Sadıq Sadıqov: "Neftçi" supertransferlər həyata keçirəcək"

Sadıq Sadıqov: "Neftçi" supertransferlər həyata keçirəcək"
MÜSAHİBƏ 25 Dekabr 2009 / 16:23 3951
-  A +

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun müsahibəsi

- Artıq üçüncü ildir ki, “Neftçi” İdman Sağlamlıq Mərkəzi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən fəal idman təşkilatı” mükafatını alırıq. Allahın köməkliyi ilə 2010-cu ildə də bu adı qoruyub saxlayacağıq. İlin ən yaxşısı olmağımız məsuliyyəti bir az da artırır. Mükafatlardan kim doyar ki…

- “Neftçi”nin yaxın müddət üçün planlarını açıqlayardınız?

- Qış fasiləsində əvvəlcə Bakıda 10 günlük təlim-məşq toplantısı keçiriləcək. 2010-cu il yanvarın 7-də isə Türkiyənin Antalya şəhərinə yollanacağıq. Səfərədək yerli futbolçularla anlaşmaq niyyətindəyik. Hazırda 4 futbolçu ilə danışıqlar gedir. Amma onların adlarını açıqlamayacağam.

- “Neftçi”nin supertransferlər reallaşdırmaq fikri yoxdur?

- Niyə yoxdur? Hər bir klubun arzusudur ki, yüksək səviyyəli oyunçu gətirib oynatsın, özümüzünkülər də ondan nəsə götürsün. Futbolumuzda inkişaf göz qabağındadır. “Xəzər-Lənkəran”, “Bakı” və digər klublarımız güclü transferlər edərək, futbolumuzu inkişaf elətdirirlər. Bu, hamımızın, Azərbaycanımızın uğurudur. Bəli, bizim də gələcəkdə belə bir fikrimiz var. Elə futbolçular gətirmək istəyirik ki, onların gücündən, səviyyələrindən bəhrələnək. Kaş seçimimizdə yanılmayaq.

- Komandanın hazırkı çıxışından razısınız?

- Razı deyiləm. Amma “Neftçi” gün-gündən yüksəlişə doğru gedir. Vaqif Sadıqov cəmi 3 aydır ki, komandada baş məşqçi işləyir. Hər bir məşqçinin öz texniki gedişi var. Hələ “Neftçi” heç nə itirməyib. İnanıram ki, komanda gələcəkdə öz sözünü deyəcək. Qazanılacaq uğurlar irəlidədir.

- “Neftçi”nin əvvəlki şöhrətini qaytarmaq üçün nə qədər vaxt lazımdır?

- Komandamızın əvvəlki şöhrətini bu dəfə də olmasa, növbəti çempionatda qaytaracağıq.

- Klubun rəhbər postlarında hər hansı dəyişiklik nəzərdə tutulub?

- Mən “Neftçi”nin prezidenti olduqdan sonra kadr dəyişikliyi etməyəcəyimi bildirmişəm. Kim mənimlə işləmək istəyirsə, əl-ələ verib, futbolumuzun inkişafı, “Neftçi”nin uğurlu çıxışı naminə işləyəcəyik. Kim mənimlə işləmək istəməsə, fikirlərimiz üst-üstə düşməsə, gedə bilər. Bu gün kiminsə işdən çıxarılması, istefa verməsindən söhbət getmir.

- Keçmiş klub prezidenti Əkbər Hacıyev “Neftçi”yə daha çox diqqət ayıra bilmirdi. Bəs Siz?

- Bütün idmançıların yanında olmaq mənim vəzifə borcumdur. “Neftçi”nin bütün oyunlarında, hətta məşqlərində də birgə olacağıq.

- İş yeriniz harada olacaq?

- Əvvəlki kimi “Neftçi” İSM-in Suraxanı qəsəbəsindəki ofisində. “Neftçi” PFK isə yenə əvvəlki bazasında fəaliyyət göstərəcək. Bu baza da bizim balansımızdadır. Amma komanda ilə mütəmadi əlaqəmiz olacaq.

- Ev oyunlarınızı yenə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəksiniz?

- Həmin arena müasir tələblərə uyğun hazırlanıb. Lakin stadionun giriş-çıxışları bir qədər darısqaldır. Çalışacağam ki, oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirək. Respublika stadionu şəhərin mərkəzində yerləşdiyi üçün tamaşaçıların gəlişi də rahat olacaq. Balansımızdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu Ağdamın “Qarabağ” klubuna icarəyə vermişik. Hələlik Bakıxanov qəsəbəsindəki və Respublika stadionundan yararlana bilərik.

- Klubunuzun adının danışılmış oyunlarda hallanmasına necə yanaşırsınız?

- Mən elə şeylər bilmərəm, bu cür halları qəbul etmirəm, onunla maraqlanmıram. “Neftçi”nin kiminlə danışığa gedib-getmədiyi mənə aid deyil. Mən həmişə haqq tərəfdarı olmuşam. Hakimlərlə, rəqiblərlə danışıqlara heç vaxt getməmişəm, buna vaxt ayırmağı da özümə rəva bilmirəm.

- Gələcəkdə “Neftçi” Peşəkar Futbol Klubunun “Neftçi” İSM-lə birləşdirilməsi mümkündür?

- Belə bir fikir var, amma gələcəyin işidir. Əgər Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin “Neftçi” İSM-i şirkət nəzdində bir cəmiyyət kimi yaratmaq fikirləri olsa, yəqin ki, nəinki futbol klubu, “Azərneftyağ” voleybol klubu, basketbol komandaları da bizdə cəmləşəcəklər.

- Keçmiş baş məşqçi Hans-Yurgen Gede “Neftçi”dən FİFA-ya şikayət edib. Hazırda bu məsələ nə yerdədir?

- Hələ klubu yazılı yox, şifahi təhvil götürmüşəm. Yazılı götürəndə məsələ ilə dərindən maraqlanacaq, Gedenin şərtlərinə baxacaq, kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirəcəyik. Mən kluba yenicə təyin olunduğum üçün bu məsələ ilə maraqlanmamışam. Yanvarın 28-dən “Neftçi” futbol klubunda fəaliyyətə rəsmən başlayacağam. Orada bizim hüquqşünasımız var. Onunla birgə məsələni araşdıracağıq.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər