Azərbaycan çempionatının ən intizamsız futbolçuları (BİRİNCİ YAZI)

Azərbaycan çempionatının ən intizamsız futbolçuları (BİRİNCİ YAZI)
ÖLKƏ FUTBOLU 21 Dekabr 2009 / 15:38 2870
-  A +

Onlar peşəkar futbolçu kimi yaxşı mənada nə qədər ad çıxarsalar da, ipə-sapa yatmamaqları, meydanda yeri gəldi-gəlmədi dava etmələri, münaqişə yaratmaları ilə də tanınıblar.
Kimdir onlar?
Bu yazını oxuyun və Azərbaycan çempionatlarının ən intizamsız futbolçuları ilə siz də yaxından tanış olun.

ZAUR RAMAZANOV (“STANDARD”IN HÜCUMÇUSU)

Zaur vaxtilə ölkəmizin ən perspektivli hücumçularından biri sayılsa da, potensialını tam aça bilmədi. Bunun da başlıca səbəbi məhz nizam-intizamsızlığıdır. Hücumçunun yayda “Qarabağ”dan kənarda qalması da intizamsızlığı ilə əlaqələndirilir. Daha sonra “Standard”a üz tutan forvard bu komandanın heyətində nəinki meydana çıxdı, bir dəfə olsun belə məşqlərdə də iştirak etmədi. Klub rəhbərliyi isə hələ də hücumçunun dərdinin nə olduğunu bilmir.
“Karvan”da çıxış edərkən bir dəfə yan xətt hakimi Aydın Ələkbərovu vurduğuna görə 10 oyunluq cəzalandırılmışdı. 

EMİN QULİYEV (KLUBSUZ)

Zaur Ramazanovla Emin Quliyevin xasiyyətləri çox oxşardır. Ağasəlim Mircavadovun vaxtında “Xəzər Lənkəran”ın aparıcı üzvü olan Quliyev Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə görüşdə qırmızı vərəqə almaqla komandasının pis vəziyyətdə qoymuşdu. Ümumiyyətlə, Emin tez-tez qırmızı vərəqə almasıyla da yadda qalırdı. İqor Ponomaryovun cənub klubuna baş məşqçi təyin olunmasından sonra isə Quliyevin nəinki “Xəzər Lənkəran”lı, hətta futboldakı günləri başa çatdı. Bu ilin əvvəllərindən Quliyev yaşıl meydan üzünə həsrət qalıb.

RAMAL HÜSEYNOV (“STANDARD”IN YARIMMÜDAFİƏÇİSİ)

Ramal daim meydanda çılğınlığı ilə seçilir. Təcrübəli futbolçu qırmızı vərəqələrin sayına görə də rekordçudur. Daim ustalıqla hakimlərin gözündən yayınaraq, ikili mübarizələrdə rəqiblərinə dirsəklə zərbə endirir. Məhz bu səbəbdəndir ki, həmkarları ona “dirsək” ləqəbini qoyublar. Xasiyyətinə görə baş məşqçilərlə münasibəti daim gərgin olub. Futbolçu heç vaxt gecə həyatından əl çəkməyib. Deyilənə görə, “Turan”da çıxış edərkən Antalyada təlim-məşq toplanışında olanda axşamlar hər gün diskotekanı ziyarət etdiyinə görə (15 gün) 15 min dollar cərimələnib.

XALİDU SISSOKO (“BAKI”NIN QAPIÇISI)

“Bakı”nın seneqallı qolkiperi də problemli futbolçulardan biridir. Lakin Sissoko daha çox lənkəranlı azarkeşlərlə yola getmir. “Xəzər Lənkəran”la səfər oyunları zaman Sissoko bir neçə dəfə insident iştirakçısı olub.

FELİPE ALMEYDA FELİKS (“BAKI”NIN SABİQ HÜCUMÇUSU)

“Bakı”ya yayda böyük ümidlərlə gətirlən Feliks də tezliklə intizamsız futbolçular sırasına düşdü. Tez-tez simulyasiyaya əl atan ucaboy forvard çempionat oyunlarında vurduğu qollarla deyil, törətdiyi qalmaqallar, aldığı qırmızı vərəqələrlə gündəmi zəbt etdi. “Bakı”dakı ən son oyununda hakimi söyməklə yanaşı komandasının formasına hörmətsizlik edib. Bu əməlinə görə “Bakı” Feliksə qapını göstərdi.

MAHİR ŞÜKÜROV (“İNTER”İN ÜZVÜ)

“İnter”in və millimizin üzvü də intizamsız futbolçular arasındadır. Ötən mövsüm “Olimpik”in heyətində çıxış edərkən “Bakı” ilə görüşdə fair-play qaydalarına riayət etməməsi uzun müddət müzakirə mövzusu oldu. Heç bir ay keçməmiş Mahir eyni addımı Türkiyə millisi ilə səfərdə keçirilən oyunda da atmaq istəyirdi.

FÜZULİ MƏMMƏDOV (“OLİMPİK-ŞÜVƏLAN”IN MÜDAFİƏÇİSİ)

Füzuli Məmmədov daim kobud oyunuyla seçilib. Hətta bir dəfə Məmmədovun keçmiş baş məşqçisi Ağasəlim Mircavadov onun haqda deyib: “Füzuli hər dəfə meydana çıxanda, ən azı sarı vərəqə alacaq”.

ABDULKADER KAMARA (“OLİMPİK-ŞÜVƏLAN”IN YARIMMÜDAFİƏÇİSİ)

Ölkəmizdəki çıxışına “Qəbələ”də başlayan afrikalı futbolçu da daim intizamsızlığı ilə seçilib. Hər zaman aldığı yersiz vərəqələrlə komandasını pis vəziyyətdə qoyub. Dünən “Olimpik-Şüvəlan”ın heyətində “Bakı”ya qarşı görüşün ilk dəqiqələrində sarı vərəqə aldı. Futbolçunun kobudluğundan əl çəkmədiyini görən baş məşqçi Nazim Süleymanov da ikinci yarıda onu əvəzlədi. 

İSRAEL RODRİGES (“BAKI” VƏ “STANDARD”IN SABIQ HÜCUMÇUSU)

“Bakı” və “Standard”ın keçmiş hücumçusu ölkəmizdə cəmi 1 il çıxış etsə də, oyunundan daha çox qalmaqalları ilə diqqət çəkdi. “Bakı”nın şərəfini qoruyarkən “Simurq”un üzvü Aleksandr Malıginlə meydanın ortasında dalaşdı. Paraqvaylı forvard komanda yoldaşları ilə də yola getmirdi. Bir dəfə Ramal Hüseynovla, bir dəfə də Rafael Əmirbəyovla məşqdə əlbəyaxa olmuşdu.

AQİL NƏBİYEV (“OLİMPİK-ŞÜVƏLAN”IN ÜZVÜ)

Aqil daim kobud oyunuyla yadda qalıb. 2007-ci ildə “Bakı” Çempionlar Liqasının oyunlarına hazırlaşarkən yoxlama matçında “Turan”la qarşılaşırdı. Həmin vaxt Tovuz klubunun şərəfini qoruyan Nəbiyev heç bir lüzum olmadan "Bakı"nın aparıcı üzvlərindən olan Aleksandr Qoqoberişviliyə zərbə endirərək, onun burnunu sındırdı. Nəticədə “Bakı” Çempionlar Liqasında əsas oyunçularından birindən məhrum oldu.

VİKTOR İBEKOYİ (“OLİMPİK-ŞÜVƏLAN”IN HÜCUMÇUSU) 

Əvvəllər “Turan” və “Qarabağ”da, hazırda isə “Olimpik-Şüvəlan”da forma geyən İbekoyi də intizamsız futbolçudur. Təkcə bir faktı qeyd etmək kifayətdir. İbekoyi bu ilin yayında hazırkı klubuyla müqavilə imzaladıqdan sonra vətəninə yollandı. Bir neçə günə geri dönməli olan İbekoyi bir də ilk dövrə başa çatandan sonra komandasının düşərgəsinə qayıtdı.

ANDRE LADAQA (“BAKI” VƏ “KARVAN”IN SABİQ ÜZVÜ)

Bir vaxtlar “Bakı” və milli komandamızın vazkeçilməz ismi olan Ladaqa məhz intizamsızlığına görə çox keçmədən arxa plana düşdü. “Bakı”ya kubok qazandıran, eləcə də millimizin heyətində Qazaxıstana mühüm qol vuran Ladaqa demək olar ki, hər zaman baş məşqçilərlə problem yaşayıb. Böyükağa Hacıyevlə tez-tez mübahisə edən Ladaqa Haciyevskinin vaxtında komandadan kənarlaşdırıldı. “Karvan”dakı karyerası isə cəmi 2 ay çəkdi. Futbolçunun Yevlax klubundan oyun satmağa görə kənarlaşdırıldığı deyilir. 

MURAD AĞAKİŞİYEV (“STANDARD”IN YARIMMÜDAFİƏÇİSİ)

Bir vaxtlar perspektivli oyunçular sırasında adı birinci çəkilən Murad da intizamsızlığın qurbanı oldu. Daha çox “MKT-Araz”da ulduzu parlayan futbolçu milliyə çağırıldıqdan sonra İmişli klubunun baş məşqçisi İqor Nakeneçnı ilə yola getmədi. Ukraynalı mütəxəssis Ağakişiyevin “ulduz xəstəliyi”nə tutulduğunu bildirmişdi. Həmin vaxtdan Murad klubları əlcək kimi dəyişsə də, ulduzu ikinci dəfə parlamır ki, parlamır. 

MARTİN STANKOV (“XƏZƏR LƏNKƏRAN”IN SABİQ MÜDAFİƏÇİSİ)

“Xəzər Lənkəran”ın heyətində 60-dan çox oyunda forma geyən bolqar futbolçuya vətənində “playboy” ləqəbi verilib. “Playboy” ölkəmizdə çıxış etdiyi zamanlarda da qalmaqallardan kənar gəzə bilmədi. Bir dəfə “Karvan”la oyunda Yevlax klubunun məşqçisi Zakir Mahmudova qarşı qeyri-etik hərəkət etmişdi. Stankov bununla “Beşiktaş”lı Paskal Numanın hərəkətini təkrarlamışdı.  

ELNUR ALLAHVERDIYEV (“QARABAĞ”IN MÜDAFİƏÇİSİ)

Millimizin gənc müdafiəçisi meydanda və həyatda emosionallığı ilə seçilir. Meydanda tez-tez mübahisə edir, lüzumsuz yerə sarı vərəqə alır. “Neftçi”də oynayarkən komandanın o vaxtkı baş məşqçisi Hans Yurgen Gede ilə aralarındaki problemə görə əvəzedici heyətə göndərilmişdi. Alman məşqçi ilə münasibətləri düzəlmədiyinə görə “Neftçi”dən “Qarabağ”a keçmişdi.

Daha çox


Son xəbərlər