Zaur Məmmədov: “Bizim “Neftçi”ylə xüsusi haqq-hesabımız var”

Zaur Məmmədov: “Bizim “Neftçi”ylə xüsusi haqq-hesabımız var”
MÜSAHİBƏ 24 Dekabr 2009 / 18:39 4274
-  A +

“Simurq”un prezidenti Zaur Məmmədov Qol.Az saytına müsahibə verib

- Şənbə günü komandanız ölkə çempionatında “Neftçi”ni qəbul edəcək. Çətin oyunöncəsi komandada vəziyyət necədir?
- Komandamızda vəziyyət çox pisdir. Qrip virusu yayılıb. Zədəlilər bir yana, aparıcı üzvlərimizdən Sergey Sokolov və Aleksandr Malıgin də məhz bu virusa yoluxublar. Komandamızın həkimləri futbolçuları oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar. Amma bu bir qədər çətindir. Çünki futbolçunun tempraturu düşsə belə, o dərhal meydanda tam gücü ilə mübarizə apara bilməz. Amma ümidimizi itirmirik. Artıq özüm də Zaqatalaya gəlmişəm, komandanın yanındayam.
- Heyətlə bağlı problemləri nəzərə alsaq, “Neftçi” ilə oyunda komandaya əvəzedici heyətdən futbolçu cəlb etməyiniz mümkündür?
- Yəqin ki, belə də olacaq. Başqa nə edə bilərik ki? Amma istənilən halda, kimin meydana çıxmasından asılı olmayaraq, yalnız qələbəyə oynayacağıq.
- Bir neçə gün əvvəl sizin kimi eyni problemlə “Qəbələ” də qarşılaşmışdı. Hətta bu səbəbdən “Qəbələ” “İnter”lə oyunun bu gün deyil, bir neçə gün sonraya keçirməyə və ya ümumiyyətlə, qarşılaşmanın təxirə salınmasına çalışırdı. Sizin də eyni addımı atmaq fikriniz var?
- Yox, biz oyunun təxirə salınmasının istəmirik. Çünki bunun heç bir mənası yoxdur. 2010-cu ildə qrafikimiz onsuz da sıx olacaq. Buna görə də “Neftçi” ilə elə şənbə günü qarşılaşsaq, yaxşıdır.
- Yəqin ki, bu gün çempionatda baş tutan 4 oyunun nəticəsindən xəbəriniz var. Bu nəticələrdən sonra “Neftçi”yə qalib gələcəyi halda, komandanız 2009-cu ili dördüncü pillədə başa vuracaq.
- Hə, nəticələrdən xəbərim var. Sizin də dediyiniz kimi, “Neftçi”yə qalib gələcəyimiz halda dördüncü pilləyə yüksələcəyik. Bu amil komandanın oyuna daha da yaxşı köklənməsinə kömək edə bilər.
- Ötən mövsüm “Neftçi” Zaqatalada “Simurq”u məğlub etmişdi. Bu amili nəzərə alaraq, qarşılaşmanı sizin üçün prinsipial adlandırmaq olar?
- Tam səmimi deyirəm - inanın ki, məhz bu amil uşaqları oyuna daha ciddi hazırlaşmağa sövq edir. Bu oyun bizim üçün çox prinsipialdır. “Neftçi”ylə bizim xüsusi haqq-hesabımız var. Buna görə də “Neftçi”ni şənbə günü mütləq məğlub etməyə çalışacağıq.
- Son turlarda qeydə alınan uğursuz nəticələrdən sonra çoxları “Simurq”un “altılığ”a düşəcəyinə şübhəylə yanaşır. Siz komandanızı final mərhələsinə yüksəlməyə nə dərəcədə şanslı sayırsınız?
- İlk növbədə onu deyim ki, mən son turlarda “Simurq”un uğursuz çıxış etməsi fikri ilə razılaşmıram. Düzdür, autsayderlərlə qarşılaşmalarda xal itirdik. Amma nəzərə almaq lazımdır ki, istənilən futbolçu aşağı pillədə qərarlaşan komandalarla oyuna tam köklənə bilmir. Bu da gözlənilməz xal itkisinə səbəb olur. Lakin elə oyunlar var ki, həmin matçlarda xal itirmək olmaz. “Neftçi”ylə matç da məhz həmin qarşılaşmalardan biridir. Mən “Simurq”un “altılığ”a düşəcəyinə əminəm. Bizim minimum vəzifəmiz də məhz budur.
- Ümumiyyətlə, sizin fikrinizcə, 17 turdan sonra hansı komandalar artıq “altılıq”da yerini təmin edib?
- Məncə, “İnter” və “Qarabağ” yüz faiz “altılıq”dadır. Növbəti turlarda həmin komandalar hansısa görüşdə büdrəsələr belə, final mərhələsindən kənarda qalmayacaqlar.
- Transfer çalışmaları barədə nə məlumat verə bilərsiniz?
- Hazırda bütün diqqətimizi “Neftçi”ylə oyuna yönəltmişik. Yalnız bircə onu deyə bilərəm ki, “Çernomorets”in futbolçusunun transferi mümkündür. Bu oyunçu haqda Pokora mənə məlumat verdi və qışda onu sınaqdan keçirəcəyini dedi. Komandadan gedəcək oyunçular barədə qərarı “Neftçi” ilə oyundan sonra qəbul edəcəyik.
- Şənbə günü “Neftçi” ilə keçirəcəyiniz oyun 2009-cu ildə komandanızın son qarşılaşması olacaq. Cari ili “Simurq”un tarixi ərzində ən uğurlu hesab etmək olar?
- Bu fikirlə tam razıyam. Həqiqətən də 2009-cu il bizim üçün bir çox cəhətlərə görə çox uğurlu alındı. Komandamız ilk dəfə olaraq ölkə çempionatında medal, eləcə də Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazandı. Amma ən önəmlisi odur ki, məhz 2009-cu ildə komandamızın doğma stadionu istifadəyə verildi. “Simurq” artıq iddialı kluba çevrilib. Qısa müddət ərzində yaranmasına baxmayaraq, artıq digər klublar “Simurq”la hesablaşırlar.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord