Cavid Hüseynov: "Neftçi"ni seçməyimdə Vaqif Sadıqovun böyük rolu oldu"

Cavid Hüseynov: "Neftçi"ni seçməyimdə Vaqif Sadıqovun böyük rolu oldu"
MÜSAHİBƏ 10 Yanvar 2010 / 22:00 3356
-  A +

“İnter”dən “Neftçi”yə transfer olunan milli komandamızın üzvü Cavid Hüseynov Qol.Az saytına müsahibə verib.

- Cavid, əvvəlcə səni “Neftçi"yə keçidin münasibətilə təbrik edirik.
- Çox sağ olun. Təşəkkür edirəm.
- Səninlə "Neftçi"ylə bərabər Premyer Liqanın bir neçə klubu da maraqlanırdı. Sonda məhz "Neftçi"ni seçməyinin səbəbi nədir?
- Belə bir söz var - deyirlər "Neftçi” elə "Neftçi"dir. Fikrimcə, istənilən azərbaycanlı futbolçunun arzusu bu komandada oynamaqdır. "Neftçi"nin formasını geyinmək qürurverici bir hissdir. 
- Ümumiyyətlə, "İnter"dən nəyə görə ayrılıdın? Bəlkə komandada kiminləsə problemin olub?
- Xeyr, heç kimlə problemim olmayıb. Əksinə çox istəyirdilər ki, komandada qalım. İndiyə qədər də rəhbərlik və məşqçilər korpusu ilə münasibətlərim yaxşıdır. Onlara təşəkkür edirəm ki, mənə güvəndilər və oynamaq şansı verdilər. Sözün düzü, son ana qədər qərar verməkdə çətinlik çəkirdim. Amma sonda "Neftçi"ni seçdim. Bu seçimimin pis və yaxud yaxşı olacağını zaman göstərəcək.
- "Neftçi"yə keçidində baş məşqçi Vaqif Sadıqovun nə dərəcədə rolu oldu?
- Deyərdim ki, "Neftçi"ni 60 faiz Vaqif Sadıqova görə seçdim. O, məni komandasında görməyi çox istəyirdi.
- Səninlə birlikdə Mahir Şükürovun da “İnter”dən ayrılacağı dəqiqləşib. Necə düşünürsən, sizin gedişinizdən sonra komandada geriləmə ola bilər?
-  Bilirsiz, bu komandanın öz dəsti-xətti var. "İnter" həmişə çempionluğa oynayıb. Yəqin ki, bundan sonra da öz çıxışlarını bu cür davam etdirə biləcəklər.
- Bu gün yeni komandanla birlikdə ilk məşqinə çıxdın. Komanda sənə necə təsir bağışladı?
- Hamımıza bəllidir ki, "Neftçi" əvvəlki "Neftçi" deyil. Rəhbərlik komandanın əvvəlki nüfuzunu geri qaytarmağa çalışır. Bu gün komandanın prezidenti Sadıq Sadıqov da məni qəbul etdi. Onunla söhbətimdə də bunun bir daha şahidi oldum. Mən inanıram ki, bu cür gözəl işlərin nəticəsi olacaq. Hətta "İnter"də çıxış edəndə belə, "Neftçi"nin həmişə yüksək yerlərdə olmasını arzulamışam.
- Sənin də qeyd etdiyin kimi "Neftçi" son zamanlar bir qədər uğursuz çıxış edir. Komandanın çempionluq şanslarını necə görürsən?
- İkinci dövrədə "İnter" , "Qarabağ", "Bakı" və "Karvan"la çətin qarşılaşmalarımız var. Bütün gücümüzü ortaya qoyacağıq ki, bu görüşlərdən üzüağ çıxaq. Əgər bu matçlarda qələbə qazana bilsək, bizim üçün çempionluğa oynamaq daha asan olacaq. Əsas qeyd etdiyim bu dörd oyundur.
- Özünün də xüsusi qeyd etdiyi dörd oyundan biri olan "İnter"lə matçı sənin üçün prinsipial adlandırmaq olar?
- Bu oyun çox maraqlı olacaq. Bununla belə, mənim üçün heç bir prinsipiallıqdan söhbət gedə bilməz. Həmin qarşılaşmanı səbirsizliklə gözləyirəm. Vaqif müəllimin bu oyunda mənə şans verməsi üçün məşqlərdə əlimdən gələni edəcəm. Çox istərdim ki, həmin görüşdə 90 dəqiqə oynayım.
- Yəqin ki, sabiq komandana qol vurmaq da ürəyindən keçir?!
- Əlbəttə ki, qol vurmağı da çox istəyirəm. Amma bunun səhv anlaşılmasını istəmirəm. Yəni acıq mənasında yox, sadəcə bir növ onlara göstərmək istəyirəm ki, mən sizin oyunçunuz olmuşam və sizin də mənim üzərimdə əməyiniz olub. Mən 2 il "İnter"in şərəfini qorudum. Milli komandaya da məhz Xodukinin dövründə dəvət almışam. "İnter"in mənim üzərimdə böyük rolu olub.
- "Neftçi"dəki rəqabətə özünü hazır sayırsan?
- Ümumiyyətlə, hər zaman rəqabət olan yerdə inkişaf da olacaq. Vaqif müəllim də komandada rəqabətin olmasının tərəfdarıdır. "İnter"də Xodukinin dövründə də böyük rəqabət var idi. Start heyətində kimin oynayacağı bilinmirdi. Demək istəyirəm mən həmişə rəqabətə hazıram və bunun olması hamımızın xeyrinədir.
- Vaqif Cavadov və Mahir Şükürovun karyeralarını ölkə xaricində davam etdirəcəklər. Sən özün necə, legioner həyatı yaşamağı nə vaxta planlaşdırırsan?
- Adlarını çəkdikləriniz oyunçuların xaricə yollanması hər bir yerli futbolçu üçün müsbət haldır. Qoy, onlar gedib oynasınlar, bizim üçün də yol açılsın. Millidə oynayan gənc oyunçulardan Elvin Məmmədov, Vüqar Nadirov, Ruslan Abışov və adlarını unutduğum digərlərinin də xaricdə oynamasını çox istəyərəm. Qaldıki özümə, legioner həyatı mənim üçün arzu deyil, qarşıma qoyduğum məqsəddir. İnşallah yaxın zamanlarda mənim də səsim Avropadan gələr.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı