Qurban Qurbanov: “Altılığ”a düşmək üçün yaxşı şansımız var, amma...”

Qurban Qurbanov: “Altılığ”a düşmək üçün yaxşı şansımız var, amma...”
MÜSAHİBƏ 23 Dekabr 2009 / 18:10 3183
-  A +

Sabah Premyer Liqanın XVII turu çərçivəsində “Bakı”yla qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına müsahibə verib.

- Çətin oyunöncəsi komandada vəziyyət necədi?
- Vəziyyət yaxşıdı. Bu gün də oyunqabağı son məşqimizi keçdik. Komandamız oyuna tam hazırdı. Artıq qarşılaşmanı gözləyirik.
- Heyətlə bağlı hansısa probleminiz var?
- Yox, elə bir ciddi problemimiz yoxdur. Komandada hər şey qaydasındadır.
- Ötən oyunda əsas heyət üzvləri olan Elvin Məmmədovla Vüqar Nadirova “ilk onbirlik”də şans vermədiniz. Bu dəfə də eyni addımı atacaqsınız, yoxsa həmin futbolçuları ilk dəqiqələrdən meydanda görəcəyik?
- Yəqin ki, bu dəfə hər ikisi meydana start heyətində çıxacaq.
- Quzanlı stadionunun durumunun yaxşı olmaması komandanızın çıxışına nə dərəcədə təsir göstərir?
- Həqiqətən də Quzanlı stadionunun ot örtüyü istənilən səviyyədə deyil. Meydançanın durumu daha yüksək səviyyədə olsaydı, həm bizim, həm də rəqib futbolçular üçün daha yaxşı olardı. Amma indiki halda heç nə edə bilmərik. Artıq neçə turdur ki, eyni şəraitdə mübarizə aparırıq. Demək olar ki, bu vəziyyətə öyrəşmişik. Meydançanın ot örtüyünün istənilən səviyyədə olmamasında hava şəraitinin də rolu var.
- Sabahkı oyun haqda nə deyə bilərsiniz?
- Oyun çox gərgin keçəcək. “Bakı” çempionatın güclü kollektivlərindən biridir. Ötən mövsüm də çempion olublar. Bu səbəbdən də bizi sabah çox ağır oyunun gözlədiyini demək olar.
- Yəqin ki, “Bakı”nın son görüşlərini izləyib, rəqibin oyununu təhlil etmisiniz. İlk dövrədə səfərdə məğlub etdiyiniz “Bakı” ilə indiki arasında çox fərq var?
- İndi “Bakı” daha yaxşı oynamağa başlayıb. Xüsusən də son turlarda. Komanda “İnter” və “Simurq” kimi güclü kollektivlər üzərində qələbə qazandı. Bunu nəzərə alaraq, bir daha təkrarlayıram ki, sabah bizi həddindən artıq çətin oyun gözləyir.
- Sabahkı oyunda heç-heçə sizi qane edəcək?
- Biz meydana yalnız qələbə üçün çıxacağıq. Bütün gücümüzü də sərf edəcəyik ki, istəyimizə çataq. Amma futbolda istənilən nəticəylə qarşılaşmaq mümkündür. Ona görə də indidən qələbə və ya heç-heçə barədə danışmaq istəməzdim.
- Çoxları belə düşünür ki, “Qarabağ” artıq “altılıq”da yerini təmin edib. Bu fikirlərlə razısınız?
- Düzdür, hazırda turnir cədvəlində birinci pillədə qərarlaşmışıq. “Altılığ”a düşmək üçün yaxşı şansımız var. Amma növbəti oyunlarda da mümkün qədər çox xal qazanmalıyıq. Çünki birinci pillədə qərarlaşmağımıza baxmayaraq, yeddinci yerdə olan komandayla aramızda elə də çox xal fərqi yoxdur. Buna görə də arxayınlaşmaq olmaz.
- Klubunuzun direktoru Əmrah Çəlikəl ölkə mətbuatına verdiyi açıqlamada bildirib ki, qışda komandanızın düşərgəsinə Rusiya, Türkiyə və digər ölkələrdən futbolçular baxışa dəvət olunacaq. Həmin futbolçuların oyunlarını özünüz izləyib, bəyənmisiniz, yoxsa menecerlər təklif edib?
- Yox, biz hələ ki, heç bir futbolçunun oyununu izləməmişik. Həmin futbolçuları bizə menecerlər təklif ediblər. Biz də bildirmişik ki, fasilədə onları baxışa dəvət edib, sınayacağıq.
- Qışda heyətinizə digər klublardan hansısa yerli futbolçunu dəvət etmək fikriniz var?
- Maraqlandığım futbolçular arasında təbii ki, bir neçə yerli oyunçu da var. Onları məmuniyyətlə komandama cəlb edərdim. Amma indiki halda bu qeyri-mümkündür. Çünki hamısının klubları ilə müqavilələri var.
- Həmin oyunçuların adlarını açıqlaya bilərsiniz?
- Yox, bunu edə bilmərəm.
- Bugünkü gündə “Qarabağ”ın əksər əsas heyət üzvlərinə digər klubların maraq göstərdiyi məlumdur. Hansısa oyunçuyla vidalaşmağınız mümkündür?
- Məncə, bu baş verməyəcək. Çünki demək olar ki, bütün futbolçularla yayadək müqaviləmiz var. Ona görə də digər klublardan təklif almalarına baxmayaraq, heç kimlə vidalaşmayacağıq.
- Birdən hansısa oyunçuya görə sizə külli miqdarda pul təklif olunsa necə?
- Düşünmürəm ki, klub rəhbərliyi pulu üstün tutsun. Şəxsən mən belə hesab edirəm ki, hazırkı heyətimizi ən azı mövsümün sonunadək qoruyacağıq. Düzdür, hansısa futbolçuyla vidalaşmağımız mümkündür. Amma bu, yalnız xarici klubdan ciddi təklif alacağımız halda baş verə bilər.

Daha çox


Son xəbərlər