Qazax boksçu: "Yaxşı olardı ki, Məcidovla finalda görüşərdik"

Qazax boksçu: "Yaxşı olardı ki, Məcidovla finalda görüşərdik"
OLİMPİYA-2016 14 Avqust 2016 / 13:44 4875
-  A +

"Biz Məcidovla əvvəllər iki dəfə qarşılaşmışdıq. Hazırda reytinq siyahısında yüksək mövqelərdə qərarlaşmışıq. Yaxşı olardı ki, burada da yarımfinal və ya finalda görüşərdik".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Qazaxıstan boksçusu İvan Dıçko (+91 kq) XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidov üzərində texniki nokautla qələbə qazandığı 1/8 final döyüşündən sonra deyib.

O bildirib ki, 2011 və 2013-cü il dünya çempionatlarının finalında üz-üzə gəldiyi Məcidovla yaxşı münasibətdədir: "Görüşəndə deyib-gülürük. Boksçu və insan kimi ondan xoşum gəlir. Amma rinq başqadır".

Əvvəlki qarşılaşmalarda Azərbaycan boksçusu qalib gəlsə də, bu dəfə ikinci raundda gözlərinin içindən qan gəlməsi səbəbindən qələbə ilk raundu üstün başa vurmuş Dıçkoya verilib.

Qazaxıstan təmsilçisi bəxtinin gətirməsi fikri ilə razılaşmayıb: "Müdafiə taktikası mənim döyüş üslubum idi. Deməzdim ki, bəxtim gətirdi. Çünki qalib gəlməyi planlaşdırırdım. Hərəkət taktikası və texnikamı qələbə üçün qurmuşdum. Əvvəlcədən məhz Məcidovla döyüşə köklənmişdim. Onun çox ciddi rəqib olduğunu bilirdim. Amma rinqə "Bəxtim bəlkə gətirdi" düşüncəsi ilə çıxmaq mənlik deyil. Fiziki baxımdan Məcidov çox güclüdür. Amma mən hər bir boksçuya qarşı taktika və texnika seçirəm. Bu, rəqibin zəif tərəfinə hesablanır. Bu dəfə də belə etməyə çalışırdım. Amma boksda fors-major hallarsız keçinmək mümkün deyil".

Qeyd edək ki, Məhəmmədrəsul Məcidovla İvan Dıçko 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord