“Xəzər Lənkəran”ı Lənkəranda məğlub edəcəyik”

“Xəzər Lənkəran”ı Lənkəranda məğlub edəcəyik”
XƏBƏR 16 Dekabr 2009 / 14:45 2291
-  A +

“Qəbələ”nin ukraynalı yarımmüdafiəçisi Mikola Hibalyukun müsahibəsi

- Mikola, ölkəmizə gəlməmişdən əvvəl hansı klubların formasını geyinmisən?
- 25 yaşım olmasına baxmayaraq, Azərbaycana gəlməmişdən əvvəl bir çox klublarda forma geyinmişəm. Ukraynada “Obolon”, “Metallurq” (Donetsk), “İliçevets”, “Volın”, Moldovanın “Zimbru” və “Daçiya” klublarında çıxış etmişəm.
- Artıq 6 aydır ki, buradasan. Azərbaycana gəldiyin üçün peşman deyilsən?
- Azərbaycanda hələ bir mövsümü tam keçirməmişəm. Burada olduğum üçün qətiyyən peşman deyiləm. Azərbaycan futbolu yavaş-yavaş Avropada tanınmağa başlayıb. Fikrimcə, ölkənizə futbolçu axını hələ bundan sonra olacaq.
- Premyer Liqanın son turunda “Karvan”la qarşılaşdınız. Həmin oyun necə keçdi?
- Oyundan öncə “Karvan”ın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşdığını hamı bilirdi. Lakin biz rəqibə hörmətlə yanaşırdıq. Çünki bu cür klublar istənilən oyunda sürpriz nəticə əldə edə bilərlər. Matç gözlədiyimiz kimi, çox çətin keçdi. Oyundan əvvəl dincəlmək üçün cəmi 2 gün vaxtımız var idi. Buna baxmayaraq, komandadakı əhvali-ruhiyyə yüksək səviyyədə idi. Bunun da sayəsində qələbə qazandıq. “Karvan” autsayderlər qrupunda olsa da, Yevlax klubunun döyüşkən heyəti var. Son dəqiqəyə qədər mübarizə aparmağı bacarırlar.
- Özün də dedin ki, “Karvan” autsayderdir. Amma cəmi 1 qolla qələbə qazandınız. İlk dövrədə isə 1:4 hesabı ilə məğlub olmuşdunuz. Səncə, bu məğlubiyyətin əvəzini çıxa bildinizmi?
- Həmin matçda bizim oyunumuz al-üst olmuşdu. “Karvan” da bundan səmərəli istifadə etdi. O oyunda bizim də qol vurmaq üçün bir neçə şansımız var idi. Biz hansısa klubdan əvəz çıxmaq fikrində deyilik. Sadəcə olaraq, qarşımızda duran “yüz faizlik” nəticəni əldə etmək istəyirik.
- Səncə, mövsümü çempion kimi bitirə biləcəksinizmi? Bu yolda əsas rəqib qismində hansı klubu görürsən?
- Heç bir oyundan əvvəl çempionluq haqqında danışmırıq. Sadəcə olaraq, meydançaya yalnız qələbə əzmi ilə çıxırıq. Məncə, uğurlu nəticələr əldə etməyimizin yeganə səbəbi budur. “Neftçi” ilə qarşılaşmada da məğlub olmamaq üçün vuruşduq və məqsədimizə nail olduq. Meydançada yaxşı futbol oynayıb, uğurlu nəticələr qazanmağa çalışırıq. Hansı yerə layiq olduğumuzu mövsümün sonunda hamı görəcək.
- Baş məşqçi Ramiz Məmmədovla münasibətin necədir?
- Onun məşqçiliyinə nəsə deməyə haqqım yoxdur. Xarakterinə görə onu özümə çox bənzədirəm. O da mənim kimi qələbə hissi ilə alışıb-yanan, çox emosional insandır.
- Ukraynanın bir neçə klubunda forma geyinmisən. Səncə, Azərbaycanda oynayaraq, Ukrayna millisinə dəvət ala bilərsənmi?
- Ukraynanın yeniyetmələrdən ibarət millisində 2 il oynamışam. Futbolçunun harada oynamasına baxmayaraq, öz ölkəsinin məşqçiləri həmin oyunçudan xəbərdar olurlar. Əgər hansısa futbolçu öz ölkəsinin millisinə kömək edəcək gücdədirsə, onu mütləq çağıracaqlar.
- Cari mövsümdə hansı kluba qarşı oyun sizin üçün daha gərgin keçib?
- Məncə, ikinci dövrədə səfərdə “Simurq”a qarşı keçirilən oyun ən çətin qarşılaşma idi. Bu matç əsl döyüş ab-havasında keçdi. Yaxşı ki, bir xal qazana bildik.
- Ölkəmizdə hansı klubu daha çox bəyənirsən və çempionluq şansını yüksək dəyərləndirirsən?
- Ən çox bəyəndiyim komanda “Xəzər Lənkəran”dır. Məncə, çempionluq şansı daha yüksək olan klub da məhz onlardır.
- Gələn turda səfərdə məhz “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Hansı nəticəni gözləmək olar?
- Oyundan öncə proqnoz verməyi xoşlamıram. Lakin meydançaya məğlub olmaq üçün çıxırsansa, onda oyuna heç çıxmasan yaxşıdır. Komanda yoldaşlarıma inandığım üçün “Xəzər Lənkəran”ı Lənkəranda məğlub edib qayıdacağımızı gözləyirəm.
- Çempionatın səviyyəsi səni qane edirmi?
- Mütəxəssislər ildən-ilə hər şeyin daha yüksək səviyyədə olacağını deyirlər. Ötən mövsümə baxanda builki çempionat daha yaxşıdır. Müxtəlif millilərin heyətlərində olan futbolçuları Azərbaycanda görmək mənə çox xoşdur. Savinov, Kalinkov, Aliuta kimi futbolçular bura gəlirlərsə, deməli, Premyer Liqanın səviyyəsi var.
- Əgər “Qəbələ” avrokuboklara vəsiqə qazansa, belə oyunla Avropada nəsə əldə etmək olar?
- Biz öz oyunumuzla Azərbaycan futboluna yenilik gətirmişik. Bu yolda davam etsək, avrokuboklara vəsiqəni təmin edə bilərik. Həmin vaxt məşqçilər bizdən nə tələb etsələr, onu da yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.
- Heyətdə yer alan Lyuba Baraninin uzaq məsafələrə aut atmaq qabiliyyəti var. Məşqlər zamanı Baraninlə bu cur atışlar üzərində işləyirsinizmi?
- Bəli, Lyubanın bu cür qabiliyyəti var. Hərdən bu autlar üzərində işləyirik. Həmin ötürmələrdən sonra rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yarada bilirik. Müasir futbolda artıq yeniliklər axtarmaq lazımdır. Bu cür taktikadan İngiltərə çempionatında yarışan “Stok Siti” klubu da yararlanır. “Stok Siti” Rori Delapın yerinə yetirdiyi autlardan sonra bir çox qollar vurub.
- Fransanın “Lion” klubunun futbolçusu Sidney Qovu belə bir açıqlama verib: “Açığı, mən futbolu sevmirəm. Sadəcə olaraq, bu, mənim gəlir mənbəyimdir və bu peşə ilə məşğul olmağa məcburam”. Bu fikrə münasibətin necədir?
- Bu, onun fikridir. Mən uşaqlıqdan özümü yalnız futbolda görmüşəm. Hər zaman futbolçu olmağı arzulamışam. Sevdiyim peşə ilə məşğulam və buradan da pul qazanıramsa, bu daha gözəldir.
- “Qəbələ”nin fanatları hər zaman komandalarını dəstəkləyirlər...
- Bəli, onlar sadəcə olaraq, əsl fanatdırlar. Fərqi yoxdur, səfər və ev oyunlarımız zamanı onlar bizi yalqız buraxmırlar. Biz də öz üzərimizə düşən məsuliyyəti daha da yaxşı dərk edirik. Məğlub olduğumuz oyunlarda da bizə dəstək olub. Bu, növbəti qarşılaşmalara daha həvəslə hazırlaşmağımıza kömək edir.
- Komandada dostluq etdiyin oyunçu var?
- Ümumiyyətlə, bura bir ailədir. Ən çox yaxınlıq etdiyim yerlilərimlə yanaşı, Doroşevs və Kristian Torresdir.

Mənbə: “Çempion” qəzeti


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı