Bülənt Qorxmaz: “Bakı”nın əsas problemi yayda edilən yanlış transferlərdir”

Bülənt Qorxmaz: “Bakı”nın əsas problemi yayda edilən yanlış transferlərdir”
MÜSAHİBƏ 22 Dekabr 2009 / 16:25 3139
-  A +

“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz Qol.Az saytına müsahibə verib.

- Çempionatın növbəti turunda komandanızı səfərdə “Qarabağ”la çətin oyun gözləyir. Qarşılaşmanın hazırlığı necə keçir?
- Hər şey normaldır. Futbolçularım məşqlərdə istəklə çalışırlar. Bu da məni sevindirməyə bilməz.
- Çətin oyunöncəsi heyətdə hər hansı bir problem var?
- Bəzi zədəli futbolçularımız var.
- Ardıcıl 3 turda qələbə qazandıqdan sonra “Olimpik-Şüvəlan”la oyunda xal itirdiniz. Bu amil komandadakı əhval-ruhiyyəni korlamayıb ki?
- Yox, vəziyyət normaldır. Futbolda istənilən nəticəylə qarşılaşmaq olar. Həm də əsas odur ki, biz son matçda yaxşı oynadıq. Futbolçular qələbə üçün əllərindən gələni etdilər. Yaxşı oynamağımıza baxmayaraq, uşaqlar öz çıxışlarıdan narazı qaldılar. Bu amil də məni xeyli sevindirir. 
- Komandanızın aparıcı üzvü Jabanın meydanda olmaması “Olimpik-Şüvəlan”la görüşdə xal itirməyinizə nə dərəcədə təsir etdi?
- Jaba yüksək səviyyəli futbolçudur. Bunu danmaq olmaz. Təbii ki, o da olsaydı, daha yaxşı olardı. Amma bizim əsas problemimiz heyətdə sırf hücumçunun olmamasıdır. Jabanı, elə Ticaninin özünü də məcburiyyətindən hücumun mərkəzində oynadırıq. Əgər sərəncamımda yüksək səviyyəli ön xətt oyunçusu olsaydı, bu gün daha çox xal toplamış olardıq. Mən deyərdim ki, “Bakı”nın bu gün əsas problemi yayda edilən yanlış transferlərdir. Heyətimizdə futbolçuların sayı da kifayət qədər deyil.
- Baş məşqçi təyin olunarkən demişdiniz ki, müəyyən qədər irəliləyişə nail olmaq üçün ən azı iki ay vaxta ehtiyacınız var. Təyinatınızdan artıq iki aydan çox vaxt keçir. Bugünkü gündə “Bakı” sizin istədiyiniz səviyyəyə çatıb?
- Fiziki baxımdan çatıb. “Bakı” fiziki durumuna görə mən istəyən səviyyədədir. Amma başqa amilləri də nəzərə almaq lazımdır. Meydança çatışmazlığına görə biz gündə iki deyil, yalnız bir dəfə məşq keçirik. Amma bazamız hazır olandan sonra hər şey yaxşı olacaq.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?
- Oyunun çətin keçəcəyi şübhə doğurmur. Azarkeşləri çox gərgin, maraqlı bir qarşılaşma gözləyir.
- Rəqibin oyununu necə xarakterizə edə bilərsiniz?
- Bizi Azərbaycanın ən yaxşı komandasıyla gərgin oyun gözləyir. Rəqibimizin heyəti əsasən gənc futbolçulardan təşkil olunub. “Qarabağ”ın 7 üzvü millidə çıxış edir. Onlar dayanmadan 90 dəqiqə ərzində meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Amma biz meydana yalnız və yalnız qələbə üçün çıxacağıq.
- Qələbəyə oynayacağınızı dediniz. Amma başqa nəticəylə də qarşılaşmağınız mümkündür...
- Əlbəttə, heç-heçə də ola bilər. Hətta məğlub olmağımız da mümkündür. Amma gəlin nəticə haqda indi deyil, qarşılaşmadan sonra danışaq.
- Olar. Ötən tur “Olimpik-Şüvəlan”la oyunda gənc futbolçu Hacı Əhmədovun adını protokola daxil etsəniz də, ona şans vermədiniz. Quzanlıda hansısa gənc futbolçuya şans verməyiniz mümkündürmü?
- Mən ilk gündən bir neçə gənc futbolçunu əsas heyətlə birgə məşqlərə cəlb etmişəm. Onlara təbii ki, şans da verəcəyik. Amma bu zamanla baş tutacaq. Bir günün içində hansısa 15-16 yaşlı futbolçunu əsas heyətdə meydana buraxa bilmərəm.
- Bir qədər də yeni transferlərdən danışaq.
- Gəlin, bu haqda indi yox, “Qarabağ”la oyundan sonra söhbət edək. Çünki indi bütün fikirlərimizi qarşıdakı matça yönəltmişik.  

Daha çox


Son xəbərlər