Kürşat Duymuş: "Türkiyə futbolunun canlı əfsanəsi bura gəlibsə, mən niyə gəlməyim?"

Kürşat Duymuş: "Türkiyə futbolunun canlı əfsanəsi bura gəlibsə, mən niyə gəlməyim?"
MÜSAHİBƏ 9 Yanvar 2010 / 16:53 3858
-  A +

“Beşiktaş”, “Trabzonspor” və Türkiyə millisinin sabiq üvzü, “Bakı”nın yeni transferi Kürşat Duymuş Qol.Az saytına eksklüziv müsahibə verib.

- Kürşat, artıq neçə gündür ki, “Bakı”nın düşərgəsində təlim-məşq toplanışındasan. Komanda haqda ilkin təəssüratların necədir?
- Təəssüratlarım yaxşıdır. “Bakı”nın heç də sıradan bir komanda olmadığı açıq-aydan görünür. Komandanın heyətində çox səviyyəli futbolçular toplaşıb. Hər şey çox gözəldir. Komandanın daxilində əsl dostluq ab-havası hökm sürür. Hər bir oyunçunun alternativi var. Bu isə o deməkdir ki, hansısa futbolçu heç cür arxayınlaşa bilməz.
- “Bakı”nı məhz Bülənt Qorxmaza görə seçdiyini demək olar?
- Seçimimdə Qorxmaz amilinin rolu danılmazdır. Onun necə böyük bir futbolçu olduğunu hamı çox gözəl bilir. Əvvəllər də Bülənt hocayla birgə çalışmışam. Mən onun məşqçi kimi, o da mənim bir futbolçu kimi nəyə qadir olduğumu çox gözəl bilir.
- Başqa hansı səbəbə görə məhz “Bakı”nı seçdin? Çünki başqa klublardan da təklif almışdın.
- Həqiqətən də başqa təkliflər də var idi. Mövsümün ilk yarısını çox yaxşı keçirdim. Bu səbəbdən hətta Superliqa klublarından da təklif almışdım. Amma mən hələ ilk yarı başa çatmamışdan qabaq Bülənt hocaya söz vermişdim. Ona görə də digər klublarda heç danışıq aparmadım da. Eyni zamanda “Bakı”nın iddialı klub olduğunu da bilirəm. Komandanın böyük hədələri var. Həm də Qorxmaz elə bir insandır ki, o, heç vaxt qarşısına böyük hədəflər qoymayan kluba getməz. Əgər Türkiyə futbolunun canlı əfsanəsi bura gəlibsə, mən niyə gəlməyim?
- “Beşiktaş”, “Trabzonspor” kimi klublarda, eləcə də Türkiyə millisində forma geymisən. Futbolçu kimi yaxşı karyeran var. Əksər türkiyəli oyunçular Azərbaycan klublarından yaxşı təklif alsalar da, əksər hallarda ölkəmizə gəlməkdən imtina edirlər. Azərbaycan futbolunun elə də çox inkişaf etməməsinin əsas gətirərək, belə qərar qəbul edirlər. Amma sən bu amilə heç fikir də vermədin. Maraqlıdır, niyə?
- Həqiqətən də karyeram pis alınmayıb. “Beşiktaş” və “Trabzonspor”a qədər uzun illər “Çaykur Rizəspor”da da forma geymişəm, komandanın kapitanı olmuşam. Amma oyunçuların da xüsusiyyətləri fərqli olur. Mən sadə bir insanam. Məni futboldankənar heç bir amil maraqlandırmır. Yalnız və yalnız futbolu düşünürəm. “Bakı” iddialı klubdur, heyətində səviyyəli futbolçular toplaşıb. Komandanın başında da Bülənt hoca kimi məşqçi var. Bundan artıq mənə nə lazımdır? Amma elə oyunçular var ki, onları digər amillər maraqlandırır. Məsəlçün oynayacaqları çempionatın səviyyəsi, yaşayacaqları şəhərin adı, həmin şəhərin gecə həyatı və s. Amma mən belə şeylərə fikir verən deyiləm.
- “Bakı” ilə anlaşana qədər futbolumuz barədə nə bilirdin?
- Bir çox klubların adlarını eşitmişdim. “Bakı” ilə yanaşı, “İnter”, “Neftçi”, “Xəzər Lənkəran”, “Olimpik” kimi klublar barədə məlumatım var idi. Eyni zamanda bilirəm ki, milli komandanıza Berti Foqts kimi tanınmış mütəxəssis başçılıq edir. Düzdür, Azərbaycan futbolunun səviyyəsi bir qədər aşağıdır. Amma zamanla bu da yoluna qoyulacaq. Çempionatın keçirilmə sistemindən də xəbərdaram. Bilirəm ki, yarışda 12 komanda mübarizə aparır. İki dövrədən sonra ilk “altılıq”da qərarlaşan klublar çempionluq uğrunda mübarizəni davam etdirir. Bu sistem mənim üçün bir qədər yad olsa, maraqlı mübarizə olacağına inanıram.
- “Bakı”dan təklif alarkən ölkəmizdə çıxış edən həmvətənlilərinlə əlaqə saxlayıb, buradakı durum haqda məlumat topladın?
- Yox, Azərbaycanda çıxış edən futbolçulardan kiminləsə əlaqə saxlamadım. Amma ölkənizdə yaşayan dəyərli dostlarım var. Hansılar ki, futbolda deyil, başqa sahələrdə çalışırlar. Həmin insanlarda danışıb, onların da fikrini öyrəndim.
- Əvvəllər millimizə və ya hansısa klubumuza qarşı oynamısan?
- Türkiyənin gənclərdən ibarət milli komandasında çıxış edərkən 8-9 il əvvəl Azərbaycanda olmuşdum. Bu yaxınlarda “Bakı” ilə müqavilə imzalamaq üçün ölkənizə gələndə Bakının çox dəyişdiyini, inkişaf etdiyini və daha da gözəlləşdiyini gördüm.
- “Bakı”dakı hədəfin nədir?
- İlk növdədə komandaya fayda verməyə çalışacağam. Bilirəm ki, Azərbaycan klubları Avropada böyük uğurlar qazanmayıb. Deməli, “Bakı”da mənim tarix yazmaq şansım var. Çox istərdim ki, “Bakı” avrokubokların qurp mərhələsinə vəsiqə qazansın. Qoy, 15-20 il sonra insanlar bu hadisəni yada salarkən “həmin heyətdə Kürşat Duymuş da var idi” desinlər. Mənim məqsədim məhz budur.
- Əsas heyətə düşəcəyinə inanırsan?
- Bayaq da dediyim kimi, komandada yaxşı futboçular cəmləşib, güclü rəqabət var. Hər bir oyunçunun da alternativi var. Amma mən də bura ehtiyatda oturmağa gəlməmişəm. Tezliklə əsas heyətə düşüb, komandanın aparıcı üzvlərindən biri olmaq, qazanacağımız uğurlarda pay sahibi olmaq istəyirəm. Gücümə inanıram. Amma meydana çıxacaq futbolçuları baş məşqçi müəyyənləşdirir.
- “Bakı”nın heyətində 1 həftədən sonra Moskvada start götürəcək “Birlik Kuboku”nda rəsmi debüt edəcəyini gözləmək olar. Bu tunir haqda hər hansı məlumatın var?
- Müəyyən məlumatlara malikəm. Bilirəm ki, bu turnir hər il keçirilir və yarışda keçmiş SSRİ ölkələrinin çempionları mübarizə aparır. Sonda da bir komanda tunirin qalibi adını qazanır.
- Bu dəfə həmin komanda “Bakı” ola biləcək?
- Bunu zaman göstərəcək. Amma məqsədimiz də məhz bu turnirdə yaxşı çıxış etməkdir. Rəqiblər haqda elə də geniş məlumatəm yoxdur. O səbəbdən də tam dəqiq açıqlama verməyə bir qədər çətinlik çəkirəm.
- 2009-cu ili beşinci pillədə başa vuran “Bakı” mövsümün sonunda titulunu qoruya biləcək?
- Bunun üçün ilk növbədə final mərhələsinə vəsiqə qazanmaq lazımdır. Əvvəlcə bunu etməliyik. Qarşıda bizi 5 oyun gözləyir. Bu qarşılaşmalardan dördünü Bakıda keçirəcəyik. Minimum vəzifəni yerinə yetirdikdən sonra çempionluq haqda danışmaq olar. Əlbəttə, komanda ötən mövsüm çempion olubsa, deməli titulunu qorumağa çalışacaq. Həm də mən bildiyimə görə, son illər Azərbaycanda heç bir klub ardıcıl iki il çempion ola bilməyib. “Bakı” bunu bacarsa, əla olar. Yeni transferlərlə komanda daha da güclənib. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq.
- Əvvəllər də Bülənt Qorxmazın rəhbərliyi altında oynamısan. Futbolçu kimi zəngin karyeraya malik olan Qorxmazın məşqçiliyi barədə eyni sözləri demək olmaz. Səncə Qorxmaz məşqçi kimi özünü “Bakı”da sübut edə biləcək?
- İlk növbədə onu deyim ki, Qorxmaz məşqçi kimi böyük uğurlar qazana bilməsə də, bir mütəxəssis kimi onun səviyyəsi heç kimdə şübhə doğurmamalıdır. “Kayseri Ərciyyəsspor”da çalışdığı ilk ildəcə komandanı 11 xalla qəbul etdi. Amma komanda mövsümü 38 xalla bitirdi. Hər mütəxəssis Anadolu klubunu Türkiyə kubokunun finalınadək daşıya bilməz. Amma o bunu bacardı. Eyni zamanda digər klubları da çətin vəziyyətdə qoyub, getməyib. Onun öz strategiyası var. Bülənt hoca ilk növbədə nizam-intizama diqqət ayırır. Lakin təəssüf ki, bu gün hələ də Türkiyə futbolunda sağlam düşüncə tərzinə malik olmayan klub rəhbərləri var. Lakin mən Bülənt hocanın “Bakı”da uğur qazanacağına şübhə etmirəm.

Daha çox


Son xəbərlər