İqor Ponomaryov Olimpiya Ordeni ilə mükafatlandırılacaq

İqor Ponomaryov Olimpiya Ordeni ilə mükafatlandırılacaq
XƏBƏR 18 Dekabr 2009 / 18:03 2087
-  A +

Futbol üzrə olimpiya çempionu İqor Ponomaryov Azərbaycanda mükafatlandırılacaq. Lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibinə Olimpiya Ordeni təqdim olunacaq.
Mükafatlandırma mərasimi dekabrın sonlarında keçiriləcək Milli Olimpiya Komitəsinin (MOK) ənənəvi toplantısında baş tutacaq.
Olimpiya Ordeni 2007-ci ilin sonlarında təsis edilib. Üzərində MOK-un loqosu əks olunmuş yarımdairə formasında orden Azərbaycanın Olimpiya Hərəkatında xüsusi rolu olan idman xadimlərinə əlamətdar günlərdə təqdim edilir. Bu mükafatın ilk sahibi ölkəmizin və MOK-un prezidenti İlham Əliyev olub. Ötən il bu mükafata bir neçə olimpiya çempionumuz layiq görülüb. Bu dəfə mükafatçılar sırasında SSRİ yığmasının tərkibində Seul olimpiadasının qalibi olan olimpiya çempionu İqor Ponomaryov da var. Digər mükafatçıların adlarına isə hələ aydınlıq gəlməyib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Lent.az-a açıqlamasında bu xəbəri nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, olimpiya ordeni ilə kimlərin təltif olunması məsələsinə xüsusi komissiyanın iclasında baxıldıqdan sonra aydınlıq gələcək.
Hazırda İsveçdə olan Ponomaryov isə olimpiya ordeni ilə mükafatlandırılacağından məlumatsız olduğunu deyib: “Bundan xəbərim yoxdur. Hazırda Yeni ilə hazırlaşıram. Əgər belə bir mükafata layiq görülərəmsə, çox sevinərəm”.
Xatırladaq ki, 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov “Neftçi” klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli “Norçepinq” komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, “Qarabağ” və “Xəzər-Lənkəran”, eləcə də Rusiyanın “Maşuk-KMV” komandalarına rəhərlik edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı