“Atletiko”nu niyə sevməli?

“Atletiko”nu niyə sevməli?
XƏBƏR 20 Aprel 2016 / 12:21 11695
-  A +

Dieqo Simeone bu komandaya gələndə 2011-ci il idi. İndi 2016-ci ildəyik. 5 il ötüb üstündən. Və bu 5 ildə o, nadir məşqçilərdən olub ki, Avropada top komandalardan birində bu qədər uzun müddətə qala bilib.

Az qala sıfırdan elə bir komanda yaradıb ki, neçə ildi Avropaya meydan oxuyur. Nəhəng bir komandanın uğurlarının memarı olması kimsəyə sirr deyil.  Bu öz yerində. Amma o, elə bil həm də ulduzdüzəldəndir.

Radamel Falkao yadınızdadı? Zarafat deyil, Messi və Ronaldo ilə rəqabətə girmişdi. “Atletiko”dan, ya da belə deyək, Simeonenin yanından gedəndən sonra itib-batdı bu oyunçu.

Və onda Simeone çoxumuzun tanımadığı Dieqo Kostaya güvənib onu “Atletiko”nun əsas hücumçusu etdi. Nəticə? Madrid klubundakı parlaq çıxışından sonra Mourinyo onu “Çelsi”yə cəlb etdi.

Həmin “Çelsi”nin bir qapıçısı var indi, Tibo Kurtua... Londonlular 2011-də onu göndərmişdilər “Atletiko”ya icarəyə. Simeone onu komandasının əsas qapıçısı etdi. Bir sözlə desək, çıxışı fantastika idi! Mourinyo 2014-cü ildə Kosta ilə yanaşı onu da “Çelsi”yə gətirdi. Və onda Simeonenin ulduz etdiyi, o vaxt cəmi 22 yaşı olan Kurtua əfsanəvi Peter Çexi ehtiyata göndərdi.

                                        

Yox,  hələ bitməyib, Simeone ulduz yetişdirməyə davam edir. Özü də əsasən hücumçu-ulduzları. Komandasında son iki mövsümdü biri daha parlayır. Antuan Qrizmann. “Real Sosyedad”dan transfer ediləndə dünya futbolu onu da çox tanımırdı... İndi 25 yaşlı bu fransız “Atletiko”nun liderlərindən birinə, başqa sözlə, vuran ayağına çevrilib.

Yox, yenə də bitmir... Uğurlar da bitmir. Komandadan ulduzlar gedib: həmin Falkao, Kosta, Kurtua, bizim Arda, indi yadıma düşməyən daha kimlər. Amma nə dəyişib ki?

Bu gün-sabah bəlkə yenə İspaniya çempionu oldular. Nə olsun ki, “Real”ın, “Barselona”nın o qədər pulu və ulduzu var? Buyursunlar, həsəd aparsınlar “Atletiko”ya. Özü də tək onlar yox. Hamı! Bütün dünya! Bütün Avropa!

Görsünlər ki, az bir büdcə və ulduzu olmayan futbolçularla (təbii ki, top komandalarla müqayisədə), əsasən məşqçi bacarığına, məşqçi xarakterinə görə nələr etmək olarmış. İspaniya çempionluğu, İspaniya kuboku, Avropa Liqasının kuboku, İspaniya superkuboku, Çempionlar Liqasının finalı....

İndi də La Liqada çempionluğun, Çempionlar Liqasında isə finalın bir addımlığındadı “Atletiko”.

Və bütün bunlardan sonra ona – bu dəliqanlı 46 yaşlı argentinalıya futbolun yeni dahisi deməyib də, nə deyəsən?! Tək bu canlı futbol fenomeninə görə onun komandası “Atletiko”nu necə sevməyəsən?

Yox... Bununla da bitmir.

“Atletiko”nu təkcə komanda yox, həm də bir klub olaraq başqalarından fərqləndirən özəl bir cəhəti daha var: mərdliyi, kişiliyi, dostluğa sədaqəti...

Hamı bilir, bir neçə il bu klub sponsorluq müqaviləsi əsasında formasında Azərbaycanın adını yazdırıb ölkəmizi reklam edirdi. Sonra həmin layihənin təşəbbüskarı və himayədarı Hafiz Məmmədovun üzləşdiyi maddi problemlər səbəbindən bu əməkdaşlıq da dayandı. 

Amma...

                                                                      

İndi bu şəklə baxaq. Formanın arxa tərəfində Azərbaycanın adı yazılıb... Yəni bildiyiniz, reklam yenə gedir. Amma bu dəfə milyonlar qarşılığında yox, pulsuz, təmənnasız, bir qəpiksiz!

Aydın BAĞIROV

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər