanlar, bilənlər qoymaz yalan danışım. Mən o vaxt “Ararat”a həm Bakıda, həm də İrəvanda qol vurmuşdum. Yadımdadı, Bakıdakı oyunumuzu Heydər Əliyevlə Ermənistan KP MK-nın sədri Karen Dəmirçiyan da izləyirdi. Həmin oyunda ermənilərə iki qol vurdum və qalib gəldik. Qolların dəqiqələri də yadımdadır: 11 və 22-ci dəqiqələr.  İrəvandakı oyunun 5-ci dəqiqəsində də ermənilərə qol vurdum. Bu zaman tribunadan atılan şüşə budulka düz  topuğuma dəydi və topuğum sındı. Elə oyundan birbaşa xəstəxanaya apardılar. Həkimimiz Boris Xetsqurov da mənimlə birgə getdi. Həkim də gəldi azərbaycanlı çıxdı, əvvəllər Bakıda işləmişdi. Dabanıma 12  tikiş qoydular və xeyli müddət futboldan uzaq qaldım. Bundan başqa, “Paxtakor”la oyun da yaddaşımda dərin iz buraxıb. Həmin oyunu da Heydər Əliyev tribunadan izləyirdi. Daşkənd klubunun da güclü vaxtları idi.  Heyətlərində Federov adlı futbolçu var idi, ilk hissədə onun qarşısını ala bilmədik. Nəticədə rəqib hesabda 2:0 önə keçdi. Fasilədə düşdük gördük ki, Mərkəzi Komitənin bütün rəhbər şəxsləri paltardəyişmə otağındadır. Bizə dedilər ki, nə olub sizə, bu nə oyundur oynayırsınız ayıb deyil, Heydər Əliyev tribunadan sizin oyunu izləyir axı. İkinci hissənin startından 5 dəqiqə sonra mənim qolumla hesab arasındakı fərq azaldı. Bir qədər sonra rəhmətlik  Əli Rəhmanov hesabı bərabərləşdirdi. Sona yaxın isə təzyiqi daha da artırdıq. Matçın başa çatmasına 1 dəqiqə qalmış oyuna sonradan daxil olmuş Əbdülqəni Nurməmmədov gözəl driblinqlə iki nəfəri keçib topu cərimə meydançasına göndərdi. Mən də irəli şığıyıb elə havadaca topu dəqiq zərbə ilə doqquzluğa göndərdim. Beləliklə, yekunda 3:2 hesabı ilə  möhtəşəm  qələbə qazandıq. Meydananı tərk edib paltardəyişmə otağına gələndə gördük ki, Heydər Əliyev qapının ağzında bizi gözləyir. Bizi təbrik elədi və bütün futbolçuları elə ordaca mükafatlandırdı. Yadımdadı pul mükafatı idi, konvertlərdə bizə payladılar.

Uğurlu il, hərəyə bir ev, bir maşın

Təbii ki, Elbrus Abbasovun ən uğurlu ili 1975-76-cı il mövsümü olub. Çünki “Neftçi” həmin il 4 illik fasilədən sonra güclülər dəstəsinə qayıtdı.  Abbasov isə I dəstənin bombardiri oldu. Qəhrəmanımız həmin ili belə xatırlayır: “1975-ci ildə rəhmətlik Heydər Əliyev  bütün rəhbər şəxsləri bir araya toplayıb toplantı keçirdi və “Neftçi” ilə bağlı ciddi tapşırıq verdi. Bildirdi ki, “Neftçi” mütləq SSRİ çempionatının güclüllər dəstəsinə qayıtmalıdır. Ondan sonra komandada ciddi dəyişikliklər oldu, Bondarenkonu baş məşqçi postuna gətirdilər. O da çox güclü məşqçi idi. Həmin mövsümü çox yaxşı keçirdik və yekunda güclülər dəstəsinə vəsiqə qazandıq. Həmin mövsüm mən də I dəstənin bombardiri oldum.  Düzü, mövsüm öncəsi belə bir iddiam yox idi. Çempionatın gedişində bu iddiaya düşdüm. O vaxt “Kayrat”ın heyətində İonki adlı futbolçu var idi, o da çox qollar vururdu. Mövsümün gedişində dedim ki, elə bununla da rəqabət aparacam. Hər ikimiz qol vura-vura gedirdik. Ancaq  22 qolda o dayandı. Mən isə 28 qol vurub çempionatın bombardiri oldum. Bu, tək çempionatda vurduğum qollar idi. Kubokda isə daha 56 qol vurmuşdum.  Yadımdadır, mövsüm başa çatandan sonra güclülər dəstəsinə qayıtmağımız münasibəti ilə Heydər Əliyev bizi qəbul etmişdi. Bizi təbrik edəndən sonra soruşdu ki, problemləriniz nədir, kimin nəyə ehtiyacı var. Biz də dedik ki, sağ olun heç bir problemimiz yoxdur. Halbuki problemlərimiz çox idi, heç birimizin evi, maşını yox idi.  Vəziyyət belə olunca Heydər Əliyev bir-bir bizi ayağa qaldırıb soruşmağa başladı. Təbii ki, bu zaman yalan demək olmazdı və evimiz olmaya-olmaya deyə bilməzdik ki, evimiz var. Hamının problemi ilə tək-tək maraqlanandan sonra göstəriş verdi ki,  35 nəfərlik bütün heyət üzvünün hər birinə ev və maşın verilsin. Təsəvvür edin, masajçıdan tutmuş, komandanın sürücüsünə kimi, hamıya ev və maşın verildi.  Bu arada onu deyim ki, Heydər Əliyev o vaxt bizim əksər oyunlarımıza gəlib baxırdı, bazaya baş çəkirdi, bütün problemlərimizlə yaxından maraqlanırdı”.

“Müdafiəçilər mənim ovuma çıxmışdı”

Birinci dəstədə bombardir olan Abbasov güclülər dəstəsində analoji bombardirliyi göstərə bilmədi. Görəsən, bunun səbəbi nə idi? Həmsöhbətimiz bu məsəyə də aydınlıq  gətirdi: “Güclülər dəstəsinə çıxandan sonra digər komandaların müdafiəçiləri artıq məni tanıyırdı. Çünki  həmin vaxt I dəstədə çıxış edən “Elbrus” komandası 26 qol vurmuşdu, mən isə təkbaşına 28.  Məşhur “Futbol Xokkey” qəzeti isə bu hadisəyə yazı həsr edib başlığını da “Elbrus protiv Elbrus” qoymuşdu. Ona görə də güclülər dəstəsində müdafiəçilər sanki mənim ovuma çıxmışdı. Məsələn, Moskva “Dinamo”su ilə oyunda rəqibin heyətində Aleksandr Bubnik adlı futbolçu bilərəkdən ayağıma zərbə endirdi. Həmin vaxt ayağıma 17 tikiş qoyuldu və 2 ay futbol oynamadım. Donetskdə “Zenit”lə oyunda isə Vernovski dizimə zərbə endirmişdi və diz bağlarım cırılmışdı. “Ararat”la oyunda da az öncə danışdığım kimi topuğumu sındırdılar, 2 ay da elə futbolsuz qaldım. Yəni bütün bu zədələr, fasilələr bombardirlik yolunda mənə  ciddi maneə yaratdı”.

“Öz ərizəmi yazıb “Neftçi”dən getdim"

Abbasovun “Neftçi”dən gedişi də maraqlı olub: “Komandaya Əhməd Ələsgərovu baş məşqçi təyin etmişdilər. O da Naxçıvandan gəlmişdi. Təbii ki, özü ilə öz futbolçularını gətirmişdi. Gələn kimi bir neçə aparıcı futbolçunu komandadan göndərdi. Artıq mən özüm də vəziyyəti başa düşdüm və gözləmədim ki, mənə də qarşı eyni addım atılsın. Özüm öz xoşumla ərizəmi yazıb Ələsgərova təqdim elədim və çantamı götürüb bazanı tərk elədim. Ordan birbaşa Heydər Əliyevin verdiyi evə yollandım. Çünki ev veriləndən orda qalmamışdım, ancaq bazada qalırdım. İlk dəfə “Neftçi”dən gedəndən sonra həmin evin qapısını açdım. Sonradan karyeramı başa vurdum və  ailə qurub həmin evdə yaşamağa başladım”.

“Bu qədər xidmətimiz qarşılığında bizə iş tapılmır”

Həmsöhbətimiz ona qarşı laqeyd münasibətdən də narazılığını dilə gətirdi. Hiss olunur ki, hamıdan narazıdı. AFFA-dan da AGİN-dən də, elə “Neftçi”dən də: “80-cı illərin sonunda ailəmlə birlikdə Ağdama qayıtdım, orada yaşamağa qərar verdim. Orada özümə ev-eşik də qururdum. Demək olar ki, yeni ev də tikib qurtarmışdım. Ancaq hamısı qaldı erməniyə. Hamı kimi biz də qaçqın həyatı yaşamağa məcbur olduq. Bakıya gəlib qardaşımın evinə sığındım. Sonradan cənab prezidentimiz İlham Əliyev təsadüfən görüşlərin birində məni gördü və evsiz olduğumu bildi. Bundan sonra onun göstərişi ilə Bakının mərkəzində mənə 3 otaqlı ev verdilər və indi də ailəmlə həmin evdə yaşayırıq. Allah onun canını sağ eləsin. Rəhmətlik atası kimi, o da idmana və idman adamlarına dəyər verir. Onsuz da futbol həyatımda ən böyük diqqəti Heydər Əliyevlə İlham Əliyevdən görmüşəm. Başqa heç kim maraqlanmır. Azərbaycan futbolunda o qədər xidmətlərimiz olub, “Neftçi”nin tarixinə düşmüşəm, 1976-cı ildə bu komandanı təkbaşına güclülər dəstəsinə çıxardım. Amma bu gün “Neftçi”nin Müşahidə Şurasında aktyora yer tapılır, bəstəkara yer tapılır, amma Elbrus Abbasova yer tapılmır. Nə AFFA-dan maraqlanan var nə də idman nazirliyindən. Yaxşı ki, siz zəng edib maraqlanırsınız, bizi unudulmağa qoymursunuz”,

Sonda Abbasov maraqlı bir əhvalatı da bizə danışdı: “O vaxtlar “Neftçi” hər il İrana gedirdi, 1 ay orada qalırdı, İran klubları ilə yoldaşlıq görüşləri keçirirdi. Həmin səfərlərin birində maraqlı hadisə olmuşdu. Demək, şahın dövrü idi. Onun da futbola böyük marağı var idi və hər oyuna ailəsi ilə gəlib baxırdı. Özü də İranda “Tac” komandasının azarkeşi idi. Mənim də formada olan vaxtlarım idi. 30-35 metrdən qollar vururdum, 120 minlik stadion ayağa qalxıb alqışlayırdı. Stadionda azarkeşlər öz komandalarına yox mənə azarkeşlik edirdi. O qədər sevirdilər ki, hamısı bir ağızdan ağaye Abbasov deyirdi. Demək, axşam saat 11 olardı, oteldə idik gördük ki, səliqəli geyimli, ağ kostyumlu bir nəfər bizim otağa gəldi. Şahın adamı idi. Dedi ki, bəs şah sənə 125 milyon tümən təklif edir ki, qalıb İranda, onun azarkeşlik etdiyi komandada oynayasan. 125 milyon tümən dünyanın pulu idi. Özü də dedi ki, belə şans bir də əlinə düşməyəcək. Amma mən həmin təklifdən imtina elədim. Dedim ki, Ağdamsız, Bakısız qala  bilmərəm. Legioner həyatı yaşamaqla bağlı problem elə o vaxtdan qanımızda var (gülür)”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı