Nail Əliyev: “İcraiyyə Komitəsində oturub AFFA-nı fırladırlar”

Nail Əliyev: “İcraiyyə Komitəsində oturub AFFA-nı fırladırlar”
MÜSAHİBƏ 13 Yanvar 2010 / 10:42 3133
-  A +

“Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyevin müsahibəsi


“Bakı” kimi komanda evdə durduğu yerdə “Xəzər Lənkəran”a  0:3 hesabı ilə uduza bilməz”

- Nail müəllim, 2009-cu ili “Bakı” üçün necə dəyərləndirirsiniz?
- “Bakı” 2009-cu ildə Azərbaycan çempionu oldu, çempionlar Liqasında da ilk mərhələni keçdi. Sonradan isə uğursuzluğa düçar olduq. Orada da obyektiv və subyektiv səbəblər var idi. Araşdırdıq, nəticə çıxardıq. Ardınca infrastrukturun bünövrəsini qoyduq.
- “Bazel”ə qarşı ağır məğlubiyyətin səbəbi nə idi?
- “Levski” ilə oyundan sonra psixoloji hazırlıq istənilən səviyyədə deyildi. Bu üzdən “Bakı” “sındı” və toparlana bilmədi. Biz baş məşqçinin işinə heç vaxt qarışmırıq. Bəli, 2004-cü ildə klubu yeni götürəndə bu hal olub. Oyunçu transferləri birbaşa rəhbərliyin vasitəsi ilə həyata keçirilirdi, heyətin qurulmasında rəhbərlik iştirak edirdi. Bu da gah özünü doğrultdu, gah da doğrultmadı. Lakin 2007-ci ildə Qyoko Haciyevski gələndən sonra bütün səlahiyyətlər baş məşqçiyə verildi. Eyni səlahiyyət indi də Bülənt Qorxmaza verilib. Düzdür, fikir mübadiləsi aparılır, söhbətlər olur. Amma yekunda yenə son söz baş məşqçinin olur. Digər tərəfdən də çerçilin bir sözü var: “Müharibə ciddi şeydir, onu hərbçiyə etibar etmək olmaz”. Futbol da həddindən artıq ciddi məsələdir. Burada müdaxilələr olmalıdır. Futbolda bütün nəticələrə hazır olmalısan. İsveçrəyə “Bakı” psixoloji cəhətdən “sınmış” vəziyyətdə getmişdi və ola bilsin ki, bunun da təsiri oldu. Bəzi futbolçular özlərini göstərə bilmədilər. Futboldur, oldu, keçdi. Əsas odur ki, həmin oyundan nəticə çıxarıldı. Bir çox futbolçular heyətdən uzaqlaşdırıldı. İndi açıqlama verirlər ki, “bu mənim üçün gözlənilməz oldu”. Xeyr, belə deyil. Bunu ilk dəfə sizə deyirəm. Hələ “Bazel”lə oyundan sonra belə qərara gəlmişdik ki, bəzi futbolçular komandadan getməlidirlər. Sadəcə olaraq, klubla müqavilələri var idi və həm də ölkə çempionatı start götürəcəyindən adlarını açıqlaya bilməzdik. Açıqlasaydıq, bilərəkdən oynamayacaqdılar. Bülənt Qorxmaz gələndən sonra hamısına şans verdi ki, özlərini doğrultsunlar. Qoy gedib orda-burda ağızlarına gələni deməsinlər. “Bakı” kimi komanda evdə durduğu yerdə “Xəzər Lənkəran”a 0:3 hesabı ilə uduza bilməz.
- Gəzən söz-söhbətə görə, Haciyevskinin gedişini futbolçular təşkil ediblər. Yəni bilərəkdən oynamayıblar...
- Buna inanmıran. Haciyevski ilə futbolçular arasında elə bir konflikt olmayıb axı. Hadisələrə bir tərəfdən də real baxmaq lazımdır. “Bazel” elə-belə komanda deyildi və sonradan qrup mərhələsinə düşdü. İsveçrədə olanlar onların möhtəşəm stadionlarını, bazalarını gördülər. Amma “Bakı”nın indiyə qədər bir avtobusu var idi. Günorta məşqə getməliyik, amma hələ bilmirdik ki, məşq hansı stadionda olacaq, “Ədliyyə”də, yoxsa ADBTİA stadionunda? Məhz bu səbəbdən biz təmələ qayıtdıq. Bazasız klub, klub deyil. İsveçrədə deyəndə ki, bazamız yoxdur, bizə güldülər. Amma etiraf edim ki, hesabın o cür olması bizim üçün böyük zərbə oldu. Bundan da nəticə çıxardıq. Bəlkə həmin məğlubiyyət olmasaydı, biz bu yolu seçməyəcəkdik. Artıq “Bakı” bir brendə çevrilir. Hər ay dünyanın müxtəlif nöqtələrindən 25 min insan klubun internet saytına daxil olur.
- Bülənt Qorxmazın “Bakı”da uğur qazanacağına inanırsınızmı?
- Bəli. Qorxmaz təkcə güclü futbolçu olmayıb, həm də böyük şəxsiyyətdir. öz qardaşımızdır. Digər tərəfdən, bu addımı atmaqda məqsəd iki ölkənin futbol əlaqələrini daha da yaxınlaşdırmaqdır.
- “Birlik kuboku”ndan nə gözləyirsiniz?
- Klubun prezidenti Hafiz Məmmədov, mən, vitse-prezident Tunc Afşar, baş menecer Zeynal Məmmədov və Bülənt Qorxmaz oturub bu məsələni çox geniş şəkildə müzakirə etdik. Ona görə tərəddüd edirdik ki, “Birlik kubokun”da iştirak etmək daxili çempionatda kluba böyük zərbə vura bilər. Amma sonra qərara aldıq ki, Azərbaycan Moskvada mütləq təmsil olunmalıdır. Bunun özü də idealoji təbliğatdır.

“Mən o quruma “mobil icrakom” deyirəm”

- Bir qədər də cari mövsüm haqqında danışaq. Yenilik etmək istəyən futbol qurumumuz bu dəfə “altılıq” sistemini tətbiq etdi...
- Bu qərarı AFFA İcraiyyə Komitəsi qəbul etmişdi. Mən o quruma “mobil icrakom” deyirəm. Tamamilə səhv bir qərar idi və mən inanıram ki, İcraiyyə Komitəsi gec-tez öz səhvini anlayacaq, bu qərarı ləğv edəcək. Bu, Azərbaycan futboluna böyük zərbədir. “Altılıq” sistemi heç yerdə özünü doğrultmayıb. Sadəcə, bəzi yoldaşlar var ki, bununla guya futbolumuza yenilik gətirdiklərini düşünürlər və həmin başbilənlər səhvlərini də boyunlarına almaq istəmirlər. Amma almaq istəmirlərsə, gec-tez süpürülüb, atılacaqlar. Hər bir insan səhv edə bilər. Biz də səhv etmişik. Amma səhvimizi sonradan anlayıb, onu düzəltmişik. İnsanın böyüklüyü də budur. Bu, yaxşı sistem olsaydı, ona keçənlər sonradan imtina etməzdilər?
- Mətbuat yazır, futbol ictimaiyyəti də deyir ki, çempionat bazara çevrilib və oyun alqı-satqısı baş alıb gedir. İddialı klubların rəhbərləri də etiraf edirlər ki, futbolçularını autsayderlə oyunlara kökləyə bilmirlər...
- Bu hər mənada yanlış sistemdir. Onu qəbul edənlər heç bir il keçməmiş səhvlərini anlayıb, imtina ediblər. Təkər icad etmək lazım deyil, təkər artıq var. özünü futbol bilicisi hesab edənlər var, hansı ki, üzə çıxmırlar, amma başqalarını qabağa verib özləri dirijorluq edirlər. Bunu açıq deyirəm. Bu sistemi tətbiq edənlər AFFA-da üzdə olanlar deyil. Tamamilə başqa insanlardır və üzdə olmağı xoşlamırlar. Onun arxitektorları var. İcraiyyə Komitəsində oturub AFFA-nı fırladırlar. özü də mətbuatda çox az-az görsənirlər. Elə bilirlər ki, futbolu bilirlər. Amma xeyr, onlar futbolun evini yıxırlar.
- Siz hansı sistemi təklif edirsiniz?
- Əvvəlki sistemə qayıtmaq lazımdır. 2010-11 futbol mövsümü mütləq köhnə sistemlə keçirilməlidir. üstəlik, birinci divizion komandaları güclənməlidirlər. Bu diviziona niyə biganə yanaşılır? Qəzetlər, televiziyalar niyə lazımınca işıqlandırmırlar? İnanın, birinci divizionu gücləndirsinlər, həmin komanda legionerlərdən təşkil olunan elitanın güclü klubunu da məğlub edə bilər. özü də aşağı diviziona o qədər böyük vəsait də lazım deyil. 2005-06 mövsümündə bizdən 20 dəfə çox pul xərcləyən komandalar oldu. Amma çempion “Bakı” oldu. Pul hər şeyi həll etsəydi, o komandalar çempion olardılar. Hamı bilir ki, kimin qiyməti nədir. Boş-boşuna futbolçunun qiymətini qaldırırlar, sonra da müxtəlif söz-söhbətlər çıxır. Yalandan aparıb futbolçunu milliyə saldırırlar, anketini doldururlar, nə bilim, menecerlər ordusu əmələ gəlib, onların qohumları, dostları, tanışları. Futbolda nə dost olmalıdır, nə tanış, nə əmioğlu, nə dayıoğlu. Sonra da öz “zibilləri”ni ört-basdır etmək üçün başlayırlar hakimdə günah axtarmağa. Bəli, hakimin təsiri ola bilər. Amma sən rəqibindən güclü olandan sonra heç kim qarşında dura bilməyəcək. Getsinlər öncə özlərindən soruşsunlar ki, maliyyə vəsaitini hara xərcləyirlər.

“AFFA”nın fəaliyyəti qeyri-kafidir”

- Həmişə qeyd edirsiniz ki, “Turan”a böyük hörmətiniz var. Amma son vaxtlar bu komandanın adı tez-tez oyun alqı-satqısında hallanır...
- Özüm tarixçiyəm, araşdırmışam və həqiqətən də, türk dünyasında “Turan” adını daşıyan yeganə komanda bizdədir. Böyük futbol ənələləri olan bölgədir və açıq etiraf edim ki, “Bakı” üçün onlara qarşı həm Tovuzda, həm də “Bakı”da oynamaq həmişə çətin olub. Azərbaycana Naci Şensoy kimi məşqçi, Asen Nikolov kimi futbolçu gətirdilər. Son vaxtlar “Turan” - “Neftçi” oyunu ilə bağlı çox danışılır. Tovuzluların həmin oyunda qəsdən uduzduqları deyilir. Amma bu məsələdə futbolçuları günahlandırmaq doğru olmaz. Tovuz futbolu ağır günlərini yaşayır və ona kömək lazımdır. Konkret “Turan” - “Neftçi” oyununa gəlincə, mənim üçün orada baş verən hər şey aydındır, nə olub, necə olub, hamısını da bilirəm.
- Hakimliyə münasibətiniz necədir?
- Bu, bütün dünyada problemli olan bir məsələdir. Hakim səhvləri həmişə olub və olacaq da. Əsas odur ki, o səhv qərəzli olmasın. Onsuz da mütəxəssislər oyunun elə birinci dəqiqəsinə baxan kimi bilirlər ki, hakim qərəzlidir, ya yox. İndi də düşüblər ortaya, o bunu ittiham edir, bu da onu. Axı sizin hamınızı yaxşı tanıyıram. Lazım gəlsə, deyərəm kim harada nə edib. Bəlkə, az olub? Mən işlədiyim dövrə qayıdaq. “Bakı”nın kubokdakı final oyununda Qomeşə qırmızı vərəqə göstərdilər. Deyirəm “niyə verirsən?” deyir “danışır”. Sözə bax e, “danışır”. Yaxud Lənkəranda hamı gördü ki, Sissokonu necə provakasiyaya çəkdilər. Yaxud Ladaqaya kubok oyununda nəyə görə qırmızı vərəqə göstərdilər. Gərək açıb hər şeyi danışım? İndi elə adamlar çıxıb, elə şeylər danışırlar ki...
- AFFA-nın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qeyri-kafi. özləri özlərini seçib oturublar orada.
- Yeri gəlmişkən, deyilənə görə, qərarları da mobil telefonla qəbul edirlər, heç də hamı iclasa gəlmir.
- Bəli, jurnalistlər elə duz ad qoyublar: “mobil icraiyyə komitəsi”. çoxu futboldan uzaq adamlardır. Gəlsinlər, otursunlar üzbəüz başa salım ki, futboldan başları çıxır, ya yox. İllüziya yaratmaq, reformator olmaq istəyirlər. Amma avantürist reformatordurlar. AFFA İcraiyyə Komitəsi bütün heyəti ilə buraxılmalıdır və yeni heyət seçilməlidir.
- PFL-in fəaliyyətini necə qiymətləndirirsiniz?  Tez-tez təxirəsalmalar həm klubları, həm də azarkeşləri cana yığıb...
- PFL çempionatı keçirir. Təxirəsalmalar PFL-lik deyil axı. Foqts gəlib, buna PFL neyləsin? Yenə gedib ucu çıxır AFFA-ya. İspaniyanı bura PFL gətirdi? 1 milyon avro verib gətirdilər, onlar da gəlib 6 qol vurub getdilər. Həmin pula nə qədər meydança tikmək olardı. Guya bununla Azərbaycanı tanıtdırdılar. Azərbaycanı tanıdan Tofiq Bəhramov idi, Eldar Əzimzadə, Anatoli Banişevski, Ələkbər Məmmədov, Kazbek Tuayev idi. Yoxsa Foqtsu gətirdilər, o da pensionerdir. Almaniyada qısametrajlı filmlərə çəkilirdi. Ondansa, Əhməd Ələsgərovu gətirəydilər.

Mənbə: "Çempion-Azərbaycan" qəzeti

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı