Vaqif Cavadov: “Tvente”də rəqabətə hazıram”

Vaqif Cavadov: “Tvente”də rəqabətə hazıram”
MÜSAHİBƏ 4 Yanvar 2010 / 15:44 3543
-  A +

Milli komandamızın hücumçusu, Hollandiyanın “Tvente” klubu ilə müqavilə imzalamağa yaxın olan Vaqif Cavadov Qol.Az saytına müsahibə verib.

- Vaqif, yeni ili necə keçirdin?
- Yeni ili vətənimdə, ailəmlə, doğmalarımla birgə keçirdim. Hər şey yaxşı oldu.
- İlin sonunda "İdman Azərbaycan" kanalında yayımlanan "Premyer Liqa" verilişində keçirilən sorğuya əsasən 2009-cu ilin ən yaxşı oyunçusu seçildin. Buna görə də “Unibank” tərəfindən hədiyyə olaraq 4 günlük Dubaya səyahət etdin. Həmin səfər necə keçdi?
- Dubay səfərim əla keçdi. Mənə bu cür şərait yaratdıqlarına görə hər kəsə öz minnətdarlığımı bildirirəm. Həqiqətən də orada vaxtımı çox yaxşı keçirdim, əla dincəldim. 2009-cu il çox sıx qrafikdə keçdi. Bütün ilin yorğunluğunu məhz orada çıxardım.
- Deyəsən, səfərə tək yollanmamışdın...
- Hə, komanda yoldaşım və yaxın dostum Maksim Medvedyev də mənimlə birgə idi. Orda vaxtımızı çox yaxşı keçirdik.
- “Tvente” ilə müqavilə imzalamaq üçün Hollandiyaya nə vaxt yola düşəcəksən?
- Viza nə vaxt açılsa, dərhal səfərə çıxacağam. İndi yalnız vizanın açılmasını gözləyirəm. Çox güman ki, yanvarın 9-da səfərə yollanacağam.
- Ümumiyyətlə, son günlər “Tvente”dən səninlə əlaqə saxlayan olub?
- Hə, oradan tez-tez mənimlə əlaqə saxlayır, nə vaxt gələcəyimi soruşurlar.
- “Tvente”dən başqa bir çox klubdan təklif almışdın. Niyə məhz bu varianta üstünlük verdin?
- “Tvente”dən təklif aldıqdan sonra həm atamla, həm də baş məşqçimiz Qurban Qurbanovla geniş söhbət edib, onlarla məsləhətləşdim. Həm atam, həm də Qurban müəllim məhz “Tvente” variantına üstünlük verməyimi istədilər. Hər halda, onların hər ikisi məndən qat-qat təcrübəlidirlər və futbolu çox gözəl bilirlər. Bu səbəbdən də onların məsləhətinə uyğun olaraq “Tvente”yə keçdim.
- Keçidində maliyyə şərtlərinin nə dərəcədə rolu oldu?
- “Tvente”ni seçməyimdə pulun heç bir rolu olmadı. Mən bayaq da dediyim kimi, böyüklərimin məsləhətinə uyğun olaraq, bu seçimi etdim. Özüm də məhz Hollandiya çempionatında oynamaq istəyirəm. Çünki onların sərgilədikləri sürətli futbolu çox bəyənirəm.
- “Qarabağ”ın heyətində yayda avrokuboklarda “Tvente”yə qarşı oynamısan və komandadakı hücumçuların nəyə qadir olduğunu bilirsən. Onlarla rəqabətə hazırsan?
- Əlbəttə. Yekəxanalıq kimi çıxmasın, mən özümü onlardan zəif saymıram. “Tvente”dəki rəqabətə hazıram. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Özümə güvənirəm. Orada əsas heyətə düşəcəyimə inanıram. Bütün gücümü qoyub, çalışacağam ki, vətənimin adını, bayrağını uca edim. 
 

Daha çox


Son xəbərlər