Müəmmalı istefa, yuxarıdan gələn zəng və "Neftçi"ni “yıxan” səbəblər...

Müəmmalı istefa, yuxarıdan gələn zəng və "Neftçi"ni “yıxan” səbəblər...
MÜSAHİBƏ 27 İyul 2016 / 15:22 14677
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!


Bu dəfəki layihəmizdə daha çox müstəqil futbolumuzun tarixindən olan yazılara yer vermişik.  İndi təqdim edəcəyimiz yazı da Azərbaycan futbolunun tarixindən bəhs edəcək. Lakin Sovet dövrünün Azərbaycan futbolundan. Hər kəs bilir ki, sovet dövrü ölkənin bir nömrəli komandası “Neftçi” idi. Bu komanda müasir dillə desək, ölkənin milli komandası rolunu oynayırdı. Ölkənin bütün komandaları, futbol məktəbləri bu kluba işləyirdi, ona oyunçu yetişdirməklə məşğul olurdu. Bütün ölkə isə yalnız və yalnız “Neftçi”yə azarkeşlik edirdi. Lakin təəssüflə qeyd etməliyik ki, “ağ-qaralar” SSRİ çempionatları tarixində ciddi bir uğur qazana bilməyib.  Ən uğurlu nəticəmiz 1996-cı ildə bürünc medallar qazanmağımız olub ki, bu günə qədər də bundan danışırıq. Halbuki bizimlə eyni statusa malik ölkələrin təmsilçiləri ən azı bir dəfə də olsun çempionluğu bayram edə bilib. Paytaxt klubunun SSRİ-i çempionatında keçirdiyi son illəri isə ümumiyyətlə,  uğurlu saymaq olmazdı. 

1972-ci ildə paytaxt klubu yüksək liqada sonuncu pilləni tutaraq  I dəstəyə yuvarlandı. Bundan sonra komandada ciddi islahatlar aparıldı, baş məşqçi və rəhbərlik dəyişdirildi. Bununla belə, yenidən güclülər dəstəsinə qayıtmaq üçün 4 il gözləmək lazım gəldi. 1976-cı ildə elitaya vəsiqə qazanan bakılıların heyətində daha çox yerli futbolçular çıxış edirdi. Komandanın əsas silahı isə Ağdam futbol məktəbinin yetirməsi Elbrus Abbasov idi. Abbasov eyni zamanda 1975-76-cı il SSRİ çempionatının I dəstəsinin bombardiri adını qazandı. Lakin təəssüflə deməliyik ki, “Neftçi” növbəti qayıdışında da ciddi uğur qazana bilmədi. Ən yaxşı halda ortabab imici qazanan bakılılar 10-cu pillədən yuxarı qalxa bilmədilər. Tez-tez məşqçi dəyişikliyi və edilən transferlər də işə yaramadı.  Məhz bunun nəticəsi idi ki, 80-ci illərin sonuna doğru “Neftçi” yenidən I dəstəyə yuvarlandı.  Əslində bunun özü də hardasa gözlənilən idi. Futbol mənasındakı uğursuzluqlar göz önündə idi. Ancaq uğursuz çıxışın səbəbi tək bununla yekunlaşmırdı. Ümumiyyətlə, 80-cı illərin sonu Azərbaycan üçün ölkə olaraq gərgin və dramatik keçirdi. Dağlıq Qarabağda baş verənlər, Qərbi Azərbaycanda yaşayan həmyerlilərimizin doğma yurd yuvalarından deportasiya edilməsi və s. Sanki ölkə üzrə baş verən gərginliklər futboldan da yan keçməmişdi. Belə demək mümkünsə, futbolumuz da bu gərginlikdən geri qalmamağa qərar vermişdi. Bu mənada az öncə qeyd etdiyimiz kimi, 1988-ci il Azərbaycan üçün bütün sahələrdə olduğu kimi, futbola da təsirsiz ötüşməyən hadisələrin başlanğıcı oldu. Dağlıq Qarabağda rus silahlılarının da köməyi ilə ermənilərin ərazi iddiaları ilə çıxış etməsi bütün respublikanın diqqətini bu bölgəyə yönəltdi. Buna görə görə, futbol əvvəlki illərdə olduğu kimi, heç də ön planda deyildi. Hətta belə demək mümkünsə, 80-cı illərin sonu Azərbaycanda futbol da yaddan çıxmışdı.  Heç “Neftçi”ni düşünən də yox idi.  Vəziyyət o dərəcədə pis idi ki, komanda çempionat ərəfəsində  lazımı təlim-məşq toplanışı da  keçirə bilmədi. Üstəlik, ölkə ərazisində döyüşlərin başlanması, Bakıda tez-tez mitinqlərin keçirilməsi SSRİ Futbol Federasiyası üçün də yaxşı bəhanə oldu. Onsuz da neçə illərdir bakılıları “vurmaq” üçün fürsət axtaran futbol məmurları respublikada sabitliyin olmamasını əsas gətirib “Neftçi”nin birinci dövrədəki oyunlarının əksəriyyətinin səfərdə keçirilməsi haqda qərar çıxardı.

Bu vəziyyətdə “Neftçi”sevərlər əziyyətlərə qatlaşmağa hazır olsalar da, daim səfərdə zəif oynaması ilə seçilən bakılılara bu qərar böyük zərbə oldu. Uzun müddət komandanın şərəfini layiqincə qorumuş qapıçı Aleksandr Jidkov da Valeri Lobanovskinin dəvətini qəbul edib Kiyevə yollandı. Ağır zədə alan Yaşar Vahabzadə mövsümün sonuna yaxın bir neçə oyunda meydançaya çıxa bilsə də, Mehman Allahverdiyev mövsümün sonunadək heyətə qayıda bilmədi. Səfər oyunlarında da nəticələr bir-birindən ağır gəlirdi. Həm uğursuzluq, həm də respublikada baş verənlər futbolçuların bütün diqqətini oyunlara yönəltməsinə mane olurdu. Baş məşqçi Ağasəlim Mircavadov üçün də komandanı toparlamaq çox çətin idi. Gah bir şəhərdə, gah o birində meydançaya çıxmaq, saysız uçuşlar futbolçuları da əldən saldı. Uğursuz keçən birinci dövrədən sonra həm Azərbaycan SSRİ-nin Futbol Federasiyasının prezidenti Tofiq Fətullayev, həm Ağasəlim Mircavadov, həm də SSRİ-nin Olimpiya yığmasına cəlb olunan İqor Ponomaryov “İdman” qəzetinə müsahibələrində ikinci dövrədə lazımı nəticələri qazanıb güclülər dəstəsində qalacaqlarına söz vermişdilər. Bunun üçün də son şans çempionatın axırında yetişdi. Baxmayaraq ki, Ponomaryovla birlikdə olimpiya yığmasının heyətində Pekində beynəlxalq turnirdə çıxış edən kapitan Yunis Hüseynov zədələnərək bir neçə matçda meydançaya çıxa bilmədi. Komandanın son 9 turun oyunlarının 8-ni Bakıda keçirməsi böyük üstünlük idi. Amma elə bu zaman gözlənilməz hadisələr baş verdi. Heç bir əsası olmadan Mircavadovu “səhhətində baş verən problemlərə görə öz ərizəsi ilə” işdən azad etdilər. İndi həmin dövrü xatırlayan təcrübəli məşqçinin sözlərindən başa düşmək olar ki, heç də hər şey rəsmi sənədlərdə göstərildyi kimi olmayıb: “Birinci dövrədə əsas oyunları səfərdə keçirdiyimizdən xal itklərimiz çox olmuşdu. Amma son oyunların hamısını Bakıda keçirəcəyimizdən rəhbərliyə bildirdim ki, bu görüşləri udub güclülər dəstəsində qalacağımıza söz verirəm. Futbolçular da məni dəstəkləyirdi. Heç bir səbəb göstərmədən məni azad etdilər”.

Hadisələr elə gözlənilməz baş verdi ki, komandaya kimin rəhbərlik edəcəyi məlum olmadı. Qısa zaman üçün bu, keçmiş kapitan Rəşid Özbəyova tapşırılsa da, tezliklə məşqçilər şurası yaradıldı. Amma belə ağır vaxtda, hər şeyin liderlərin həll etməsinin vacib olduğu dövrlərdə bir neçə məşqçinin olması komandanı pis vəziyyətə saldı. Çıxış yolunu futbolumuzun yetirməsi, bir vaxtlar kapitan kimi uzun müddət “Neftçi”nin lideri olmuş Yuri Kuznetsovun Moskvadan baş məşqçi vəzifəsinə dəvət edilməsində gördülər. Amma hər gələnin heyətdə və taktikada dəyişiklik etməsi, uyğunlaşma prosesisə vaxt itirməsi nəticəsində xallar bir-bir əldən getməkdə idi. Peşəkar komandada işləmək təcrübəsi olmayan Kuznetsov gələn kimi gündə bir dəfəli məşqə keçdi. Hətta futbolçuların xatirələrinə görə yeni məşqçinin gəlməsi komandada rejimin pozulması, məsuliyyətin və tələbkarlığın azalmasına gətirib çıxardı.

Taleyi üçün həlledici olan “ev oyunları” seriyasının ilk oyununu “Zenit”ə qarşı keçirən “Neftçi” çətinliklə də olsa hesabı açdı. Az keçmiş meydançaya yenicə daxil olmuş Vidadi Rzayev küncdən zərbə zamanı müdafiəçilərimizə kömək etmək istəyərkən topu öz qapısına vurdu. Bir qədər sonra isə, paytaxt klubunun müdafiəçilərinin daha bir səhvi leninqradlılara qələbə gətirən topun buraxılması ilə nəticələndi. Minsk “Dinamo”su üzərində 2:0 hesablı qələbənin qazanılması futbolçularda əhval-ruhiyyənin düzəlməsinə səbəb olsa da, paytaxt “Dinamo”su ilə matç gözlənilməz nəticə ilə bitdi. Oyunboyu meydança sahibləri üstün olsa da, gənc Arif Əsədovun cərimə meydançasında rəqibdən topu almaq istərkən azacıq ehtiyatsızlığı “Neftçi”nin qapısına penalti təyin olunması ilə nəticələndi. İqor Dobrovolski isə bu şansı qaçırmadı.  Bu məğlubiyyət bakılıları tamam ruhdan saldı, komandada da kimlərəsə lazım olan çaxnaşmalar baş verdi. Nəticədə çempionatın bitiminə üç tur qalmış Özbəyovla mübahisə üzündən futbolumuzun uzun illər lideri olmuş, həmişə “Neftçi”nin əsas yükünü çiyinlərində daşımış İsgəndər Cavadov “Neftçi”dən getdi. Artıq mitinq meydanlarına axışan insanlar da futbol meydanlarına gəlməkdə maraqlı deyildilər və son oyunları demək olar ki, boş tribunalar önündə keçirən bakılılar birinci dəstəyə düşməkdən qurtula bilmədilər. Çempionat başa çatar-çatmaz isə Kuznetsov komandanı tərk edib Bakıdakı şəxsi işlərini də yekunlaşdırıb Moskvaya qayıtdı.
 
Çingiz İsmayılovun xatirələrindən...

Uzun illər futbolçu kimi “Neftçi”nin qapısını qorumuş, sonradan isə komandanın rəisi vəzifəsində işləmiş AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov öz xatirələrində həmin dövrü bu cür təsəvvür edib: “1988-ci ildə Bakıda “Dinamo”nu (Moskva) qəbul edirdik. Hakim Bezubyak dedi ki, yuxarıdan göstəriş var: “Dinamo” udmalıdır. Olimpiya oyunlarından sonra “Dinamo”nun vəziyyəti çox pis idi. “Neftçi”yə uduzsaydı, birinci dəstəyə düşürdü. Amma hakimlər buna imkan vermədilər və komandamızı əməlli-başlı “sındırdılar”. Həm də birinci dövrənin bütün oyunlarını komanda səfərdə oynamışdı. Olimpiada ilə əlaqədar çempionatda fasilə yarandı. Bu müddətdə komandanı gücləndirmək istədilər. Bakıdakı dostların vasitəçiliyi ilə Kuznetsovu gətirdilər. Heç mən də bilmirdim ki, Kuznetsovu baş məşqçi qoyacaqlar. Sən demə o, komandanı güclülər dəstəsində saxlamaqla bağlı söz veribmiş. Özü də Kuznetsov ehtiyat oyunçular skamyasında oturmurdu. Fəxri tribunanın yanında otururdu. Oradan isə ehtiyat oyunçular skamyasının yanına telefon xətti çəkilmişdi. Telefonla köməkçisi Rəşid Özbəyova göstərişlərini verirdi. Amma birinci dövrəni səfərdə keçirməyimiz komandanın dağılmasının əsas səbəbi oldu. Həmişə səfərdə zəif oynayan “Neftçi” bu oyunlarda xal toplamaqda çətinlik çəkirdi. Ona görə də komandada ruh düşkünlüyü yarandı. Bu da sonda güclülər dəstəsinin tərk edilməsi ilə nəticələndi”.


ELNUR

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı