Futbolumuzun “Qutnik” faciəsi

Futbolumuzun “Qutnik” faciəsi
MÜSAHİBƏ 19 İyul 2016 / 13:00 10837
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!


Klublarımızın avrokubokların bütün tarixi ərzindəki ən böyük məğlubiyyəti nəcə baş verdi?


Azərbaycan futbolunun tarixinə düşən bir sıra oyunlar var ki, onlar həmişə təəssüflə xatırlanır. Yeni nəsil təbii ki, ötən əsrin 90-cı illərini, klublarımızın ilk avrokubok matçlarını xatırlamaz. Orta nəsil isə həmin oyunları tribunalardan da izləyib. Məlum məsələdir ki, ilk illərdə nəticələrimiz heç də ürəkaçan olmayıb. Klublarımızın böyük hesablı məğlubiyyətləri də bizim üçün normal idi. Ancaq bu böyük hesablı məğlubiyyətlərin içində elələri olub ki, həmin məğlubiyyətləri futbolumuz üçün “qara tarix” də saymaq olar. Bu mənada ən biabırçı nəticə artıq tarixin yaddaşına qovuşmuş, Buzovnanın “Xəzri” komandasının passivindədir. Bir vaxtlar Bakının kiçik bir qəsəbəsini təmsil edən bu klub ötən əsrin 90-cı illərində Azərbaycan futbolunun liderlərindən birinə çevrilməyi bacarmışdı. 1995-ci ildə futbol elitamıza “Xəzri Eltac" adı ilə qədəm qoyan komanda ən yaxşı dövrünü məhz “Xəzri" adı altında keçirib. 1996/97-ci il mövsümündə çempionatın bürünc medallarını qazanan Buzovna təmsilçisi ölkəmizi UEFA kubokunda təmsil edib. Heyət kifayət qədər güclü idi: Faiz Əzizov, Azər İsayev, İmanxan Sultani, Aleksandr Musatkin, Paşa Əliyev, Vəli Hüseynov, Əfqan Talıbov... Lakin Nadir Qasımovun rəhbərlik etdiyi komanda ilk mərhələdə Polşanın “Qutnik" klubu ilə üz-üzə gəlib və səfərdəki ilk matçda rüsvayçı hesabla məğlub olub - 0:9. Həmin məğlubiyyət klublarımızın avrokuboklar tarixindəki ən böyük hesablı məğlubiyyətidir. Bakıdakı 2:2-lik heç-heçə isə zəif təsəllidən başqa bir şey deyildi.  Düzdür, Buzovna klubu həmin heç-heçə ilə klub reytinqimizə xal yaza bildi. Lakin istənilən halda 0:9-luq nəticə futbol tariximizə qara hərflərlə yazıldı. Özü də maraqlıdır ki, oyunun 43-cü dəqiqəsində kimi oyunda hesab 0:1 olub. Lakin nə baş verdisə 43-cü dəqiqədən sonra oldu.

Bəs nə oldu ki, 43 dəqiqə rəqibə qarşı başabaş mübarizə aparan komanda sonradan 8 top buraxdı? Bu və digər suallara cavab tapmaq, tarixi məğlubiyyəti 20 il sonra xatırlamaq üçün komandanın o vaxtkı baş məşqçisi Nadir Qasımov və kapitan sarğısını daşımış Əfqan Talıbovla söhbətləşmək qərarına gəldik.

“O vaxt Avropa bizə qapalı qutu idi”

N.Qasımovdan öncə püşklə bağlı soruşduq. Maraqlıdır, tarixində ilk dəfə Avropaya çıxan kiçik bir qəsəbə komandasının baş məşqçisi Polşa klubu ilə düşdüklərini eşidəndə reksiyası necə olub? Nadir Qasımov deyir: “O vaxt çox yaxşı komandamız vardı. Azərbaycanın iddialı klublarından biri idik.  Həmin il də ikinci yeri tutmuşduq. Amma Avropa təbii ki,  bizim üçün qapalı qutu idi. Bilirdik ki, heç kim bizi tanımır.  Ona görə də rəqibin kimliyinin bizim üçün heç bir əhəmiyyəti yox idi”.

“İkitərəfli oyun oynayıb Polşaya getmişdik”

N.Qasımov Polşa səfəri öncəsi keçdikləri hazırlıq planı haqda da danışdı: “Şəraitimizdən şikayətlənə bilmərəm. Klubumuzun o vaxtkı prezidenti, rəhmətlik Malik Atakişiyev bizə lazımı şərait yaratmışdı. Klubun Buzovnada bazası var idi. Şəraitinə görə ancaq “Neftçi” bizdən üstün ola bilərdi. Məşqlərimizi də “Gənclik” bazasında keçirdik. O ki qaldı hazırlığa, açığı rəqibi tanımırdıq. O vaxt indiki kimi imkan da yox idi ki, internetdən məlumat toplayaq. Təlim-məşq toplanışı keçsək də, ciddi yoxlma görüşü keçirdə bilməmişdik. Yalnız öz aramızda ikitərəfli oyun keçirib Polşaya getmişdik”.

“Qutnik”in prezidenti 25 min işçisi olan zavodun rəhbəri idi”

Nadir müəllim səfərə də çox böyük çətinliklə gediklərini bildirdi. Təbii ki, o vaxt çarter bizim klublarımız üçün yuxu kimi görünürdü: “Səfərə adi reyslə getmişdik. Özü də əvvəl başqa ölkəyə yollanıb ordan Polşaya getmişdik. Təbii ki, rəqibin bazası, şəraiti bizim üçün heyrətamiz idi. “Qutnik”in əla bazası, stadionu vardı. Klubun büdcəsi də bizdən qat-qat çox idi. Təsəvvür edin, klub prezidenti 25 min işçisi olan zavodun rəhbəri idi. Ona görə də heyətlərində güclü futbolçular da vardı”.

“Şipovka” bizi yıxdı”

O vaxt komandanın heyətində oynamış futbolçular sonradan mətbuata açıqlamalrında məğlubiyyətə əsas səbəb kimi, butsları göstərmişdi. Belə ki, oyunun gedişində güclü yağış başlayıb. Rəqibdən fərqli olaraq, bizim fubolçularda “şipovka”lı (altı dəmir boltlu, yağışda sürüşməyən buts) butsuları olmadığından sürüşməyə başlayılar. Qasımov o anları belə xatırladı: “O vax Polşa ilə bağlı öyrəndiyimiz yeganə şey hava proqnozu oldu.  Öyrəndim ki, oyun günü Polşada yağış yağacağı proqnozlaşdırılır. Klubumuzun prezidenti Malik müəllimə dedim ki, uşaqlara  “şipovka” butsular almaq lazımdır ki, oyun vaxtı sürüşməyək. Malik müəllim rəhmətlik də qayıtdı ki, əşi, nə danışırsan, nə buts, görmürsən havalar necə isti keçir. Oyun başlanana kimi hava doğurdan da sakit idi. Oyun başladı, pis də oynamırdıq. Hətta hesab 0:0 olarkən 23-cü dəqiqədə Əfqan Taılıbovun hesabı açmaq üçün gözəl imkanı oldu. Amma istifadə edə bilmədi.



"Qutnik" Krakovun stadionu



Təxminən 27-28-ci dəqiqədə bir yağış başladı ki... Mənim 66 yaşım var, amma bu günə qədər hələ elə yağış görməmişəm. Leysan idi. Elə nə oldusa, həmin yağışdan sonra oldu. Çünki bizim futbolçuların butslarının altı rezin olduğundan sürüşməyə başladı. Rəqib də bundan istifadə edib hesabı açdı. Fasilədə isə rəqib futbolçular butslaırıı dəyişib “şipovka” geyindilər. Təsəvvür edin, “şiplərinin” 20 mm (2 sm) hündürlüyü var idi. İkinci hissədə isə əsl kabus başladı. Bizimkilər elə bil konki sürürdü. Biri ora sürüşürdü, biri bura. Rəqib də bundan istifadə edib ard-arda qolları vurmağa başladı. Bundan başqa, qapıçımız Faiq Əzizov da həmin oyunu çox bərbad keçirdi. Demək olar ki, komandaya heç bir kömək edə bilmədi. Əksinə kobud səhvlərlə yadda qaldı. Yekunda 0:9-luq məğlubiyyət qeydə alındı”.

“Uşaqlar utandığından bir-birinin üzünə baxa bilmirdi”

Maraqlıdır, o cür hesabla məğlub olan komanda vətənə dönəndə hansı hisləri keçirirdi? Məsələn, komandanın aparıcı futbolçularından biri bir neçə il bundan qabaq mətbuata geniş müsaibəsində bildirmişdi ki, Polşadan qayıtdıqdan sonra cavab oyununa kimi utandıqlarından Buzovnada küçəyə çıxmayıblar. Qasımov bu haqda da danışdı: “Çox acınacaqlı vəziyyət idi. Çünki komanda o cür hesabla uduzmuşdu. Burda kimi başa salasan ki, yağış belə idi, “şipovka” yox idi? Küçəyə çıxmaq bir yana, uşaqlar utandıqlarından heç bir-birlərinin üzünə də baxa bilmirdi. Bununla belə, əlimdən gələni etdim ki, komandanı cavab oyununa kökləyim. Hətta onları gəmi ilə dəniz səyahətinə də çıxardım. Oyun öncəsi də dedim ki, evdə başqa cür oynamalıyıq. Bakıda da Polşadakı kimi oynasaq, hamı deyəcək ki, elə gücləri budu, yağış filan bəhanədir. Uşaqlar da sağ olsun, həqiqətən də Bakıda tamam başqa futbol oynadıq. Hətta qalib də gələ bilərdik. Oyunun sonuna 5 dəqiqə qalmışa kimi hesabda 2:1 öndə idik. Təəssüf ki, son dəqiqələdə qol buraxıb qələbəni əldən verdik. Bununla belə, layiqli mübarizə aparmaqla 0:9-a layiq olmadığımızı sübut etdik və Azərbaycanın reytinqinə xal yazdıq”

Nadir Qasımovdan sonra o vaxt “Xəzri”nin kapitanı olmuş və Bakıda 2:2 başa çatan oyunda komandamızın ilk qolunun müəllifi olmuş Əfqan Talıbovun da fikirlərinə yer verdik. Talıbov da bir sıra maraqlı açıqlamaları ilə yadda qaldı.

O deyir: “Öncə ondan başlayım ki, o vaxt Buzovna kimi kiçik bir qəsəbənin komandasının Avropaya çıxması böyük hadisə idi. Yadıma gəlir, komanda çempionatda üçüncü yeri tutub UEFA kubokuna vəsiqə qazananda Buzovnada əsl bayram idi. Palatka qurulmuşdu, qoyunlar kəsilmişdi, yemək, içmək, bir sözlə əsl bayram ab-havası. Yadımdadır,  klubumuzun  prezidenti rəhmətlik Malik Atakişiyev İsveçrədə keçirilən püşkatmaya “Neftçi”nin o vaxtkı prezidenti, rəhmətlik Rasim Rəfiyevlə birgə getmişdi. O vaxt püşkama zamanı qutudan “Xəzri”nin adı yazılmış şar çıxanda Atakişiyevin gözü dolmuşdu. Özü də deyirdi ki, o an qürur duydum ki, kiçik bir qəsəbə olan Buzovnanın adı İsveçrədə səsləndi. Hazırlığa gəlincə, ümumilikdə Polşa futbolu, Polşanın güclü klubları haqda məlumatımız var idi. Amma “Qutnik” Polşanın tanınan klublarından deyildi. Onlar da bizim kimi, yaxşı mənada sürpriz edərək daxili çempionatda yüksək yer tutub UEFA kubokuna vəsiqə qazanmışdılar. Polşadakı oyunun ilk 15-20 dəqiqəsi kəşfiyyat xarakterli oldu. Rəqib də sanki bizi öyrənməyə çalışırdı. İlk hissənin ortalarında mənim qol vurmaq üçün imkan qazanmağım da bunun nəticəsi idi. Divar paslaşmasının ardından cərimə meydançasının sağ cinahındakı hissədən uzaq küncə zərbə endirdm. Lakin qapıçı uzaq doqquzluğa gedən topu çətinliklə çıxara bildi. Əgər həmin zərbə qol olsaydı, bəlkə də ümumi hesab tamam başqa cür olardı. Məhz bu epizoddan sonra polyaklar təzyiqi artırmağa başladılar. Çünki gördülər ki, bizdən təhlükə gələ bilər və qapıya yaxın buraxmaq olmaz. Hardasa 25-ci dəqiqədən etibarən güclü yağışın yağması da bir tərəfdən bizim işimizi çətinləşdirdi. Çünki rəqibdən fərqli olaraq, bizim “şipovka” butslarımız yox idi. Biz o vaxt futbolu altı rezin butslarla oynayırdıq. Yadınızdadırsa, Berti Foqts da ilk dəfə Azərbaycana gələndə soruşmuşdu ki, sizin “şipovka” butslarınız yoxdur? İlk qolu da hardasa 28-ci dəqiqədə buraxdıq. Mən buna kuryoz qol da deyərdim. Çünki İmanxan Sultani topu çıxartmaq istəyərkən yalnış ayaq qoydu və nəticədə top öz qapımıza daxil oldu. Qapıçı Faiq Əzizov da heç nə edə bilmədi.  Fasiləyə yaxın isə daha bir qol buraxdıq. O vaxt maraqlı bir hadisə də olmuşdu. Klubumuzun prezidenti Malik müəllim fasilədə soyunub-geyinmə otağına düşdü və dedi ki, siz  niyə arxaya oturmusunuz, bu “Qutnik” nə komandadır ki, ondan çəkinirsiniz. Nadir müəllimə də dedi ki, qoy, ikinci hissədə qabağa getsinlər. Halbuki rəhmətlik bilmirdi ki, “Qutnik” ilk hissənin yarısını bilərəkdən hücum etməyərək kəşfiyyat xarakterli oyun qurub və bizi öyrənir. İkinci hissədə biz qabağa çıxmağa başladıq ki, bunun da nəticəsində təzyiqi daha da artıran rəqib üçüncü qolu da vurdu. Bundan sonra bizim oyun sistemimiz tamam dağıldı. Ön xətdə sırf hücumçu kimi Azər İsayev oynayırdı. Onun arxasında isə mən oynayırdım. Mənim boyum 170, Azərin də boyu 165. Hərəmizin yanında bir müdafiəçi dayanmışdı, təsəvvür edin, boyları 2 metrə yaxın. Onlarla hava mübarizəsini udmaq olardı? Ən hündür oyunçumuz Elman Sultanov idi, o da hava mübarizələrində heç nə edə bilmirdi. Bütün bunların nəticəsi olaraq ard-arda qollar buraxdıq və 0:9 hesabı ilə uduzduq”.

Əfqan Talıbov deyir ki, həmin oyundan sonra Bakıya qayıtmaq həqiqətən çətin idi: “Biz Bakıda qalırdıq, amma Buzovnada qalan uşaqlar da var idi. İmanxan Sultani, Aleksandr Musatkin, Paşa Əliyev, Azər İsayev, İlham Qurbanov. Onlar üçün Buzovnada küçəyə çıxmaq həqiqətən ağır idi. Çünki komanda Polşaya gedəndə bütün qəsəbə bizi hansı əhval-ruhiyyə, xeyir-dua ilə yola salmışdı.  0:9-dan sonra onların üzünə necə baxasan? Bununla belə, sağ olsun, Nadir müəllim komandanı toparlaya bildi. Bizə dedi ki, Polşadakı oyunu unudun və elə bilin ki, yalnız bir oyun var, o da cavab oyunudur. Uşaqlar da özlərini toparlayıb söz verdilər ki, cavab oyununda layiqli çıxış edəcəyik. Həqiqətən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqiblə başabaş futbol oynadıq. Uda da bilərdik. Sona yaxın 2:1 öndə idik. Lakin son dəqiqələrdə rəqibin heyətindəki qaradərili futbolçu bərabərlik qolunu vurmağı bacardı. Yeri gəlmişkən, oyundan sonra rəqib qalan otelə getmişdim. Həmin futbolçu ilə daha yaxından tanış olduq, oturub çay içdik. O da mənə demişdi ki, məğlub olsanız da, sizin yaxşı komandanız var. Ən əsası nəticə yox, dost qazanmaqdır”.

ELNUR

P.S. Təəssülər olsun ki, uzun cəhdlərimizə baxmayaraq, nəinki Azərbaycan futbolunun tarixinə qara hərflərlə düşən həmin oyun, ümumiyyətlə, "Xəzri" komandasının kollektiv şəklini tapmaq mümkün olmadı. Komandanın o vaxtkı üzvləri də bu məsələdə hansısa köməyi göstəri bilmədilər.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı