Vaqif Sadıqov: «Bizim bir prinsipimiz olub…»

ÖLKƏ FUTBOLU 24 Dekabr 2009 / 15:35 2448
-  A +

«Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov hesab edir ki, Sadıq Sadıqovun klubun yeni prezidenti seçilməsi komandaya yeni nəfəs gətirəcək. Qol.Az-ın müxbiri ilə söhbətində V.Sadıqov bildirib ki, komandanın üzvləri və məşqçi korpusu son rəhbər dəyişikliyini normal qarşılayıb: «Klubun keçmiş prezidenti Əkbər Hacıyev Sadıq Sadıqovu komanda üzvlərinə  təqdim edərkən bildirdi ki, işlərinin çoxluğuyla əlaqədar bu vəzifəsindən gedir. Amma eyni zamanda həmişə «Neftçi»yə dəstək olacağını söylədi».
V.Sadıqov bu həftənin şənbə günü Zaqatalada «Simurq»la keçiriləcəkləri oyunla bağlı da fikirlərini söyləyib: «Bu görüş bizim üçün mühüm əhəmiyyət daşıyır. Hazırda komandanın üzvlərində yorğunluq var. Hələ də 18 nəfərlik heyəti müəyyənləşdirə bilmirik. Düzdür, futbolçuların əhval-ruhiyyəsi çox yaxşıdır. Amma komandanın bəzi futbolçularının zədəli olması bizi narahat edir. Onların bəziləri oyunlara hələ də iynə altında çıxırlar. Bununla belə, bizim həmişə bir prinsipimiz olub - hər bir oyun bizim üçün son oyun qədər əhəmiyyətlidir. «Simurq»la oyun «altılıq»da mövqeyimizi daha da gücləndirmək baxımdan vacibdir. Futbolçular da bunu gözəl anlayırlar. Çünki komanda çətin vəziyyətdədir. «Simurq»la oyundakı uğurlu nəticə bizim üçün çox mühümdür».
V.Sadıqov qış transfer siyasətilə bağlı fikirlərini də deyib: «İndiki halda zədə səbəbindən 18 nəfəri hələ də bir yerə yığa bilmiriksə, komandadan kiminsə çıxarılmasından söhbət gedə bilməz. «Neftçi»yə yeni futbolçular cəlb etmək və komandada rəqabət yaratmaq fikrindəyik».

Daha çox


Son xəbərlər