Suat Usta: «Tvente" Vaqifi xammal kimi alıb, gələcəkdə brilliant kimi baha qiymətə satacaq»

Suat Usta: «Tvente" Vaqifi xammal kimi alıb, gələcəkdə brilliant kimi baha qiymətə satacaq»
MÜSAHİBƏ 15 Yanvar 2010 / 16:47 3442
-  A +

Bakının «Neftçi» klubunun türkiyəli müdafiəçisi Suat Ustayla budəfəki söhbətimizdə istədiyimiz sualların hamısına cavab ala bilmədik. Daha doğrusu, Suat komanda rəhbərliyinin icazəsi olmadığı üçün «Neftçi»ylə bağlı suallara cavab vermədi. Bununla belə, onun son vaxtlar Azərbaycan futbolunda baş verən önəmli olaya münasibətini öyrənə bildik.

-Suat, son zamanlar Azərbaycan idman mətbuatının gündəmindəki əsas mövzu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transferidir. Sən “Neftçi”nin heyətində bu futbolçuya qarşı bir neçə dəfə çıxış etmisən. Vaqiflə bağlı fikirlərin necədir?
-Hər futbolçunun mənfi və müsbət cəhətləri var. Vaqif futbolçu kimi bəzi çatışmazlıqları “Tvente”də bir müddət çıxış edəndən sonra düzəldəcək. Cavadovun Hollandiyaya yollanması həm onun özü, həm də Azərbaycan futbolu üçün böyük bir hadisədir. Vaqif oraya yollanmaqla Hollandiya futbolunu, sistemini dərindən öyrənəcək. İnşallah, onun transferi hamımız üçün faydalı olacaq. Bununla belə, Vaqif durmadan öz üzərində çalışmalıdır. Çünki Avropa futbolu tam başqadır. Vaqif üçün ilk öncələr çox çətin olacaq. “Tvente”nin baş məşqçisi Stiv Maklaren də deyib ki, Vaqifin bu mövsüm meydanda olduğu hər dəqiqə bizim üçün xeyirdir. Onsuz da hollandlar «Vaqifi alıb birbaşa ulduz edəcəyik» deməyiblər. Vaqifdəki perspektivi görüb, onunla bağlı planlarını gələcək üçün qurublar. Əslində bu, Vaqif üçün yaxşı bir haldır. Çünki ilk aylarda Vaqifin üzərində təzyiq olmayacaq. Baş məşqçi ona zaman verəcək ki, bu da Vaqifin özünü göstərməsi baxımından yaxşı bir haldır.
- Sən Hollandiya futboluna bələdsən. Hollandiyada çıxış etmisən. Səncə, Vaqif “Tvente”də əsas heyətdə yerini möhkəmlədə biləcək?
- Bilirsiniz, Hollandiyada hazır futbolçunu heç vaxt almırlar. Çünki onların uşaq futbolu həddindən artıq güclüdür. Onlar Vaqifin oyununu izləyiblər, indi fikirləşirlər ki, bu adam gələcəkdə bizə nə verə bilər. Belə deyim, onlar Vaqifi xammal kimi alıblar. Onun əyri-əskiklərini düzəldərək bir müddət sonra brillant kimi baha qiymətə satacaqlar.
- Yəni deyirsən ki, Vaqif rahatlıqla “Tvente”də oynaya bilər?
- Oynaya bilər. Niyə də oynamasın? Sadəcə ona zaman lazımdır. Yavaş-yavaş hər şey öz yoluna düşəcək.
- Vaqiflə bərabər hansı futbolçumuzu xaricdə oynamağa layiq görürsən?
- Komanda yoldaşım Ruslan Abışovu. Ümumiyyətlə, futbolda hər zaman hücumçular ön planda olurlar. Bu, reallıqdır. Vaqiflə bərabər Ruslan da xaricdə çıxış edə bilər. Mənim gözümdə Ruslan Azərbaycanın ən güclü futbolçularından biridir. Onun xaricə yollanması hamımız üçün faydalı ola bilər. Ruslan solayaq müdafiəçidir və bu futbolda çox az halda rast gəlinən bir tipdir. Əgər Ruslan özünü inkişaf etdirə bilsə, çox böyük futbolçu ola bilər.

 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı