Azərbaycanlı futbolçular nömrə seçimlərinin sirrini açdılar

Azərbaycanlı futbolçular nömrə seçimlərinin sirrini açdılar
ÖLKƏ FUTBOLU 22 Dekabr 2009 / 12:55 3299
-  A +

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da bir çox futbolçu komandalarında özlərinə fərqli nömrələr seçirlər. Təbii ki, futbolçuların bu addımı hər zaman maraq doğurub. Elə biz də bu marağı nəzərə alıb milli komandamızda oynamış və oynayan bəzi futbolçulardan soruşduq ki, niyə məhz bu nömrəni seçmisiniz? Bunda rəmzi bir məna var, yoxsa təsadüfən belə alınıb?
Gəlin görək, futbolçularımızın bu suallara cavabı necə olub.

RƏŞAD  SADIQOV - 14

- Əvvəllər, daha dəqiqi, «Neftçi»də 7 nömrəli forma altında çıxış edirdim. Sonra Mahmud Qurbanov komandamıza gəldi. O, «Şəmkir»də də 7 nömrəni daşıyırdı. Mahmudun xətrini çox istədiyim üçün 7 nömrəni ona verdim. Özüm isə iki 7-nin cəmi olan 14-ü seçdim. Elə o vaxtdan həm çıxış etdiyim klubda, həm də milli komandada bu nömrə altında oynayıram.

MAHMUD QURBANOV - 7

- Bu rəqəmdən xoşum gəldiyinə görə onu seçdim. 1992-ci ildən 7 nömrəli futbolkanı geyinirəm.

VÜQAR NADİROV - 17

- «Qarabağ»ın heyətində ilk dəfə rəsmi debüt edəndə 17 yaşım vardı. Mən də elə yaşımı nəzərə alaraq 17 nömrəni seçdim. Həm «Qarabağ»da, həm də millidə bu nömrə altında çıxış edirəm.

SAŞA YUNİSOĞLU - 33

- Bu rəqəmi seçməyimin xüsusi və rəmzi bir mənası yoxdur. Sadəcə, təsadüfən bu nömrəni seçmişəm. 6 ildir ki, bu nömrə altında oynayıram.

SAMİR ABBASOV - 9

- Mən də bu nömrəni təsadüfən götürmüşəm. Ümumiyyətlə, mənim üçün nömrənin əhəmiyyəti yoxdur.

FƏRİD QULİYEV - 86

- 1986-cı ildə doğulduğuma görə bu nömrəni seçmişəm.

VAQİF CAVADOV - 20

- Mənim ən çox sevdiyi 20 və 7 rəqəmləridir. Bildiyiniz kimi, «Qarabağ»da 20, millidə 7  nömrə altında oynayıram. Atam Füzuli Cavadov da 7 nömrə altında çıxış edib. Ona görə də bu rəqəm mənə əzizdir.

RUSLAN ABIŞOV - 15

- «Neftçi»nin təlim-məşq toplanışlarından biri zamanı bu nömrəni mənə verdilər. Elə o vaxtdan, düz dörd ilə yaxındır ki, bu nömrəni «mənimsəmişəm».

CƏMHİD MƏHƏRRƏMOV - 15

- «15»i seçməyimdə rəmzi məna yoxdur. Sadəcə, bu rəqəmi bəyəndiyimdən onu seçdim.

ASLAN KƏRİMOV - 8

- Mən də bu nömrəni təsadüfən seçmişəm. Millidə oynayanda 8 nömrəli forma tutulmadığına görə onu geyindim. Səhv eləmirəmsə, 2001-2002-ci ildən bu nömrə altında oynayıram.

RAMAL HÜSEYNOV - 67

- Əvvəllər - «Şəfa», «Turan», «Qarabağ» və U-21-də 7 nömrəni daşıyırdım. «Bakı»ya gələndə isə mənim sevimli nömrəm tutulmuşdu. Eyni zamanda iki 7-nin birləşməsi olan 77-ni də başqa bir futbol seçdiyinə görə məcbur qalıb 67 rəqəmini götürdüm. Elə o vaxtdan bu nömrə altında oynayıram.

KAMRAN AĞAYEV - 25

- Millidə məcburiyyət qarşısında 1 nömrə altında oynayıram. «Xəzər Lənkəran»da isə 25 nömrəli futbolka mənimdir. 25-i seçməyimin səbəbi isə sadədir: mən 25 yaşıma qədər Avropa klublarından birində oynamağı qarşıma məqsəd qoymuşam. Hazırda 23 yaşındayam.

Daha çox


Son xəbərlər