Coko Haciyevskidən Bülənt Qorxmaza sərt ittihamlar (EKSKLÜZİV)

Coko Haciyevskidən Bülənt Qorxmaza sərt ittihamlar (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 25 Yanvar 2010 / 17:00 3088
-  A +

“Bakı”nın və milli komandamızın sabiq baş məşqçisi Coko Haciyevski “zolaqlılar”ın “Birlik kuboku”ndakı fiaskosuna münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində makedoniyalı mütəxəssis “Bakı”nın uğursuzluğuna görə çox məyus olduğunu bildirib və komandanı tərk etdikdən ilk dəfə olaraq Bülənt  Qorxmaz haqda sərt açıqlamalar verib : “Bakı”nın “Birlik kuboku”nda uğursuz çıxış etməsindən xəbərim var. Komandanın oradakı oyununu görməsəm də, internet vasitəsiylə nəticələrdən xəbər tutdum. Komandanın hətta qrup mərhələsini belə adlaya bilməməsinə görə çox məyus oldum. Klubun rəhbərliyi ilə bu gün də yaxşı münasibətlərim var. Komanda ilə vidalaşmağıma baxmayaraq, səmimi qəlbdən “Bakı”nın vətənə kubokla dönməsini arzulayırdım. Komandanın bu cür uğursuz çıxış etməsini gözləmirdim”.
Coko Haciyevski Bülənt Qorxmazın bəzi açıqlamalarına da münasibət bildirib: “Bülənt Qorxmaz ilk gəldiyi gündən komandanın fiziki durumundan, seleksiya işindən şikayətləndi. Mən onun cavabını vermədim və vermək də istəmirəm. Amma insan gərək vicdanla danışsın. Başa düşə bilmirəm, əgər biz yayda heyətə səviyyəsiz futbolçular cəlb etmişdiksə, nə üçün Qorxmaz bu gün də Soliç, Bates və Jabanın xdimətindən yararlanır? Bilirəm ki, hər çempionat oyunundan sonra bu komandanı “mən formalaşdırmadım” deyir. Əgər bu qədər narazılığın var idisə, nəyə görə komandanı qəbul etdin? Deyərdin ki, mən indi bu yükün altına girə bilmərəm. Qışda komandanı götürərdin də. Deyir ki, zamana ehtiyacım var. Gəlin açıq danışaq. Qorxmaz bu sözü gəldiyi ilk gündə də deyirdi, 5 ay sonra da təkrarlayır. Görəsən nə vaxtacan bunu təkrarlayacaq? Məgər o hara gəldiyini bilmir? Heç bir baş məşqçiyə komanda formalaşdırmaq üçün iki il vaxt verilmir. Özü də söhbət çempion komandadan gedirsə. Mən də “Bakı”ya gəldiyim ilk günlərdə xeyli çətinliklə qarşılaşdım. Amma heç vaxt nədənsə, şikayətlənmədim. “Bakı”nı götürdüyüm ilk vaxtlarda komanda “Neftçi” kimi köklü klubu 5:1 hesabıyla məğlub etdi. Biz də məşqçiyik və futbolun nə olduğunu yaxşı bilirik. Mən Kiprdə komandanı qəbul edəndə dedim və 3-4 gün vaxt verin, hər şey yaxşı olacaq. Mənim gəlişimdən sonra komanda keçirdiyi 7 oyundan 5-də qalib gəlib, iki dəfə heç-heçə oynayıb. Mən özümü tərifləmirəm. Amma nəticə göz qabağındadır. “Bakı”da işlədiyim müddətdə heç də az iş görmədim. “Bakı”nın artıq özünəməxsus imici var idi. Hər bir futbolçu bizim komandada oynamaq istəyirdi. Amma indiki halda “Bakı” zəif, sıradan bir kluba çevrilməkdədir. Mən bu sözləri “Bakı”nı sevdiyimdən deyirəm. Yayda biz Çempionlar Liqasında “Ekranas”ı mübarizədən kənarlaşdıranda bəziləri buna ağız əydi. Litva çempionudur, dedilər. Amma indi Litva çempionu “Birlik kuboku”nda yarımfinala yüksəlir, “Bakı” isə heç qrupdan çıxa bilmir. Başda Hafiz Məmmədov olmaqla klub rəhbərliyinə böyük hörmətim var. Onlar “Bakı” üçün çox gözəl şərait yaradıblar. Bəzən insana elə gəlir ki, söhbət “Bakı”dan yox, “Real” Madriddən gedir. Amma geridə qalan zaman kəsiyində komandada demək olar ki, heç nə dəyişməyib. Kimsə düşünməsin ki, Qorxmaz mənim yerimə gəlib deyə, belə danışıram. Xeyr, “Bakı”nın uğur qazanmasını mən də çox arzulayıram. Çünki komandanın formalaşmasında, bu səviyyəyə gəlib çatmasında mənim də az rolum olmayıb. Amma Qorxmaz bizim çətinliklə qurduğumuz işləri dağıtmaqla məşğuldur. Zəhmətimizi yerə vurur. Belə olmaz. Əgər böyük ümidlərlə komandaya transfer etdiyi futbolçular qeyri-adi heç nə ilə yadda qalmırlarsa, köhnə futbolçulardan da səviyyələri aşağıdırsa, etimadı doğrultmurlarsa, deməli, bu artıq baş məşqçinin səhvidir. Yeni mövsümdə “Bakı” mənim rəhbərliyim altında yalnız bir oyunda uduzdu. Amma bunu o qədər şişirtdilər ki... Yalandan dedilər ki, Haciyevskinin komandasında nizam-intizam itib. Mənim komandamda ab-havanı korlayan elə həmin şəxslər idi. İndi durub, ad açıqlamaq istəmirəm. Onsuz da kimin nə işlə məşqul olduğunu hamı yaxşı bilir”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı