Zaur Məmmədov: “Azərbaycanlı futbolçular Zaqatalada oynamaq istəmirlər”

Zaur Məmmədov: “Azərbaycanlı futbolçular Zaqatalada oynamaq istəmirlər”
MÜSAHİBƏ 16 Dekabr 2009 / 16:22 6276
-  A +

“Simurq”un prezidenti Zaur Məmmədov Qol.Az saytına müsahibə verib.

- “Simurq” son turda “Bakı”ya uduzdu. İkinci dövrənin startından 4 tur keçsə də, komandanız hələ də qələbə üzünə həsrətdir. Zaur müəllim, komandada nə baş verir?
- Vallah, komandaya nə olduğunu heç özümüz də anlamırıq. Həqiqətən də ikinci dövrənin startı bizim üçün çox uğursuz alındı. Əvvəlcə “Qəbələ”ylə görüşdə iki xal itirdik, daha sonra “Muğan” və “Standard”ın müavimətini qıra bilmədik. Son turda isə sizin də dediyiniz kimi “Bakı”ya uduzduq. Amma unutmaq lazım deyil ki, biz sıradan bir komandaya yox, sonuncu ölkə çempionuna uduzmuşuq. “Bakı” mövsümə hər nə qədər uğursuz başlasa da, bu komanda favoritlərdən biridir. Komandanın heyəti yüksək səviyyədə komplektləşib. Düzdür, bununla məğlubiyyətimizə haqq qazandırmaq istəmirəm. Doğurdan da “Bakı”ya məğlubiyyət bizə pis təsir etdi. Amma nə etmək olar?  Çalışıb, mümkün qədər son uğursuzluqları tez unudub, qarşıdakı oyunlara diqqətimizi yönəltməliyik. İndi qarşıda bizi iki çətin oyun gözləyir. Son turdakı xal itkilərini məhz “Qarabağ” və “Neftçi” ilə oyunlarda kompensasiya etməliyik.
- Konkret olaraq uğursuzluğun səbəbini nədə görürüsünüz? Bəlkə komandada hansısa problem var?
- Yox, komandada heç bir problem yoxdur. Yenə deyirəm, uğursuzluğun konkret səbəbini araşdırmaq üçün həm baş məşqçi, həm də futbolçularla söhbətim olub. Komandamızda bir qədər eniş yaşanır ki, bu da istənilən klubun başına gələ bilər.
- “Bakı”ya məğlubyyət həm də “Simurq”un uzun fasilədən sonra evdə yenilməsiylə yadda qaldı.
- İnanın ki, bu amil mənə də çox pis təsir etdi. Çünki “Simurq” evdə uduzmağa öyrəşməyib. Komandamız öz meydanında, doğma azarkeşlərimiz qarşısında daim daha inamlı təsir bağışlayıb. Ümid edirəm ki, bu hal daha təkrarlanmayacaq.
- Cari mövsümün əvvəlində də “Simurq” ilk turlar uğursuz çıxış edirdi. Lakin sonradan siz komanda üzvlərini cəzalandırdınız və bundan sonra vəziyyət düzəldi. Həmin vaxt özünüz də belə bir açıqlama vermişdiniz ki, tətbiq etdiyiniz bu üsul işə yaradı. İndi də eyni üsuldan istifadə etmək fikriniz var?
- Düzdür, həmin vaxt futbolçuları cəzalandırdıqdan sonra bu komandanın çıxışına müsbət mənada təsir göstərmişdi. Amma indi eyni addımı ata bilmərik. Çünki hazırda ilin sonuna az qalıb. Qarşıda isə bizi iki vacib oyun gözləyir. Mən deyərdim ki, komandada vəziyyət bəzilərinin dediyi kimi kritik həddə çatmayıb. İndi bütün diqqətimizi yalnız və yalnız qarşıdakı oyuna yönəltmişik.
- Qarşıdakı turda sizi çempionatın lideri olan “Qarabağ”la çətin oyun gözləyir. Həmin qarşılaşmadan nə gözləyirsiniz?
- Yalnız və yalnız qələbə. Bayaqa da dediyim kimi, komandanın “Bakı” ilə oyundakı itirilən xalları kompensasiya etmək üçün çox gözəl şansı var. Bu səbəbdən də “Qarabağ”a qalib gəlmək istəyirik. Düzdür, bilirik ki, bu heç də asan olmayacaq. Amma məqsədimiz məhz 3 xaldır. İlk dövrədə Ağdam klubunu məğlub etmişik. Niyə bunu bir daha təkrarlamayaq? Həm də “Qarabağ” da bizim kimi “altılığ”a namizədlər sırasınadır. Bu səbəbdən də oyunun dəyəri çox böyükdür.
- “Qarabağ”la oyunda qazanılacaq 1 xal sizi qane edəcək?
- Ümumi götürdükdə bu da pis nəticə deyil. Amma biz səfərə yalnzı 3 xal dalınca gedəcəyik.
- Qarşıdakı oyunun hazırlığı necə gedir?
- Hazırlığımız normal keçir. Komandada ab-hava yaxşıdır. Oyuna daha yaxşı hazırlaşmaq üçün səfərə oyundan bir gün qabaq yollanacağıq. Lakin hələlik harada məskunlaşacağımızı müəyyənləşdirməmişik. Çünki bildiyiniz kimi, Quzanlıda məskunlaşmaq üçün əlverişli yer tapmaq çətindir. Bu səbəbdən də ya Mingəçevirdə, ya da Bərdədə qalacağıq.
- Son günlər baş məşqçi Roman Pokora ilə vidalaşacağınız deyilir. Konkret olaraq “Qarabağ”la oyunun ukraynalı mütəxəssis üçün son şans olduğu bildirilir. Həqiqətənmi “Qarabağ”a uduzsanız, Pokora istefaya göndəriləcək?
- Bu haqda mən də mətbuatdan oxumuşam. Amma bu yalan söhbətdir. Bizim Pokora ilə vidalaşmaq fikrimiz yoxdur. Belə bir fikrimiz olsaydı, klubun saytı vasitəsiylə bunu elan edərdik.
- İki turdan sonra çempionatda fasilə yaranacaq. Artıq indədən “transfer pəncərəsi” dövründə vidalaşacağınız futbolçuların kimliyinə aydınlıq gəlib?
- Müəyyən dərəcədə bunu özümüz üçün dəqiqləşdirmişik. Bilirik ki, hansı futbolçularla yollarımızı ayıracağıq və ya kimlərlə müqavilənin müddətini uzadacağıq. Amma indi bu haqda açıqlama vermək istəməzdim. Məni düzgün başa düşün. Qarşıda hələ iki oyunumuz var. Ona görə də indidən kiminsə adını çəksəm, bu ona qarşıdakı oyunlara hazırlaşmaq baxımından çox pis təsir göstərə bilər. Hansısa oyunçu düşünə bilər ki, “onsuz da komandadan ayrılıram, nəyə görə meydanda can qoymalıyam?”
- Maraq göstərdiyiniz oyunçuların kimliyi haqda məlumat verə bilərsiniz?
- Bu haqda da hər hansı açıqlama verə bilmərəm. Maraqlandığımız, transfer etmək istədiyimiz futbolçular var. Amma rəsmi bir şey olmadan ad çəkməyim etik cəhətdən də düzgün olmazdı.
- “Simurq” demək olar ki, hər zaman transfer siyasətində əcnəbilərə üstünlük verib. Bu dəfə də eyni yolla gedəcəksiniz? Yoxsa qışda komandaya daha çox yerli futbolçuları cəlb edəcəksiniz?
- Bu haqda məndən tez-tez soruşurlar. Çoxları bizi tənqid edir ki, nə üçün “Simurq” yerli futbolçuları heyətinə cəlb etmir? Biz də istəyirik ki, heyətimizdə azərbaycanlı uşaqlar oynasın. Komandada aparıcı qüvvə yerli futbolçular olsun. Amma bu, bizdən asılı olan məsələ deyil. Çünki əksər yerli futbolçular Zaqatalada oynamaqdan imtina edirlər. Biz o qədər futbolçuyla maraqlanmışıq ki... Amma çoxları bizim şərtlərimizi qəbul etməkdən, Zaqatalada məskunlaşmaqda imtina ediblər. Bizdə vəziyyət bir qədər fərqlidir. Futbolçular hər zaman klubun bazasında məskunlaşırlar. Amma əksər yerli futbolçular bu şərtlə razılaşmaq istəmirlər. Bu səbəbdən də biz əsasən legionerlərə üstünlük veririk. Çünki ukraynalı, latviyalı və ya bolqar futbolçu iki günlük fasilədə daha ölkəsinə getməyəcək ki?! Amma qış fasiləsində biz əsasən yerli futbolçulara maraq göstərəcəyik. İstəyirik ki, gənc və perspektivli oyunçuların sayı komandada çox olsun.           

Daha çox


Son xəbərlər