Zaur Tağızadə "Neftçi"dən gedə bilər

Zaur Tağızadə "Neftçi"dən gedə bilər
ÖLKƏ FUTBOLU 18 Noyabr 2008 / 15:37 5603
-  A +

«Neftçi» futbol klubunun kapitanı Zaur Tağızadənin komandadan gedəcəyi istisna olunmur. «Neftçi» ilə müqaviləm gələn ilin may ayınadək nəzərdə tutulub. Uzun müddətdir, bu komandada çıxış edirəm və bundan sonra da «Neftçi»yə xidmət etməyə hazıram. Heç bir problem olmasa, ən azı mövsümün sonuna kimi bu klubda qalacam. Hansısa söz-söhbət olsa, gedəcəyim istisna olunmur», - deyə "Trend"ə açıqlamasında Tağızadə deyib.

Tağızadə uzun müddətdir ki, zədəli olduğu üçün «Neftçi»nin oyunlarında iştirak edə bilmir. O, bir müddət əvvəl Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

Futbolçu bildirib ki, son vaxtlar «Neftçi»də baş verən dəyişikliklər komandanın oyununa çox təsir edib.

«Neftçi»dən ayrılan futbolçuların hamısı yaxşı oyunçulardır. Buna görə də onları transfer etmək istəyən klubların sayı da çoxdur. Bu futbolçuların «Neftçi»dən getməsi komandamızın oyununa hardasa yetmiş faiz təsir edib».

Tağızadə deyib ki, «Neftçi»nin son vaxtlar uğursuz çıxış etməsinin əsas səbəblərindən biri də komandada tez-tez baş məşqçi dəyişikliyinin olmasıdır.

«Baş məşqçilərin tez-tez dəyişməsi futbolçulara təsir edir. Çünki hər yeni məşqçi öz oyun sistemini həyata keçirir. Buna uyğunlaşmaq müəyyən vaxt aparır».

Legioner futbolçularla yerli oyunçuların münasibətlərinin yaxşı olmadığı ilə bağlı deyilənənlərə münasibət bildirən Tağızadə hesab edir ki, bütün bunlar həqiqəti əks etdirmir.


«Artıq altı ildir ki, «Neftçi»nin futbolçusuyam. Bu müddətdə komandada legionerlərlə yerli oyunçular arasında hansısa problemin olduğunu görməmişəm. İndi də komandamızda bu baxımdan heç bir problem yoxdur».

Azərbaycan yığma komandasının da üzvü olan futbolçu bildirib ki, milli yaxşı müdafiə olunmaqla yanaşı, hücum da etməlidir.

«Berti Foqtsun rəhbərliyi altında çıxış edən yığmanın oyunlarına baxmışam. Bizə vaxt lazımdır. Amma hesab edirəm ki, komandamız müdafiə olunmaqla yanaşı, harda oynamasından asılı olmayaraq, arabir hücum da etməlidir».

Hazırda zədəsinin tam sağalmadığını deyən futbolçu gələn ilin yanvarından etibarən, «Neftçi»nin hazırlıq prosesində iştirak edəcəyini bildirib.

 

Daha çox


Son xəbərlər