Fabio Luis Ramin: “Həyat yoldaşım peşəkar fotoqraf olmaq istəyir”

Fabio Luis Ramin: “Həyat yoldaşım peşəkar fotoqraf olmaq istəyir”
MÜSAHİBƏ 17 Dekabr 2009 / 18:01 5417
-  A +

Milli komandamızın və “Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramin Qol.Az saytına müsahibə verib.

- İlk öncə ondan başlayaq ki, təzə aldığın Azərbaycan pasportunda soyadının dəyişdiyi, Ramim əvəzinə Ramin yazıldığı deyilir.
- Hə, elədir. Azərbaycan pasportumda Fabio Luis Ramin yazılıb.
- Özün belə istədin?
- Yox, mən heç kimə deməmişəm ki, soyadımı Ramin yazsınlar. Heç bunun kimin etdiyini də bilmirəm. Yəqin AFFA-nın əməkdaşları belə məsləhət bilib.
- İndi gələk çıxış etdiyin "Bakı" komandasına. Son turda alınan ardıcıl uğurlu nəticələrdən sonra komandada əhval-ruhiyyə necədir?
- Hər şey əladır. Mövsümə uğursuz başlamışdıq. Buna görə də çoxları bizi hesabdan silməyə tələsdi. Amma son turlardakı oyunumuzla, qazandığımız nəticələrlə sübut etdik ki, “Bakı” elə “Bakı”dır.
- Düşünmürsən ki, bu nəticələrdən sonra komandada arxayınçılıq yarana bilər?
- Yox, hansısa arxayınçılıqdan söhbət gedə bilməz. Biz udduğumuz oyunu dərhal unuduruq. Bütün diqqətimizi qarşıdakı görüşlərə yönəltmişik. Fasiləyə elə də çox qalmayıb. Çalışacağıq ki, ilin son iki oyununu da qələbəylə başa vuraq.
- Növbəti turda “Bakı”nı “Olimpik-Şüvəlan”la görüş gözləyir. Bu matç barədə nə düşünürsən?
- Bu oyun da çox çətin keçəcək. “Olimpik-Şüvəlan” güclü rəqibdir. Çempionatın bombardiri də məhz bu komandanın şərəfini qoruyur. Eyni zamanda “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov da “Bakı”nı yaxşı tanıyır. Hətta cari mövsümün ilk dövrəsində “Qarabağ”a qarşı keçirdiyimiz oyuna da komandamızı məhz Süleymanov çıxarmışdı. Bu səbəbdən də qarşılaşmanın çətin keçəcəyi şübhə doğurmur.
- Son turda “Simurq”a qarşı keçirilən oyun sənin üçün də əlamətdar oldu. Çünki cari mövsümdə ilk qolunu məhz Zaqatalada vurdun.
- Hə, düzdür. İlk qolumu “Simurq”a vurdum. Həqiqətən də qol vurmaq hər zaman xoşdur. Amma mənim üçün ilk növbədə komandamın uğurudur.
- Ötən mövsüm daha tez-tez fərqlənirdin. Amma cari çempionatda ilk qolunu vurmaq üçün 15 tur gözləmək lazım gəldi. Bunun səbəbini nə ilə izah edə bilərsən?
- Nə deyəcəyimi heç özüm də bilmirəm. Mən özüm də hər oyunda fərqlənmək, qol vurmaq istəyirəm. Amma nədənsə alınmırdı. Tilsimi yalnız son matçda qırdım.
- Əvvəllər daha çox pleymeyker, hücumameylli yarımmüdafiəçi kimi çıxış edirdin. Amma son zamanlar səni adətən dayaq yarımmüdafiəçisi mövqeyində, yəni əvvəlkiylə müqayisədə bir qədər arxada görürük. Yeni mövqedə oynamaq sənin üçün çətinlik törətmir?
- Daha irəlidə oynayanda, hücumçuların arxasında qərarlaşanda özümü sərbəst hiss edirdim. Topla daha çox oynamaq imkanım olurdu. Amma indi vəzifəm bir qədər fərqlidir. Fikrimcə, əvvəlki mövqeyimdə oynasaydım, daha yaxşı olardı. Amma nə edə bilərəm? Komandamın uğuru üçün baş məşqçi harada desə, oynayaram. Lap qapıda da dayanmağa hazıram.
- Fabio, etiraf et ki, son zamanlar əvvəlki formandan uzaqsan. İstər ötən mövsüm “Bakı”nın, istərsə də “Olimpik-Şüvəlan”ın heyətində daha yaxşı təsir bağışlayırdın. Oyunundakı enişi nə ilə əlaqələndirirsən?
- Son zamanlar elə də yaxşı təsir bağışlamadığımı özüm də etiraf edirəm. Həqiqətən də oyunumda eniş yaşandı. Lakin bunun da səbəbləri var. Ciddi zədə almışdım. Hətta əməliyyat da keçirdim. Bu zədə məni xeyli geri saldı. Amma son zamanlar yavaş-yavaş əvvəlki formamı bərpa edirəm. İnanıram ki, məşqlərdə daha çox çalışsam, azarkeşlər tezliklə əvvəlki Fabionu görəcəklər.
- Amma nədənsə “Bakı”da elə də yaxşı təsir bağışlamamağına baxmayaraq, milli komandamızın baş məşqçisi Berti Foqts son toplanış zamanı sənə də dəvət göndərdi...
- Buna çox sevindim. Azərbaycan milli komandasının formasını geydiyimə görə hər zaman fəxr etmişəm. Bundan sonra da millinin uğuru üçün əlimdən gələni edəcəyəm.
- Sənin də dediyin kimi, “Bakı” son zamanlar uğurlu çıxış etməyə başlayıb. Amma nədənsə mövsümün əvvəli haqda eyni sözləri deyə bilmərik. Səncə bu nədən irəli gəlir?
- Bunun bir çox səbəbləri var. Avrokuboklardan sonra komandada yorğunçuluq yaranmışdı. Həm də biz əvvəlcə Çempionlar Liqası, daha sonra isə Avroliqada çıxış etdiymizdən mövsümə istədiyimiz kimi hazırlaşa bilmədik. Digər tərəfdən avrokuboklardan sonra komandada gərginlik yaranmışdı. Bütün bunlar isə komandanın çıxışına mənfi mənada təsir göstərdi.
- Bülənt Qorxmazın gəlişi “Bakı”da nəyi dəyişdi?
- Biz indi daha yaxşı hazırlıq keçirik. Qorxmazın gəlişindən sonra istər fiziki, istərsə də taktiki cəhətdən komanda daha da güclənib. Bu, çıxışımızda da özünü biruzə verir.
- Səncə ötən mövsüm çempion olan “Bakı” daha güclü idi, yoxsa indiki komanda?
- Ötən mövsüm biz çox yaxşı çıxış etdik. Bunun da başlıca səbəbi odur ki, komandamızda möhtəşəm ab-hava var idi. Mən deyərdim ki, biz geridə qalan ildə qarşısıalınmaz idik. Bunun da nəticəsində çempion olduq.
- İndi həmin ab-hava komandada yoxdur?
- Bu dəqiqə var. Amma mövsümün əvvəlində belə deyildi. Lakin zamanla hər şey yoluna düşdü. İndi “Bakı”da yenidən ab-hava əladır.
- Səncə “Bakı” titulunu qoruyacaq?
- Bizim məqsədimiz də elə budur. “Bakı” yalnız çempionluq uğrunda mübarizə aparır. İstənilən başqa nəticə bizim üçün uğursuzluq hesab olunacaq. Amma cari mövsümdə vəziyyət bir qədər fərqlidir. Çünki çempion olmaq üçün gərək “altılığ”a vəsiqə qazanaq. Son nəticələrdən sonra isə bunu bacaracağımıza inamım böyükdür.
- Səncə çempionluq yolunda hansı komandalar “Bakı”ya mane ola bilər?
- İlk növbədə “Qarabağ”ın adını çəkərdim. Avrokuboklardakı uğurlu çıxışdan sonra bu komanda çempionatda da istədiyi nəticələri qazanmağı bacarır. Gələn həftə də bizi “Qarabağ”la gərgin oyun gözləyir. Amma inanıram ki, çətin səfərdən 3 xalla qayıda biləcəyik. Daha sonra “İnter” və “Xəzər Lənkəran”ın da adını çəkə bilərəm. Bu kollektivlər də yaxşı təsir bağışlayırlar.
- Mövzuya aidiyyatı olmasa da, şəxsi bir sual vermək istəyirəm. Mən bildiyimə görə həyat yoldaşın “Bakı”nın oyunları zamanı fotoqraflıq edir. O ancaq sənin şəkillərini çəkir?
- Yox. O bütün komanda üzvlərinin şəkillərini, maraqlı anları çəkir. Özü bu sahəyə maraq göstərir. Amma bu sahədə debütantdır. Hələ öyrənir.
- Gələcəkdə necə, peşəkar səviyyədə bu sənətlə məşğul olmaq istəyir?
- Hə. Gələcəkdə peşəkar səviyyədə fotoqraf olmaq istəyir. Amma bunun üçün daha çox çalışmalıdır. Bir müddət sonra Azərbaycanda hansısa qəzet və ya jurnalla əməkdaşlıq etməyi də mümkündür.
- Çəkdiyi şəkilləri bəyənirsən?
- Yaxşı çəkir. Mən deyərdim ki, əksər peşəkarlardan geri qalmır.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı