“Oyunlara bizimlə birgə KQB nümayəndələri də gedirdi”

“Oyunlara bizimlə birgə KQB nümayəndələri də gedirdi”
MÜSAHİBƏ 10 İyul 2016 / 12:43 8061
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Arif Əsədov Azərbaycanın, hətta keçmiş SSRİ-nin futbol tarixinə düşən nadir azərbaycanlılardandır. 1987-ci ildə SSRİ-nin yeniyetmə yığması ilə dünya, 1988-ci ildə isə gənclər yığması ilə Avropa çempionu olan Əsədovla o dövrə “səyahət edib” həmin tarixi günləri xatırlamağa qərar verdik.

- Arif müəllim, həmin vaxtlar “Neftçi”nin əsas komandasının üzvü idiniz, yoxsa əvəzedici?

- O vaxt məni əvəzedici komandaya təzə götürmüşdülər. Amma hadisələri qabaqlayaraq deyim ki, dünya çempionu olub geri qayıtdıqdan dərhal sonra əsas komandaya cəlb elədilər.

- Maraqlıdır, necə oldu ki, SSRİ yığmasına düşdünüz?

- 1986-cı ildə 1970-71-ci il təvəllüdlü futbolçular arasında SSRİ spartakiadası keçirilirdi. Mən də o vaxt Azərbaycan komandasının kapitanı idim. Baş məşqçimiz də Böyükağa Ağayev idi. O vaxt öncə zona yarışları keçirilirdi, sonradan ən güclü 6 komanda final mərhələdə mübarizə aparırdı. “6-lıq” Rusiyanın Nalçik şəhərində keçirilmişdi. Həmin oyunlara SSRİ millisinin məşqçiləri də baxırdı, güclü futbolçuları seçirdilər. Elə oldu ki, bizim komandadan da 3 nəfəri- Vladislav Qədirovu, Ruslan Lukini və məni də seçdilər. Ümumilikdə 36 uşaq seçdilər və onları SSRİ-nin gənclər millisinə cəlb etdilər.  1 həftə Rusiyada qalıb məşqlərdə iştirak elədik.

- Sovet dövründə bizdən SSRİ millisinə düşən tək-tük futbolçular olub. Amma onların hamısı qeyri-azərbaycanlılar idi. Arif Əsədov azərbaycanlı olaraq SSRİ millisində möhkəmlənmək üçün hansı əziyyətlərdən keçdi?

- Açığını deyim ki, azərbaycanlı olduğum üçün ilk vaxtlar sıxıntı çəkirdim. Amma sonrdan başa düşdüm ki, hər şey öz əlimdədir. Təbii ki, azərbaycanlı olduğum üçün ikiqat güclə çalışmalıydım. Əziyyətim çox oldu. Çünki 36 nəfərin arasına düşməklə iş bitmirdi. Sonradan həmin 36 nəfər arasında da seçim edib 15-16 nəfəri saxladılar.  Orda da möhkəmlənmək üçün ikiqat səylə çalışdım. Hər kəsin zəif cəhətləri olur. Mən də zəif cəhətlərim üzərində əlavə işləyib çatışmazlıqları aradan qaldırdım. Bunun nəticəsində SSRİ millisinin əsas üzvlərindən birinə çevirildim.





- İndi də gələk çempion olduğunuz AÇ və DÇ oyunlarına. Öncə hansı start götürmüşdü?

- Dünya. Qeyd edim ki, Azərbaycandan dünya çempionu adını qazanan təkcə mən deyildim. Vladislav Qədirov və Vladislav Lemiş də SSRİ yığmasıyla birgə çempion oldular. Dünya çempionatından əvvəl isə 1987-ci ildə Fransada Avropa çempionatl keçirilirdi. Öncə Polşa ilə seçmə oyun keçirdik.  Evdə 3:0 udduq, səfərdə 0:0 oynadıq və Fransaya vəsiqə qazandıq. Qrupumuzda Yuqoslaviya, Avstriya və Norveç komandaları yer almışdı. Yuqoslaviyanı 4:1, Avstriyanı 1:0, Norveçi isə 4:0 hesabı ilə məğlub edib 1-ci yerlə 1/4 finala vəsiqə qazandıq. Burada ev sahibləri Fransa ilə üz-üzə gəldik. Əsas və əlavə vaxtda hesab açılmayınca qalibi penalti seriyası müəyyən etdi. Bu seriyadan isə biz qalib ayrıldıq. Yarımfinalı da problemsiz keçib finala çıxdıq. Burada isə İtaliya ilə üz-üzə gəldik. Bərabər səviyyəli oyun getsə də, son dəqiqələrdə ani səhvdən buraxdığımız yeganə qol həlledici oldu və 0:1 məğlub olaraq gümüş medallara sahib çıxdıq.

- Əvəzində sonradan dünya çempionu olmağı bacardınız...

- Bəli. Avropa çempionatından 3-4 ay sonra Kanadaya dünya çempionatına yollandıq. Bu turnirə də çox ciddi niyyətlə yollanmışdıq. Orada da qrupu lider kimi tamamladıq. Nigeriya ilə 1:1 oynasaq da, Meksikanı 7:0, Boliviyanı isə 4:2 hesabı ilə məğlub etdik. Yeri gəlmişkən, Boliviyanın qapısına vurulan qollardan birinin müəllifi mən oldum. 1/4 finalda Avropa çempionatında olduğu kimi, yenə də Fransa ilə üz-üzə gəldik. Bu dəfə onları oyundan məğlub etməyi bacardıq – 3:2.  Həmin oyunda zədələndiyim üçün yarımfinalda oynamağım sual altına düşdü. Lakin sonradan həkimlərin səyi ilə vəziyyət düzəldi və yarımfinalda Kot d’ İvarla oyunda meydançaya çıxa bildim. Həmin oyunda da rəqibi 5:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazandıq. Finalda isə qrup mərhələsindəki rəqibimiz olan Nigeriya ilə üz-üzə gəldik. Yenə əsas və əlavə vaxtda 1:1-lik heç-heçə qeydə alındı. Penaltilər seriyasında isə 4:2 hesabı ilə qalib gələrək dünya çempionu adını qazandıq.

- Belə başa düşdüm ki, həmin oyunlarda əsas heyət üzvü kimi meydançaya çıxırdınız...

- Mən, ümumiyyətlə, SSRİ millisinə düşdüyüm ilk gündən əsas heyət heyət futbolçusu olmuşam. Sadəcə, ilk günlər ukraynalı Sergey Bejenarla növbəli formada oynayırdıq. O da mərkəz müdafiəçisi idi. “Dnepr”in futbolçusu isi. Baş məşqçimiz Boris İqnatyev bir oyunda onu, digərində məni oynayırdı. Sonradan elə oldu ki, məni sağ cinah müdafiəçisi kimi sınamaq qərarına gəldilər və orda da özümü doğrultduğum üçün daimi olaraq həmin mövqeydə oynamağa başladım.

- Maraqlıdır, Moskvanın bu qələbəyə reaksiyası necə oldu?

- Yadımdadır ki, həmin final oyunundan dərhal sonra elə yerindəcə hamımıza SSRİ-nin idman ustası adını verdilər. Təsəvvür edin, 18 yaşımda SSRİ-nin idman ustası idim. Hansı ki, İsgəndər Cavadov bu adı 33 yaşında almışdı. Geri qayıdandan sonra isə SSRİ-nin idman naziri Moskvada bizi qəbul etdi.

- Bəs Bakıda necə, sizi qəbul edənlər oldu?

- Bəli, Bakıya qayıdandan sonra bizim idman nazirimiz, eləcə də Komsomolun katibi də məni qəbul elədi. O vaxtı “Neftçi” SSRİ çempionatında “Kuzbas”la qarşılaşırdı. Həmin oyunun fasiləsində 40 min azarkeşin önündə də məni xüsusi təqdim etdilər və mən də alqış sədaları altında stadionda dövrə vurdum.

- O vaxt üzvü olduğunuz “Neftçi”də bu hadisəni necə qarşıladılar? Xüsusilə də təcrübəli futbolçular tərəfindən qısqanclıq görmədiniz ki?

- Yox, elə bir halla üzləşmədim. Əksinə bütün təcrübəli futbolçular təbrik etdi, dəstək oldu. Bilirsiniz necədir, hər şey insanın özündən asılıdır. Əgər görsəydilər ki, sən çempion olandan sonra heç kimi saymırsan, göylə gedirsən, təbii, dərhal təcrübəlilər səni yerinə otuzdurardı. Lakin mən ailədə elə tərbiyə almamışdım. Böyük-kiçik yerini hər zaman gözləmişəm. Heç o vaxtı təcrübəli futbolçular soyunub-geyinmə otağını tərk etməmiş ora girməzdik.

- Hava limanında sizi qarşılayan olmuşdu?

- Bəli, gəlmişdilər. Komanda öncə Moskvaya düşdü. Daha sonra mən, Vladislav Qədirov və Lemiş Bakıya gəldik. Təsəvvür edin, o boyda yol qət etmidik, üçümüz də yorulmuşduq. Buna görə də təyyarədə necə yatmışdıqsa, bir də onda ayıldıq ki, stüardessa gəlib bizi oyadır ki, durun, hava limanında sizi qarşılamağa xeyli insan gəlib.  Həqiqətən də təyyarədən çıxanda gördük ki, hardasa 2-3 avtobus insan bizi qarşılamağa gəlib.


Arif Əsədov və dünya çempionu olmuş digər Azərbaycan futbolçuları -Vladislav Qədirov və Vladislav Lemiş Bakıda

- Yəqin ki, o dövrün mətbuatı da sizdən yazmışdı...

- Elədir. Hətta qəzetlərin manşetlərində mənim haqqımda “Sumqayitski çempion” yazmışdılar (gülür).

- Bəs, dünya çempionunu doğma Sumqayıtda necə qarşıladılar?

- O vaxt Portuqaliya ilə final oyunu televiziya ilə də yayımlanmışdı. Ona görə də evdə, məhlədə hamı oyuna baxmışdı. Bakıda hava limanından düşən kimi, birbaşa Sumqayıta getdik.  Rəhmətlik atam dalımca maşın göndərmişdi. Gəlib, məhəlləyə girəndə gördüm nə qədər millət məni gözləyir. Zarafat deyildi, məhləyə dünya çempionu gəlirdi (gülür).

- Maraqlıdır, o vaxt bu uğurlara görə, sizə mükafat vermişdilər?

- Bəli, mükafat olmuşdu. Hərəmizə 6000 rubl vermişdilər. O vaxt üçün çox böyük məbləğ idi. Bundan başqa, Kanadada dünya çempionu olanda əlavə olaraq 1500 dollar da pul vermişdilər.

- Neylədiniz o qədər pulu?

- Bir hissəsini Kanadada xərclədik.  Məsələn evə o vaxt dəbdə olan JVC televiziyası almışdım. Başqa elektron texnika avadanlıqları almışdım. Amma məbləğ çox idi xərcləməklə qurtarmırdı.  Sonra Sumqayıta qayıtdıqdan sonra həmin pulla qardaşıma toy elədik.  Onu da deyim ki, o vaxt dollar SSRİ-də hər adamda yox idi. Həmin pulu da dollar şəklində ölkəyə buraxmadılar. Moskvada bəyannamə yazdıq və sonra da bizə dedilər ki, pulu banka qoyub çek almalıyıq. Sonra Azərbaycana gəldikdən sonra həmin çeki yenidən banka təqdim edib, məbləği rublla aldıq.

- Dünya çempionluğunun ardından Avropa çempionatının da qızıl medallarına sahib çıxdınız. Gəlin, həmin tarixi anları da xatırlayaq...

- Həmin turnirdən sonra, 1988-ci ildə çempion olan heyətdən 5 nəfəri seçib SSRİ-nin U-19 millisinə dəvət etdilər. Baxmayaraq ki, bizim hələ 18 yaşımız var idi. bu futbolçular Mircəlal Qasımov, Yuri Nikifirov, Oleq Matveyev, Sergey Bejenar və mən idim. Həmin vaxt U-19 millisi ilə Avropa çempionatına hazırlaşırdıq. Turnir Çexoslovakiyada keçirilirdi. Qrupda ADR , AFR və Norveç kimi komandaları problemsiz məğlub edib növbəti mərhələyə lider kimi çıxdıq. Finala kimi uğurla irəlilədik. Finalda Portuqaliya millisi ilə üz-üzə gəldik. Əsas vaxtda hesab 1:1 olduğundan əlavə vaxt oynamalı olduq. Əlavə vaxtda isə daha iki top vuraraq 3:1 hesabı ilə qalib gəldik və Avropa çempionu adını qazandıq.

- U-19-dan sonra SSRİ-nin olimpiya yığmasına dəvət aldınız?

-  Bəli, olimpiya yığmasına da dəvət almışdım.  Hətta 1992-ci ild İspaniyada keçirilən Olimpiadada MDB yığması tərkibində yollanmışdıq. Sonradan isə SSRİ tam süquta uğradığından həmin komanda da dağıldı.

- SSRİ millisinin heyətində sizin üçün ən yaddaqalan hadisə nə oldu?

- Çempionluqlar şübhəsiz ki, yaddaqalan hadisələr idi. Amma bir hadisə də heç vaxt yadımdan çıxmayacaq. U-19 millisi ilə Avropa çempionu olduqdan sonra dünya çempionatına yollanmışdıq. Heyətdə Viktor Onopko, Omari Tetradze kimi futbolçular var idi. Çempionluğa əsas favorit idik. Özü də bizə deyilmişdi ki, çempion olsanız, sizə ömürlük təqaüd veriləcək. Qrupdan problemsiz çıxdıq və  1/4 finalda Nigeriya ilə üz-üzə gəlirdik. Oyunun başa çatmasına 14 dəqiqə qalmış hesabda 4:0 irəlidə idik. Artıq hamı yarımfinalı düşünürdü. Amma son 14 dəqiqədə nə baş verdi bilmədik, Nigeriya 4 top vuraraq hesabı bərabərləşdirdi. Penaltilərdə isə bizi üstələyərək yarımfinala yüksəldilər. O vaxt həmin oyun SSRİ-də faciə kimi qəbul olundu. Baş məşqçi İqnatyevi elə oyundan dərhal sonra vəzifəsindən qovdular. Hətta həmin oyunun 76-cı dəqiqəyə və 76-cı dəqiqədən sonrakı hissələrini ayrıca kaset şəklində hazırlayıb o dövrün gənc futbolçularına göstərirdilər ki, 76-cı dəqiqəyə kimi, necə futbol oynayıb 4:0 udmaq olar, və son 14 dəqiqədəki kimi necə pis oynayıb uduzmaq olar.

           
            Omari Tetradze və Arif Əsədov

- Haqqında danışdığınız oyunlarda hansı məşhur futbolçulara qarşı oynamısınız?

- O vaxt yadıma gəlir ki, Kanadadakı dünya çempionatında Türkiyə millisi də oynayırdı və o komandanın heyətində Tuqay Kərimoğlu çıxış edirdi. Ondan başqa, İtaliyanın heyətində Pesotti, Byanki kimi futbolçular var idi. Hansı ki, sonradan İtaliyanın əsas millisinin də aparıcı futbolçuları oldular. Portuqaliya millisinə finalda qalib gəldiyimiz oyunda isə rəqibin heyətində bizə qarşı Joao Pintu, Fernando Koutu kimi futbolçular oynayırdı. Bu arada bir maraqlı hadisə də danışım. Kanadada olanda Türkiyə millisi eşitdi ki, SSRİ-nin heyətində bir nəfər azərbaycanlı var, bütün Türkiyə millisi mənim başıma yığışmışdı.

- Ola bilməzdi ki, dünya və Avropa çempionu olmuş, SSRİ kimi millinin əsas heyətində oynayan 18-19 yaşlı futbolçu ilə Avropanın aparıcı klubları maraqlanmasın...

- Mən bilirəm ki, maraqlananlar var idi. Çünki o vaxt bizim oyunlara Avropanın aparıcı klublarının seleksioner məşqçiləri gəlib baxırdı. Sadəcə, bu haqda bizə heç nə demirdilər. Millinin üzvlərinə xüsusi nəzarət var idi. Təsəvvür edin, oyunlara bizimlə birgə KQB-nin nümayəndələri də yollanırdı. SSRİ dağılandan sonra belə bir imkanım var idi. “Neftçi”də bir mövsüm oynayıb “Alaniya”ya yollandım. Həmin vaxt Səudiyyə Ərəbistanından çox yaxşı təklif almışdım. Lakin o vaxt vəziyyət belə idi ki, AFFA bizi heç bir kluba birbaşa transfer olunmağa imkan vermirdi. Yalnız icarə əsasında gedib oynayıb geri qayıdırdıq. “Alaniya”ya da icarə əsasında getmişdim. Ona görə də transferim üçün AFFA icazə verməli idi. Lakin təəssüf ki, məni buraxmadılar. Hətta ağladım ki, buraxın gedim oynayım, yenə xeyri olmadı.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər