Nail Əliyev: “Berti Foqts uğursuzluqlarının üstünü örtür”

Nail Əliyev: “Berti Foqts uğursuzluqlarının üstünü örtür”
ÖLKƏ FUTBOLU 7 Yanvar 2009 / 12:17 3607
-  A +

“Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyevin Qol.Az saytına müsahibəsi

- Nail bəy, hazırda nə işlə məşğulsunuz?
- İki gün bundan öncə Misirdən gəlmişəm. Ailəmlə orda istirahət edirdim. Hazırda Bakı Dövlət Universtitetində dərs deyirəm. Orda 50 saatlıq dərs götürmüşəm. Bununla bərabər elmi işlərlə məşğulam. İnşallah, yaxın günlərdə doktoranturaya namizədliyimi irəli sürəcəyəm.
- Futboldan uzaqlaşmağınızın səbəbi nədir?
- Bu məsələrə qayıtmaq istəməzdim. Anca məni futboldan uzaqlaşmağa məcbur edən amillər oldu. Bundan əlavə futbolda gərək hər dəfə klubun yanında olasan. Hazırkı vəziyyətdə isə bu mənim üçün mümkün deyil. Təssəvür edin, o vaxt “Bakı” ilə Qazaxa “Göyəzən”lə oyuna getməmişdim. Həmin matçda da komandamız heç-heçə etdi. Daha sonra isə hansı həngamələr baş verdiyindən xəbərdarsınız.
- Ümumiyyətlə çempionatın oyunlarına baxırsınız?
- Vaxtım olanda stadiona gedirəm.
- “Bakı”nın indiki çıxışları ilə əvvəlki çıxışlarını necə qiymətləndirmək olar?
- Mən özüm-özümə necə qiymət verim? Coko Hacıyevski çox yaxşı məşqçidir. “Bakı” rəhbərliyi də ona çox gözəl şərait yaradıb. Belə baxanda maddi cəhətdən mənim dövrümdəkindən qat-qat çox pul ayırıblar.
- Hazırkı çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Məncə, Azərbaycan futbolunda geriləmə var. 2004-2005-ci illə müqayisədə “Xəzər-Lənkəran”, “İnter”, “Neftçi”, “Qarabağ”, “Karvan” kimi öndə gedən klublarda geriləmə hiss olunur. Səviyyə çox aşağıdır.

- Bunu legionerlərə qoyulan limitin ləğv olunması ilə əlaqələndirmək olar?
- Yadınızdadırsa, o vaxt AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevlə mübahisəm düşdü. Bu da legionerlərə qoyulan limitlə bağlı idi. Onlar əvvəlcə “5+2” sonra “3+2”ni tətbiq etdilər. Mən isə “6+2” və ya “6+3” qoyuluşunun tərəfdarı idim. Hazırda isə legionerlərlə bağlı limitin ləğv olunması çox pis haldır. Bunun əleyhinə olmuşam, olacağam da.
- Milli komandanın çıxışlarını necə qiymətləndirmək olar?
- Çox aşağıdır.
- Alman çalışdırıcı Berti Foqtsın gəncləşdirmə siyasətinə münasibətiniz necədir?
- Hansı gəncləşdirmədən söhbət edirsiniz? Foqts sadəcə uzursuzluqlarının üstünü ört-bast edir. O gənc komanda yaratmır. Hər şeyə təməldən başlamaq lazımdır. Amma Berti Foqts işə damdan başlayır. İndi özünüz qiymət verin.
- Günahkar kimi, Berti Foqtsu görürsünüz, yoxsa AFFA-nı?
- AFFA prezidenti Rövnəq Abdullayev futbola çox böyük pul ayırıb. O istəyir ki, futbolumuz inkişaf etsin. Amma bəzi futbol funksionerləri bu pulu hara verdiklərini bilmirlər. Bax buna görə geriyə gedirik. 

Daha çox


Son xəbərlər