Tahir Süleymanov: “İkinci dövrəyə 3-4 gün tez və ya gec başlamaq klublara problem yarada bilməz”

Tahir Süleymanov: “İkinci dövrəyə 3-4 gün tez və ya gec başlamaq klublara problem yarada bilməz”
MÜSAHİBƏ 18 Dekabr 2009 / 15:08 3104
-  A +

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına müsahibə verib.

- Dünən “Neftçi”də komandadaxili toplantı keçirilib. Toplantıda konkret olaraq, hansı məsələlər müzakirə olunub?
- İlk növbədə onu qeyd edim ki, bizim klubda bu cür toplantılar mütəmadi olaraq keçirilir. Hər oyundan sonra olmasa da, iki oyundan bir klub rəhbərliyi futbolçular və məşqçilərlə görüşərək, son matçlar barədə fikir mübadiləsi aparır. Dünən baş tutan toplantı da belə tədbirlərdən biri idi. Toplantıda klubumuzun prezidenti Əkbər Hacıyev də iştirak etdi. Biz komandanın ölkə çempionatında son iki turda “Qəbələ” və “Muğan”a qarşı keçirilən oyunlarını müzakirə etdik. Toplantı həmin oyunlarda komandamızın xal itirməsini müzakirə etmək, həmçinin klubdaxili nizam-intizamın yüksəldilməsi məqsədi daşıyırdı. Klubumuzun prezidenti də komandadan ruhdan düşməməyi tələb etdi. Eyni zamanda bildirdi ki, növbəti oyunlarda daha yaxşı nəticələrə ümid edir. Biz də onun ümidlərini doğrultmağa çalışacağıq.

- Son 4 turda komandanın yalnız bir oyunda qalib gəlməsini nə ilə əlaqələndirirsiniz?
- Bunun bəzi səbəbləri var. Son oyunlarda bir neçə aparıcı üzvlərimiz müxtəlif səbəblərdən iştirak etmədi. Amma biz bunu itirilən xallara görə bəhanə etmirik. Komandaya gəlişimizdən 2 ay yarım vaxt keçib. Bu müddət ərzində “Neftçi” “Bakı” ilə oyundan başlayaraq, uğurlu nəticələr qazanır. Düzdür, son 4 oyunda bir qələbə qazansaq da, uzun müddətdir ki, komanda yenilgi üzü görmür ki, bu da bizi sevindirməyə bilməz. Amma istənilən halda, son oyunlarda komandanın çıxışı bizi qane etmir. Bununla belə, futbolçularla, məşqçi heyəti ilə söhbətimiz oldu. Onlar da bildirdilər ki, qarşıdakı iki oyunda uğurlu nəticə qazanmağa çalışacaqlar. Bildiyiniz kimi, “Neftçi”nin hədəfləri böyükdür və biz istəyimizə çatacağımıza inanırıq.
- Futbolçular özləri uğursuz çıxışın səbəbini nədə görürlər?
- Bizim kimi onlar da konkret səbəb göstərə bilmirlər. Komandamızda heç bir problem yoxdur, əhval-ruhiyyə, komanda daxilindəki ab-hava yüksəkdir. Futbolçular özləri də bildirdilər ki, son oyunlardakı səhvlərdən nəticə çıxarıblar və qarşıdakı görüşlərdə uğurlu çıxış edəcəklər. Bu gün turnir cədvəlində yeddinci pillədə qərarlaşmışıq. Bu da “Neftçi”nin adına yaraşmır.
- Adətən komanda uğursuz nəticə qazananda rəhbərlik futbolçuları cəzaya məruz qoyur. Xüsusən də maddi baxımdan. Sizin də eyni addımı atmaq fikriniz var?
- Bizim klubda daxili nizam-intizam kodeksi var və orada hər bir şey əks olunub. Lakin bu komandanın daxili işidir və mən bu barədə hansısa bir açıqlama vermək istəməzdim.
- Bu gün bəzi futbolçuların adları “Neftçi”ylə birgə hallanır. Konkret olaraq, Branimir Subaşiç və Əli Cansunun “Neftçi”yə qayıdacağı, eyni zamanda Sinan Kaloğlunun komandanıza transfer olunacağı deyilir.
- Biz adını çəkdiyiniz və çəkmədiyiniz futbolçuların hər birinə böyük hörmətlə yanaşırıq. Lakin mən bu xəbərlərin həqiqətəuyğun olmadığını deməliyəm. İlk növbədə onu qeyd edim ki, transfer məsələsinə baş məşqçimiz cavabdehdir və o hansı futboçunu istəsə biz onu heyətə qatacağıq.
- O zaman sualı belə qoyaq. Bugünkü gündə hansısa futbolçu və ya futbolçularla danışıq aparırsınız?
- Bu haqda geniş danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər bir klub kimi bizim də maraq dairəmizdə olan futbolçular var. Lakin bu gün əgər hər hansı futbolçuyla rəsmi şəkildə anlaşmamışıqsa, o zaman onun adını çəkməyin nə mənası var? Hansısa futbolçuyla münasibətlərimizi rəsmiləşdirsək, mətbuat da dərhal bundan xəbər tutacaq.
- Komandaya gələn yeni oyunçular kimi gedənlərin də olacağı şübhə doğurmur. Artıq qışda vidalaşacağınız futbolçuların siyahısını müəyyənləşdirmisiniz?
- Bizim üçün hər bir futbolçumuz dəyərlidir. Məhz həmin futbolçularən sayəsində komandamız “Bakı” və “İnter” kimi güclü klublar üzərində gözəl qələbələr qazanıb. Biz heç kimlə vidalaşmaq fikrində deyilik.
- Komandanızın fasilə dövründə keçəcəyi hazırlıq planı artıq məlumdur?
- Bu planı baş məşqçimiz bizə təqdim edəcək. Tarixlər tam dəqiqləşməsə də, deyə bilərəm ki, hazırlığımız iki mərhələdən ibarət olacaq. Komanda əvvəlcə Bakıda toplaşacaq və bir neçə gün hazırlığın ilkin mərhələsini məhz Bakıda keçəcək. Daha sonra isə daha çox yoxlama oyunlarında qüvvəmizi sınamaq üçün Türkiyənin Antalya şəhərinə yollanacağıq.
- Bir neçə gün əvvəl Premyer Liqanın təqvimində növbəti dəfə dəyişiklik edildi və ikinci dövrənin əvvəldə nəzərdə tutulduğundan daha erkən başlayacağı məlum oldu. Klubların bu qərara münasibəti birmənalı şəkildə olmadı. Siz təqvimin növbəti dəfə dəyişdirilməsi haqda nə deyə bilərsiniz?
- Mənə elə gəlir ki. təqvimdə hər hansı bir ciddi dəyişiklik olmadı. Sadəcə olaraq, oyunların başlama vaxtı 3-4 gün qabağa çəkildi. Hesab edirəm ki, 3-4 gün tez və ya əksinə, 3-4 gün gec başlamaq heç bir klub üçün problem yaratmamalıdır.
- “Neftçi”nin əvəzedici heyətini baş məşqçisi Mirbağır İsayev bir neçə gün bundan əvvəl istefa versə də, bu məsələ tam həll olunmayıb.
- Bu barədə qarşıdakı günlərdə qərar qəbul edəcəyik. O istefa versə də, istefası hələlik qəbul olunmayıb. Yaxın 1-2 gün ərzində məsələ tam həllini tapacaq.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı