Rail Məlikov: "Ülviyyə Könül məni bəyənib, hələ klipə də dəvət edib"

Rail Məlikov: "Ülviyyə Könül məni bəyənib, hələ klipə də dəvət edib"
XƏBƏR 8 Yanvar 2010 / 17:25 3084
-  A +

Azərbaycan milli komandasının və “Neftçi” PFK-nın üzvü Rail Məlikovun  müsahibəsi

- “Neftçi”dəki vəziyyət sizi qane edirmi?

- “Neftçi”də keçirdiyim 3 ilin 1-si məni tam qane edir. Orada elə mehribançılıq, elə abu-hava var idi ki, bazaya girəndə adam çıxmaq istəmirdi. Sonralar dəyişikliklər baş verdi. Gede gələndən sonra “Neftçi”nin “qara günlər”i başladı. Komandanın yerli uşaqları dağıldılar. Artıq vəziyyət elə həddə çatmışdı ki, getmək növbəsi mən və Elmarın idi. Allaha şükür, bizi çıxmağa qoymadılar. Yəni sonrakı 2 il məni qane etmir.
Hazırda komandanın prezidenti vəzifəsinə Sadıq müəllim gəlib. Hər şeyin yaxşı olacağını gözləyirik.

- Sizcə, “Neftçi”də baş vermiş kadr dəyişikliyi və aparılan islahatlar nəticə verib?

- Baş məşqçi və vitse-prezident dəyişikliyindən sonra aparılan islahatlar hələ tam nəticə verə bilməz. Bunun üçün vaxt lazımdır.

- “Turan” - “Neftçi” matçı barədə nə deyə bilərsiniz? Mətbuatda alqı-satqı barədə yazılar dərc olunurdu...

- Mən dəqiqliklə deyirəm ki, “Turan” - “Neftçi” matçında alqı-satqı söhbəti olmayıb. Biz bir oyunçu kimi heç nə fikirləşmədən matçın 2-ci hissəsinə tamamilə başqa abu-havada çıxmışdıq və istəyimizə nail olduq.

- Siz Azərbaycanın ən bahalı oyunçularındansınız. Son transferindən aldığınız pul sizi qane edirmi?

- Azərbaycanda qane edir. Min bərəkət.
Azərbaycanın “ən bahalı futbolçu”su məsələsinə gəldikdə isə bunu mən yox, Almaniyanın idman saytı açıqlayıb.

- Almaniya saytı sizin transfer dəyərinizin nə qədər olduğunu açıqlayıb?

- 900 min avro.

- Belə bir məlumat var ki, son transferdən aldığınız pulu bütövlükdə bir maşına vermisiniz...

- Yox, bu düzgün deyil. “Bakı”da oynayan vaxtda “E klass Mercedes” almışdım. Bu isə aldığım 2-ci maşındır. Mən buna məcbur idim. Yol polisi də saxlayanda deyirdi ki, “Bu nə maşındır, sürüsən. Özün də yığma komandanın futbolçususan”. Belə sözlər mənə utandırıcı gəlirdi.

Onu da deyim ki, mən 1-ci il də maşın ala bilərdim. Ancaq ailəm böyükdür, qohumlarıma da köməklik edirəm. 3 ilə pul yığdım və bu maşını- “Mercedes GL”-i aldım.

- Neçəyə almısınız bu maşını?

- Maşını 100 min dollara almışam.

- Azərbaycanda futbolçular arasında ən bahalı maşın sizdədir...

- Mən deməmişəm ki, Azərbaycanda futbolçular arasında ən bahalı maşın məndədir. Sadəcə belə çıxır. Mətbuatda da belə yazıblar.

- Xarici klublardan sizə təkliflər gəlir?

- “Bakı”da oynayanda da, “Neftçi”də olduğum hər 3 ildə də real təkliflər almışam. Əsasən də Türkiyə klublarından təkliflər gəlib. O klublarda pulu da çox verirlər.

- Bəs, getmək fikriniz var?

- “Neftçi” ilə müqaviləm mayda bitir. Gedenin vaxtında getmək istəyirdim. Sonra məşqçi dəyişikliyi oldu və bu, inamı artırdı. Hazırda da Sadıq müəllim gəlib. Müqaviləm bitəndən sonra hər şey Sadıq müəllimin istəyi ilə olacaq. O, çox yaxşı insandır. Xarici klublarda burdan çox pul versələr də qalıb “Neftçi”də oynaya bilərəm. Yenə deyirəm, hər şey Sadıq müəllimdən asılıdır.

- Özündənrazı insansınız?

- Mənim elə vaxtlarım olub ki, 1 jetonla metroya 2 dəfə girmişəm. Çox çətinliklər görmüşəm. Atam, anam və böyük qardaşım sağ olsunlar ki, mənə dayaq olublar. Böyük qardaşım hətta öz yol pulunu da mənə verib. Mən kasıblığın nə olduğunu bilirəm. Necə özümdənrazı ola bilərəm?! Belə deyənlər mənimlə 5 dəqiqə söhbət etsələr, necə olduğumu görərlər. 

- Azərbaycan klublarının yerli futbolçularla eyni səviyyədə olan legionerləri transfer etməkləri barədə fikirlərinizi bilmək istərdik.

- Transfer olunan legionerlər yerli futbolçulardan üstün olmalıdırlar ki, bizimkilər onlardan nə isə öyrənə bilsinlər. Bizim klublarda isə yerli oyunçu legionerə kömək edir. Legioner isə 2 qat artıq qonorar alır.
Bu transfer müddətində “Neftçi” sübut edəcək ki, legioner necə olmalıdır.

- Milli komandanın baş məşqçisi Berti Foqtsun işini necə qiymətləndirirsiniz?

- Berti Foqtsun işini çox yüksək qiymətləndirirəm. Ona görə yox ki, o mənim barəmdə xoş sözlər deyib və məni yığmaya çağırıb. Bu insan psixoloq kimi çox güclüdür. Əvvəl güclü komandlarla, məsələn Almaniya ilə oyuna çıxanda qorxu hissi keçirirdik. İndi isə hamı oyun inamla çıxır. Onun Azərbaycan futboluna çox köməkliyi dəyib və düşünürəm ki, hələ çox köməkliyi də dəyəcək.

- Şou-biznez nümayəndələrindən kimlə dostluq edirsiniz?

- Şou-biznes nümayəndələrindən heç kimlə dostluq etmirəm. Ümumiyyətlə, yerli müğənnilərə simpatiyam yoxdur. Flora Kərimova, İlqar Muradov və Eyyub Yaqubovun mahnılarından həzz alıram.
Çoxları elə bilirlər ki, mənim şou-biznesdə olan bəzi cavan müğənni qızlarla əlaqələrim var. Amma bu belə deyil.

- Əsasən gənclər Röyanın mahnılarına üstünlük verirlər. Həm də o Ruslan Abışovu bəyənir...

- Röyanı tanıyıram. Ona qarşı da sipmatiyam yoxdur.
Məni isə Ülviyyə Könül bəyənib. Hələ klipə də dəvət edib. (gülür)

- Futboldan başqa nə ilə məşğul olursunuz? Biznes...

- Futboldan başqa, heç nə ilə məşğul olmuram. Heç bir biznesim yoxdur.

- Futbolçuların gecə həyatları olur. Sizin necə, belə həyatınız varmı?

- Əvvəllər olub, gecə klublarında əylənmişəm. Axır 3 ildə isə belə hallar olmayıb. Mən gecə klublarından həzz almıram. Nəinki orada, heç toyda da oynamağı xoşlamıram.

- Azərbaycanda və dünyada ən bəyəndiyiniz futbolçular və klublar hansılardır?

- Azərbaycanda ən bəyəndiyim futbolçular Rəşad Sadıqov, Rəşad Sadiqov, Ruslan Abışov və Saşa Yunusoğludur. Xarici futbolçulardan isə Messinin və Puyolun oyununu bəyənirəm.

Klublara gəldikdə isə “Qarabağ” və “Xəzər Lənkəran”ı Azərbaycanda ən güclü klublar hesab edirəm. Xarici klublardan “Barselona”ya azarkeşlik edirəm.

- Berti Foqts olmasa, Azərbaycan milli komadasının baş məşqçisi postunda kimi görmək istəyiriniz?

- Beti Foqts olmasa, Azərbaycan milli komandasında Qurban Qurbanovu baş məşqçi görmək istəyirəm. Qurban Qurbanov yaratdığı komandada qardaşlıq olur.

- Peşəkar Futbol Liqasının işindən razısınız?

- Peşəkar Futbol Liqasının işindən 100 faiz razıyam.

- Sizin üçün qarşıdan gələn oyunlardan ən çətini hansıdır?

- Qarşıdan gələn oyunlardan ən çətini “Xəzər Lənkəran”la olacaq. Bu, derbi oyunudur.

mənbə: sia.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord