İlqar Qurbanov: «Bəli, «Neftçi» ilə danışıqlar aparıram»

İlqar Qurbanov: «Bəli, «Neftçi» ilə danışıqlar aparıram»
MÜSAHİBƏ 8 Yanvar 2010 / 19:18 3462
-  A +

“Olimpik-Şüvəlan” klubunun yarımmüdafiəçisi İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi

- İlqar, Türkiyəyə səfərin nə ilə bağlıydı?
- Xüsusi bir səfər deyildi. İlk dövrə bitdiyindən ailəmi görmək üçün İstanbula yollanmışdım. Beş aydan çox idi ki, onları görmürdüm. Yeni ili də bir yerdə qeyd etdik.
- Fikrimcə, geridə qoyduğumuz il sənin üçün bir qədər uğursuz oldu. Demək olar ki, sabit çıxış edə bilmədin. Sən özün 2009-u necə dəyərləndirərdin?
- Sizinlə razıyam ki, keçən il mənim üçün uğursuz oldu. Bu isə tez-tez zədələnməyimlə əlaqədar idi. İnşallah, 2010 mənim üçün yaxşı bir il olar. Əsas məqsədim və arzum milli komandaya dəvət almaqdır. Milli komandada çıxış etməyi çox istəyirəm. Əgər millidə oynaya bilsəm, işlərim lap yaxşı olacaq. 
- Yeri gəlmişkən, fevral ayında milli komandanın toplanışı olacaq. Amma çətin ki, Berti Foqts sənə dəvət göndərə…
- Hər bir azərbaycanlı futbolçu kimi mən də baş məşqçinin dəvətini gözləyirəm. Bu dəfə dəvət etməsə belə, çalışacağam ki, öz oyunumla Foqtsun etimadını qazanım.
- Özünü milli komandada oynamağa hazır hesab edirsən?
- Bilirsiniz, milli komandada oynamaq mənim üçün problem deyil. Siz ozünüz də bilirsiniz ki, mən 16-17 yaşımdan peşəkar futboldayam. Yəni demək istəyirəm ki, millidə layiqincə oynaya bilərəm. Mənim üçün heç bir problem yoxdur.
- İlqar, sən «Fənərbaxça» kimi komandanın əvəzedici heyətinin kapitanı olanda hazırkı gənc futbolçulardan çoxunu tanıyan yox idi. İndi karyeranda bir qədər eniş dövrü yaşayırsan. Bibinoğlu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna keçidi isə reallaşmaq üzrədir.
- Hər bir  futbolçunun özünü bir ili olur. Bu il Vaqifin ili oldu. Vaqif milli komandada və “Qarabağ”ın heyətində göstərdiyi oyunla özünü sübut etdi. Vaqifə bundan da sonrakı futbolçu karyerasında da uğurlar arzulayıram. 
- Vaqifin “Tvente”nin əsas heyətində möhkəmlənəcəyinə inanırsan?
- Bilirsiz ki, Vaqifə Rusiyadan da təkliflər gəlmişdi. Onunla söhbət edəndə həmişə deyirdim ki, əsas Hollandiya çempionatıdır. Deyirdim ki, az pul versələr belə, yenə də “Tvente”yə keç. Onun Rusiyaya getməsinin əleyhinə idim. Çünki Hollandiyada Vaqifin gələcəyi parlaqdır. Həm də Hollandiya futbolu Vaqifin göstərdiyi oyun stilinə daha yaxındır.
Sualınıza gəlincə, “Tvente”nin heyəti barədə məlumatım yoxdur. Amma bir halda ki, Vaqifi bəyənib alıblarsa, deməli, ona ehtiyacları var. Yəqin ki, istəməsəydilər, almazdılar .
- Bir zamanlar “Fənərbaxça”nın əvəzedici heyətinin kapitanı idin. Karyeranın ən pik dövründə “Xəzər Lənkəran”a gəldin. Həmin zamanlar mətbuatda sənin haqqında kəskin tənqidlər səsləndi. Səni futbolçu karyeranı deyil, pulu seçərək Azərbaycana gəlməkdə qınadılar.
- Bu, artıq 6-7 ilin söhbətidir. Yenidən bu mövzuya qayıtmaq istəmirəm. Həmişə də bu sualı mənə veriblər. “Fənərbaxça”dan Lənkərana gələn zaman hamı dönə-dönə deyirdi ki, İlqar geri addım atdı. Məgər, Azərbaycan çempionatı o qədər səviyyəsizdir? Mən iki il Lənkəranda oynadım. Sonra yenidən Türkiyəyə yollandım və yenə də yüksək səviyyədə çıxış etdim. Bu, futboldur. Mən bu gün Bakıda oynaya bilərəm, sabah hansısa Dubay klubunda..
- Belə başa düşdüm ki, sən o zaman “Fənərbaxça”dan “Xəzər Lənkəran”a dönməyini geri atılmış addım hesab etmirsən?
- Xeyr. Mən “Xəzər Lənkəran”a gəldim. Bu komanda ilə Azərbaycan çempionu oldum. Milli komandada yerimi möhkəmləndirdim. Xeyli oyun praktikası və təcrübə qazandım.
- Bəs, bundan sonra məqsədin nədir? Azərbaycanda qalmaq, yoxsa legioner həyatı yaşamaq?
- Hələ ki, “Olimpik-Şüvəlan”ın futbolçusuyam. Yaya qədər bu komanda ilə müqaviləm var. Bundan sonra Türkiyəyə qayıtmaq fikrindəyəm. Həm də yayda vaxt çox olur. Komanda seçimini yaxşı edə bilərəm.
- Son günlər “Neftçi”yə keçəcəyinlə bağlı  xəbərlər yayılıb...
- Bəli, “Neftçi” klubu ilə danışıqlar aparıram. Amma hələ ki, yüzfaizlik bir şey yoxdur.
- Bu komandaya keçidin nə qədər realdır?
- “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov məni Azərbaycan futboluna gətirən adamdır. O, hələ olimpiya millisinin baş məşqçisi olanda məni komandaya dəvət etdi. Mən Sadıqovun komandasında çıxış etmək istəyirəm. O da məni öz sərəncamında görmək istəyir.
Birdə ki, Azərbaycanda hər bir futbolçunun arzusu “Neftçi” kimi bir komandada oynamaqdır.
- Bu məsələ nə vaxt öz həllini tapa bilər?
- Vallah, mən də sizin kimi, hələ bilmirəm.(gülür) Hələ ki, “Neftçi”dən rəsmi şəkildə kluba heç bir təklif gəlməyib.
- “Olimpik-Şüvəlan” artıq bir neçə gündür ki, məşqlərə başlayıb. Sən isə İstanbulda olduğundan məşqləri buraxdın. Baş məşqçi Nazim Süleymanov buna görə komanda rəhbərliyinin səni cəzalandıracağını istisna etməyib..
- Axı, məşqə gecikən tək mən deyiləm. Ümumiyyətlə, bu məsələ komandanın daxili işidir. Bunlar olan şeylərdir. Fikrimcə, danışıb öz aramızda həll edə biləcəyik.
- Artıq Mahir Şükürovun da “Anji” ilə müqavilə bağlayacağı gerçəkləşmək üzrədir. Sən daha hansı futbolçumuzun xaricdə rahatlıqla oynaya biləcəyini düşünürsən?
- Elnur Allahverdiyev yaxşı futbolçudur. Onun xaricdə oynamasını istərdim. Həmçinin Vüqar Nadirov, Rəşad Sadiqov, Elvin Məmmədov və qapıçı Kamran Ağayev də asanlıqla legioner həyatı yaşa bilər.


 

Daha çox


Son xəbərlər