İsgəndər Cavadov Vaqif Cavadova “Tvente”nin əsas heyətinə düşməyin yolunu göstərdi

İsgəndər Cavadov Vaqif Cavadova “Tvente”nin əsas heyətinə düşməyin yolunu göstərdi
ÖLKƏ FUTBOLU 28 Dekabr 2009 / 16:12 2831
-  A +

“Vaqif Cavadovun “Tvente”yə keçəcəyinə görə çox sevinirəm. Bu, Azərbaycan futbolu üçün böyük hadisədir”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri millimizin və “Qarabağ”ın üzvü Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transfer olunmasına münasibət bildirən Vaqifin əmisi, veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov deyib. Ötənlərin məşhur futbolçusu Vaqifin potensialının daha böyük klublarda oynamağa imkan verdiyini bildirib: “Vaqifə Rusiya və Türkiyə klublarından da təklif var idi. Amma o, məhz “Tvente”ni seçdi. Vaqif bu qərarı qəbul edəkrən xeyli götür-qoy etdi. O, haraya getdiyini çox yaxşı bilir. Mən onun “Tvente”də uğur qazanacağına inanıram. Çünki Vaqifin potensialı buna imkan verir. Hətta deyərdim ki, Vaqif nəinki “Tvente”də, hətta daha böyük klublarda oynamağa layiqdir”.
İsgəndər Cavadov Vaqifin “Tvente”də əsas heyətə düşmək üçün daha çox çalışmalı olduğunu qeyd edib: “Hollandiya futbolu ilə Azərbaycan futbolu arasında böyük fərq var. Mən bu haqda onun özü ilə də söhbət etdim. Dedim ki, sən artıq neçə ildir burada oynayırsan və rəqib futbolçuların nəyə qadir olduğunu bilirsən. Amma orda hər şey tam fərqli olacaq. Hollandiya futbol bizimkindən çox fərqlənir. Onlar daha çox sürətli futbola, texnikalı oyuna üstünlük verirlər. Eyni zamanda fiziki cəhətdən güclü olurlar. Bütün bunları nəzərə alaraq, Vaqif məşqlərdə indikindən 2 qat, lazım gəlsə, lap 5 qat daha çox işləməlidir. Düzdür, hər bir futbolçu kimi Vaqifin də zəif cəhətləri var. Amma çalışıb, mümkün qədər tez bütün bunları aradan qaldırmaq lazımdır. Mən o vaxt “Dinamo” Moskvaya keçəndə çəkim 72 kq idi. Bununla belə, “Neftçi”nin əsas heyətində asanlıqla oynayırdım. Amma “Dinamo”da gördüm ki, vəziyyət tam fərqlidir. Buna görə də Moksvada olduğum müddətdə məşqlərdə daha çox çalışırdım. Əsas heyətdə yer almaq üçün çəkimi 5-6 kq azaltdım da. Vaqif də yalnız və yalnız əsas heyətə düşmək barədə düşünməlidir. Bəziləri deyir ki, guya Vaqif pula aldanıb. Amma bu, belə deyil və o öz oyunuyla daha çox şeyə qadir olduğunu sübut etməlidir”.
İ.Cavadovun fikrincə, qardaşı oğlunun “Tvente”yə keçməsi gənc azərbaycanlı futbolçuların da xeyrinə olacaq: “Son illər heç bir futbolçumuz bu cür klubun heyətinə düşə bilməmişdi. Bu səbəbdən Vaqifin uğuru həm də Azərbaycan futbolunun uğurudur. Bu, gənc futbolçularımızın da xeyrinə olacaq. Onlar Vaqifin “Tvente” kimi klubla keçməsindən ilham alaraq, öz üzərlərində daha çox çalışmaqla irəli gedə bilərlər”.

Daha çox


Son xəbərlər