Ağasəlim Mircavadov: “Xəzər Lənkəran”ın əsas problemi sabit çıxış etməməsidir”

Ağasəlim Mircavadov: “Xəzər Lənkəran”ın əsas problemi sabit çıxış etməməsidir”
MÜSAHİBƏ 25 Dekabr 2009 / 14:00 3322
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibə verib.

- Dünən komandanız səfərdə “Muğan” üzərində qələbə qazanmaqla 2009-cu ili major notda bitirdi. “Xəzər Lənkəran”ın dünənki oyunundan razı qaldınız?
- Mən deyərdim ki, dünənki qarşılaşmada həm “Xəzər Lənkəran”, həm də “Muğan” çox gözəl oyun sərgilədi. Meydanda gözəl mübarizə gedirdi. Düzdür, stadionda bir o qədər çox tamaşaçı yox idi. Amma mənə elə gəlir ki, oyuna gələnlər peşman olmadılar. Komandamın çıxışından razı qaldım. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. Düzdür, daha çox qol şansımız var idi. Üç və ya dörd qol da vura bilərdik.
- Belə başa düşdüm ki, dünənki qarşılaşmada sizi narazı salan heç bir məqam olmayıb?
- Yalnız meydançanın vəziyyəti bir o qədər yaxşı deyildi. Amma bu da təkcə bizim deyil, hər iki komandanın oyununa təsir göstərirdi.
- Artıq çempionatda “Xəzər Lənkəran” üçün fasilə yaranıb. Geridə qalan 17 turu komandanız üçün necə dəyərləndirərdiniz?
- İlk növbədə onu deyim ki, biz hazırlığa bir qədər gec başlamışdıq. İyulun axırında komanda toplaşdı. Buna görə də hazırlıq üçün bir qədər az vaxtımız oldu. Transferlər üçün də bir qədər gec idi. Amma qısa zaman kəsiyində planlaşdırdığımız işləri maksimum dərəcədə yerinə yetirməyə çalışdıq. Çempionatdakı ilk oyunumuzda “İnter” üzərində vacib qələbə qazansaq da, ikinci oyunda komanda büdrədi. Ümumiyyətlə, 17 tur ərzində “Xəzər Lənkəran”da sabitlik çatışmırdı. Komanda bir oyunu çox yaxşı oynayırdı, amma növbəti qarşılaşmada elə də parlaq çıxış etmirdi. Bunu da bayaq dediyim kimi, zamanla əlaqələndirirəm.
- Geridə qalan 17 tur ərzində komandanızın ən yaxşı və ən pis oyunu kimi hansı qarşılaşmaları qeyd edərdiniz?
- Mən oyunları yaxşı və pis kimi bölmürəm. Yaxşı oyunlarımız oldu. Amma gözlənilməz xallar da itirdik. Bayaq dediyim fikrə qayıdıram, “Xəzər Lənkəran”ın əsas problemi sabit çıxış etməməsidir. Bunu heç gizlətmirəm də. Amma fasilədə çalışacağıq ki, bütün problemləri yoluna qoyaq. Dayanmadan işləmək lazımdır.
- 17 turdan sonra üçüncü pillədə qərarlaşan və liderdən yalnız 1 xal geri qalan “Xəzər Lənkəran”ı artıq ilk “altılıq”da hesab etmək olar?
- Yox, bu haqda danışmaq hələ tezdir. Qarşıda bizi 5 oyun gözləyir. Həmin qarşılaşmalarda qalib gələcəyimizə kim təminat verə bilər? “Altılığ”a düşmək üçün fasilədən sonra da inamlı çıxış edib, mühüm xallar yığmaq lazımdır. İndiki halda hər bir xal həlledici ola bilər.

- Bəs digər komandalardan necə, hansını artıq “altılıq”da görürsünüz?
- Mən yalnız öz komandam haqda danışa bilərəm. Başqaları haqda nəsə deməyim düz çıxmaz.
- Yayda heyətə cəlb etdiyiniz yeni futbolçulardan ümidlərinizi doğrultmayanlar oldu?
- Yox, belə futbolçu olmadı. Hamısı tam da olmasa, böyük ölçüdə ümidlərimizi doğrultdular. Bilirsiz, legioner futbolçunun da zamana ehtiyacı var. Gələn kimi o dərhal mühitə uyğunlaşa bilməz. Bunun üçün zamana ehtiyac var. Ümumiyyətlə, mən belə hesab edirəm ki, bizdə legioner seçimi tələm-tələsik aparılır. Məsəlçün hansısa legioner baxışa gəlir. O bir oyunu yaxşı oynadı, vəssəlam, onu götürürük heyətə. Amma bir müddətdən sonra görürsən ki, bu heç də güclü futbolçu deyil. Və ya əksinə, kimsə ilk oyunda zəif oynaya bilər, amma sonradan onun güclü futbolçu olduğu müəyyənləşər. Avropada, elə Rusiyanın özündə legioner seçiminə fərqli yanaşırlar. Onlar 6 ay, 1 il əcnəbi futbolçunu izləyib, sonradan ona dəvət göndərirlər. Bir misal çəkim. Qazzayev ÇSKA-nın baş məşqçisi olanda braziliyalı futbolçu Jonu təxminən 1 il izlədilər və yalnız bundan sonra ona dəvət göndərdilər. Daha sonra isə Jonu İngiltərəyə aldıqlarından xeyli baha qiymətə satdılar. Futbolçu həm bir müddət komandaya xeyir verdi, daha sonra isə transferindən külli miqdarda pul qazanıldı. Bu cür futbolçuları transfer etmək lazımdır. Bugünkü gündə futbol da biznesdir.
- “Bakı” klubunda transfer komitəsi yaradılıb və həmin komitənin üzvləri uzun müddət ərzində əcnəbi futbolçuların oyunlarını izləyib, daha sonra bəyəndiklərini baş məşqçiyə təqdim edirlər. Siz də belə bir üsuldan istifadə etməyi düşünürüsüz?
- Bizim klubda da bu işlə məşqul olan insanlar var. Onlar sentyabrdan etibarən bir çox futbolçuların çıxışlarını izləyib, lazımı məlumatları məşqçilər korpusuna verirlər. Amma mən indi ad çəkə bilmərəm.
- Qış fasiləsində komandanızda hansı dəyişikliklər olacaq?
- Hazırkı heyətdən heç kimlə vidalaşmayacağıq. Yalnız Denis Silva klubu tərk edə bilər. Onun müqaviləsi artıq başa çatıb. Braziliya klublarının birindən də yaxşı təklif alıb. Buna görə də hazırda düşünür. Sabahda, birisigündə bizə yekun qərarını deyəcək. Ondan başqa heç bir futbolçu komandadan ayrılmayacaq.
- Amma yəqin ki, yeni transferləriniz olacaq?
- Əlbəttə, heyəti mütləq gücləndirməliyik. Həm yerli, həm də əcnəbi futbolçularla maraqlanırıq. Onları təlim-məşq toplanışında baxışdan keçirib, yekun qərar qəbul edəcəyik. Amma həmin oyunçuların adlarını açıqlaya bilmərəm. Axı, müqavilə imzalamamış necə deyə bilərəm ki, bu, mənim futbolçumdur?

Daha çox


Son xəbərlər