Adamiya: Rumıniyaya çoxdan getməli idim

XƏBƏR 18 Noyabr 2008 / 18:35 4949
-  A +

İndi heç bir klub futbolçunu birbaşa müqavilə bağlamağa dəvət etməz”

Bakı. Mehman Süleymanov - APA-Sport. “Hazırda Tiflisdəyəm. Rumıniyaya viza almaq istəyirəm. Rumıniya səfirliyinə etdiyim müraciətə hələlik müsbət cavab verilməyib”. Bu fikirləri ““Neftçi” klubunun futbolçusu Georgi Adamiya deyib.
27 yaşlı hücumçunun sözlərinə görə, əvvəllər də rumın klublarından dəvət alsa da, bundan imtina edib: “Rumınlara qarşı çox oynamışam. Ötən il həm qışda, həm də yayda bu ölkədə oynamaq variantım vardı. Baxışa yollanacağım “Otselul” və başqa klublar da mənimlə maraqlanırdı. Keçən yay hazırlıq prosesində “Vaslui”yə 2:3 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə hər iki qolu mən vurmuşdum. Həmin vaxt gələn təkliflərə baxmayaraq, “Neftçi”də qalmağa üstünlük verdim. Gərək o vaxt gedərdim”.

Adamiya vurğulayıb ki, Rumıniyada oynamağa hazırdır: “Psixoloji planda problemim yoxdur. Bu cəhətdən Rumıniyaya yüz faiz hazırlıqlı yollanacağam. Niyə ruh düşkünlüyü olmalıdır ki? Bu, futboldur, hər şey ola bilər. Fiziki hazırlığa gəlincə, bu, qış fasiləsində tam yoluna qoyulacaq. Baxışa yollanmaqda problem görmürəm. Onsuz da indi elə vaxtdır ki, heç bir klub futbolçunu birbaşa müqavilə bağlamağa dəvət etməz. Buna görə də baxışa yollanmaq daha məqsədəuyğun olardı. Transfer məsələsi gündəmə gələndə artıq danışıqlar aparılacaq”.

Qeyd edək ki, Adamiyanın “Neftçi” ilə cari mövsümün sonuna qədər müqaviləsi var.

Mənbə: APA-Sport


Son xəbərlər