Tərlan Əhmədov: “Millidə irəliləyiş görmürəm”

Tərlan Əhmədov: “Millidə irəliləyiş görmürəm”
MÜSAHİBƏ 6 Yanvar 2010 / 11:51 3127
-  A +

“HİDDİNK GEDİB, RUSİYA MİLLİSİ ÜÇÜN SİBİRDƏ FUTBOLÇU AXTARIR, FOQTS İSƏ ...”

Milli komandamızın sabiq üzvü, hazırda “Xəzər Lənkəran”da məşqçi işləyən Tərlan Əhmədov Qol.Az saytına verdiyi geniş müsahibədə “Olimpik-Şüvəlan”dan incik ayrılması, futbolumuzun indiki durumu, eləcə də milli komandamız barədə fikirlərini bildirib. 

- Çoxdandır mətbuatda görünmürsünüz. Bu nədən irəli gəlir?
- Ona görə görünmürəm ki, axtarıb-arayan yoxdur. Heç kim zəng vurub, maraqlanmır. Özünüz bilirsiniz ki, mən hər zaman jurnalistlərə böyük hörmətlə yanaşmışam. Heç vaxt mətbuatdan qaçmamışam. Amma indi məni axtaran yoxdursa, nə etməliyəm? Gedib, kiməsə deyən deyiləm ki, məni reklam elə. Bunu nə futbolçu kimin etmişəm, nə də məşqçi kimi edərəm.
- “Xəzər Lənkəran”da işləriniz necə gedir?
- Hər şey yaxşıdır, Allaha şükür. Yavaş-yavaş məşqçiliyi öyrənirəm. Komandamızın da işləri pis getmir.
- Karyeranızı bitirdikdən sonra dərhal məşqçiliyə başlasanız da, bəzi həmkarlarınızdan fərqli olaraq, baş məşqçi kimi deyil, köməkçi məşqçi kimi işləməyə başladınız. Bunun səbəbi nədir?
- Mən futbolçu kimi son ilimi keçirərkən artıq məşqçiliyə başlayacağımı dəqiqləşdirmişdim. Amma birbaşa baş məşqçiliyə başlamaq istəmirdim. Çünki baş məşqçi vəzifəsi çox çətindir. Baş məşqçi işləmək böyük məsuliyyət tələb edir. Bu mənim şəxsi fikrimdir. Buna görə də qərara aldım ki, əvvəlcə Ağasəlim Mircavadov, Əsgər Abdullayev kimi təcrübəli məşqçilərin yanında çalışım, onlardan bilmədiklərimi öyrənim.
- Karyeranızın son illərini “Olimpik-Şüvəlan”da keçirdiniz. Çoxları da məşqçiliyə elə məhz bu klubda başlayacağınızı gözləyirdi. Amma gözlənilmədən paytaxt klubundan ayrılaraq, “Xəzər Lənkəran”a üz tutdunuz. “Olimpik-Şüvəlan”dan müəmmalı gedişinizə səbəb nə oldu?
- Əvvəlcədən mən də orada qalacağımı düşünürdüm. Mənə demişdilər ki, qalıb, komandada məşqçi işləyəcəksən. Lakin sonradan, heç işə başlamamış dedilər ki, məşqçilər korpusundan bir nəfər ixtisara salınmalıdır. Klubun sponsoru belə qərar qəbul edib. Sən də yeni olduğundan, belə qərar qəbul etdik ki, məhz səni ixtisara salaq. Sonradan yenə get-gələ saldılar. Əvvəlcə dedilər ki, səni əvəzedici komandaya baş məşqçi qoyacağıq. Dedim, bəs, Nazim Əliyev necə olacaq? Dedilər, onu çıxardacağıq. Mən isə bununla razılaşmadım. Heç vaxt razı olmaram ki, kimsə mənə görə çörəyindən olsun. Razılaşmadığımı görüb, dedilər ki, onda səni Nazimin yanına köməkçi qoyuruq. Bunu da qəbul etmədim. Axı necə razılaşa bilərdim ki, kimsə işini itirsin, kiminsə balası mənə görə ac qalsın? Bunu Allah götürməz. Sonradan elə oldu ki, Ağasəlim Mircavadov məni yanına dəvət etdi. Sağ olsun, onun sayəsində məşqçiliyə başladım.
- Sözlərinizdən açıq-aşkar “Olimpik-Şüvəlan”dan incik ayrıldığınız hiss olunur...
- Sonradan eşitdim ki, Qəhrəman Əliyev komandaya məşqçi gətirilib. Bununla da hər şey mənə aydın oldu. Mənə ən çox pis təsir edən isə o oldu ki, klubun sponsoru bir yerdə mənim işimdən uzaqlaşdırılmağım barədə qərar vermədiyini deyib. Halbuki mənə sponsorun adından, məşqçilər, klubun ovaxtkı prezidenti Rəsul Rəsulov belə demişdi. O söhbətdə Novruz Əzimov da olub, Rauf Salamov da.  
- Bəzi futbolçular “Olimpik-Şüvəlan”dan pullarını tam ala bilməmələrindən gileylənirlər. Siz də eyni problemlə qarşılaşmısınız?
-  Elə mənə də xeyli borcları qalıb. Müqaviləyə görə mənə çatmalı olan pulu tam ala bilməmişəm. Eyni zamanda orada oynadığım son iki ayın məvacibini də almamışam. Onlara dedim ki, müqaviləmdən qalan pulu sizə bağışlayıram. Heç olmasa, iki ayın əmək haqqını verin. Amma heç onu da ala bilmədim. AFFA-ya da şikayət etmişəm. Lakin xeyri olmadı.
- Konkret olaraq, “Olimpik-Şüvəlan”ın sizə nə qədər borcu var?
- 17 min 400 dollar verəcəkləri var. Geri çəkilməyəcəyəm, sonadək haqqımı tələb edəcəyəm. Nə üçün pulum batmalıdı? Mən orada can qoymuşam. Min bir əziyyət hesabına, meydanda canımızı qoyaraq, uğur qazanırdıq. Nəyə görə pulumuzu kəsməlidirlər? Həmin pul mənim haqqımdır. Komandanın heç düz-əməlli avtobusu da yox idi. Oyunlara gedərkən icarəyə avtobus götürürdülər. Amma biz dişimizi sıxaraq, hər bir əziyyətə qatlaşırdıq. Nəyə görə? Bunun üçün?!
- “Olimpik-Şüvəlan”dan çox danışdıq. Bir sual da verim, bununla “Olimpik-Şüvəlan” mövzusunu qapayaq. Komanda 2007/08 mövsümündə çox uğurla çıxış edərək, çempionluğun bir addımlığında dayandı. Lakin sonradan sanki “qara zolağ”a düşdünüz. Komanda bugünə kimi də əvvəlki gücünü qaytara bilməyib. Bir müddət əvvəl komandanın qazandığı uğurlarda böyük pay sahibi olan baş məşqçi Əsgər Abdullayev də istefaya göndərildi. Komandanın bu vəziyyətə düşməsinin səbəbini nədə görürsünüz?
- Bunun bir çox səbəbləri var. Amma başlıca səbəb heyətin tez-tez dəyişməsidir. Hər dəfə çempionat başa çatan kimi 10-15 oyunçu gedir, əvəzində eyni sayda yeni futbolçu gəlirdi. Yeni futbolçuların komandaya uyğunlaşması üçün də xeyli zamana ehtiyac olurdu. Şəxsən mən uğursuzluğun başlıca səbəbi qismində məhz bunu görürəm. Hesab edirəm ki, “Olimpik-Şüvəlan”ın tarixində ən güclü heyət məhz gümüş medal qazandığımız vaxtdakıydı.
- Hansı daha çətindir - futbolçu olmaq, yoxsa məşqçi?
- Əgər bu sualı mənə bir neçə il əvvəl versəydiniz, dərhal deyərdim ki, futbolçu. Amma indi bunun əksini düşünürəm. Düzdür, özü-özlüyündə hər ikisi çətindir. Futbol oynayanda eləydi ki, baş məşqçi göstərişi verirdi, sən də meydana çıxıb, onun dediklərini həyata keçirməyə çalışırdın. Amma məşqçinin işi daha ağırdır. Çünki məşqçi 23-25 nəfərə nəzarət edir. Hər bir xırda problemi həll etməyə çalışır. Oyunçular arasında münasibətlərə fikir verməlidir, komandanı taktiki-texniki, həmçinin də fiziki cəhətdən hazırlamalıdır.
- Ümumiyyətlə, nə vaxtadək köməkçi məşqçi kimi işləməyi planlaşdırırsınız? Sizi nə vaxt baş məşqçi kimi görə biləcəyik?
- Baş məşqçilik mənim üçün hələ tezdir. Öyrənəcəyim çox şey var. Ən azı 2-3 il də məşqçi kimi işləməyi düşünürəm. Yalnız bundan sonra baş məşqçi ola bilərəm. Hər halda, baş məşqçi işləməyə hazır olanda Ağasəlim müəllim özü bunu mənə deyəcək.
- Birdən hansısa klubdan çox yaxşı təklif alsanız, necə?
- Yenə də qəbul etmərəm. Mən ən tez 2-3 ildən sonra baş məşqçi kimi görə bilərsiniz.
- Sizinlə həmyaşıd olan, elə eyni vaxtda oynadığınız bir çox futbolçularla söhbət edərkən,onlar daha çox bu fikri səsləndirirlər - “bizim vaxtımızda bu cür şərait yox idi. İndiki şərait 10 il əvvəl olsaydı, biz daha böyük uğurlar qazanardıq”. Siz necə, bu fikirlərlə razısınız?
- Yox, mən qətiyən bu fikirlə razı deyiləm. Birinci ona görə ki, təəssüflənməyə dəyməz. Bizim də qismətimizə həmin vaxt futbol oynamaq düşüb. Həm də ki kim bilir, bəlkə həmin vaxt bu cür şərait olsaydı, biz indikilərdən də pis oynayacaqdıq. Belə götürəndə həmin vaxt da AFFA rəhbərliyi milli üçün bacardığı qədər yaxşı şərait yaratmağa çalışırdı. Biz indiki kimi olmasa da, arada bir Kiprə, Antalyaya, Bolqarıstana 10-15 günlük təlim-məşq toplanışına yollanırdıq.
- Millimizin oyunlarını yəqin ki, izləyirsiniz. Komandada əvvəlki illərə baxanda irəliləyiş hiss olunur?
- Nə deyim vallah? Mən elə bir irəliləyiş görmürəm. İrəliləyişdən danışmaq üçün ortada gərək nəticə olsun. Nəticə isə yoxdur. Deməli, hansısa inkişafdan söhbət gedə bilməz.
- Millinin baş məşqçi Berti Foqtsun işini necə qiymətləndirirsiniz?
- Mənim onun işinə hansısa qiymət verməyim düzgün çıxmaz. Amma onu deyə bilərəm ki, Foqtsun da çatışmayan cəhətləri var. Məsəlçün Qus Hiddink gedib, Rusiya millisi üçün Sibirdə futbolçu axtarır. Foqts isə bunu etmir. Eyni zamanda o klub məşqçilərilə, əvəzedici heyətlərin çalışdırıcılarıyla, lap elə uşaq məşqçiləriylə tez-tez görüşməlidir. Cavan oyunçular haqda daha çox məlumat toplamalıdır. Çünki bizim hamımızın bir məqsədi var - Azərbaycan futbolunu inkişaf etdirmək. Bunun üçün isə hamımız əl-ələ verib, çalışmalıyıq.
- Çempionatımızın səviyyəsi barədə nə deyə bilərsiniz? Çoxları hesab edir ki, cari mövsüm tarixə ən gərgin və maraqlı birincilik kimi düşəcək.
- Çempionat maraqlı olmağına maraqlı keçir. Bu da hazırkı sistemdən irəli gəlir. Əsas mübarizə 6-7 komanda arasında gedir. Amma digər komandalar haqda bunu demək olmaz.
- Əvvəllər “altılıq” sistemi tətbiq edilən zaman futbolçu kimi bu sistemdə oynamısınız. Sizin fikrinizcə, “altılıq” sistemi nə dərəcədə yaxşıdır?
- İlk “altılıq” uğrunda gərgin mübazirə gedir. Bu yaxşı haldır. Amma ilk “altılıq” məlum olandan sonra eyni gərginliyi görməyə bilərik. İkinci “altılıq”da qərarlaşan komandaların taleyi necə olacaq? Artıq indidən söz-söhbət yayılmağa başlayıb ki, gələn ildən çempionat əvvəlki sistemdə keçiriləcək və heç kim də çempionatı tərk etməyəcək. Gələn il 14 komandadan ibarət iki dövrəli sistem olacaq. Mənim üçün başqa bir məqam maraqlıdır. Əvəzedicilərin də çempionatı keçirilir. Götürək “Muğan”ı. Bu komandanın əsas heyəti ikinci, əvəzedici heyəti isə ilk “altılıq”da qərarlaşıb. Yaxud “Simurq” olsun. Zaqatala klubunun əsas heyəti həlledici mərhələyə vəsiqə qazanmaq uğrunda yarışır. Əvəzedici heyət isə son pillələrdə qərarlaşıb. Bəs bu komandaların taleyi necə olacaq? Bir komandanın əsas heyəti ilk, əvəzedici heyəti isə ikinci “altılıq”da qərarlaşacaqsa, necə olacaq?
- Ümumiyyətlə, sizin fikrinizcə 7 komandadan hansı “altılıq”dan kənarda qalacaq?
- İndi bu suala cavab vermək bir qədər çətindir. Yəqin ki, daha 3 tur oynanıldıqdan sonra bu suala cavab vermək asan olar. Amma mən belə hesab edirəm ki, təkcə “Simurq” və ya “Qəbələ” deyil, digər kollektivlərdən hər hansı biri də “altılıq”dan kənarda qala bilər. Kim deyə bilər ki, məsəlçün “Neftçi” yüz faiz “altılıq”da yer alacaq?
- Uzun illər Azərbaycanın aparıcı futbolçularında biri olan, lakin karyerası ərzində heç vaxt çempion ola bilməyən Tərlan Əhmədov məşqçi kimi ilk cəhddəcə qızıl medal qazana biləcək?
- Bunu zaman göstərəcək. Həqiqətən də karyeram ərzində heç vaxt çempion ola bilmədim. Bir dəfə olduq, onu da əlimizdən aldılar. Qismət beləymiş, nə etmək olar? 4 dəfə qızıl medalları qazanmağa çox yaxın idim. Əvvəlcə “Neftçi” və “Qarabağ”la, daha sonra isə “Karvan” və “Olimpik”lə. Amma heç vaxt istəyimə çata bilmədim. Hətta Avropa çempionu da oldum, amma Azərbaycan çempionu yox (gülür). Deməli, qismət deyildi. Amma inanıram ki, məşqçi kimi bunu bacaracam.
- Cari mövsümdə hansı komanda bu arzunuzun reallaşmasına mane ola bilər?
- “Altılıq”da bizdən başqa yer alacaq beş komandanın hər biri.
- Millimizin və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov Hollandiyanın “Tvente” klubuna keçmək üzrədir. İstərdik ki, bu transferə də münasibət bildirəsiniz.
- Təbii ki, hər bir futbolsevər kimi mən də bunu böyük sevinclə qarşıladım. İnşallah, Vaqif Hollandiyada da özünü göstərəcək. Onun hər bir uğuru Azərbaycan futbolunun uğurudur.
- Əvvəllər də legioner həyatı yaşamağa, Avropada oynamağa layiq futbolçularımız olub. Həmin futbolçulardan da biri elə siz olmusunuz. Nə üçün siz və ya sizin dövrünüzdəki tanınmış futbolçularımız legioner həyatı yaşamaqda çətinlik çəkiblər?
- Biz də vaxtı ilə xaricdə oynaya bilərdik. Elə Mahmud Qurbanovla mənim özümə nə qədər təkliflər olurdu. Amma hər dəfə bir problem çıxırdı. Gah çox pul istəyirdilər, gah da başqa səbəblərdən bizim keçdimiz baş tutmadı. Amma ümid edirəm ki, bizim bacarmadıqlarımızı indiki nəsillər həyata keçirəcəklər.    

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın