Üzən manat, aradan çıxan futbol

Üzən manat, aradan çıxan futbol
YAZARLAR 29 Dekabr 2015 / 14:11 8679
-  A +

Qışın oğlan çağında manatı üzməyə göndərəndə belə olmalı idi. Yazıqda nə can vardı ki? Son vaxtlar onsuz da üzülüb əldən düşmüşdü, bir yandan da biz onu soyuqda güclə üzməyə göndərməklə lap sitəm elədik. Elə titrəyir, elə titrəyir adamın ürəyi kabab olur.
 
Dolların sinəsini qabağa verib gəzməsinin, manatımızın isə xəstə canı ilə əlləşə-əlləşə qalıb üzə bilməməsinin yəqin ki, xeyli səbəbləri var. İqtisadçılar, bu sahənin mütəxəssisləri geninə-boluna araşdırır, aradabir hələ söz davasına da çıxırlar. Vallah, bizim camaat da bir az əsəbi olub, adi bir sözdən əsəbiləşirlər. Ona görə mən bu müzakirələrdən uzaq qalmağa çalışıram. Pul yoxdusa, uzun-uzadı mübahisə etməyin, kiminləsə söz güləşdirməyin nə anlamı var?
 
Manatın soyuq havada üzməkdən xəstələnməyinin ən ağır zərbəsi bizim futbola dəydi. Dünyanın bir az düz vaxtında futbolumuzda babat pullar fır-fır fırlanırdı. Pul vardı, azarkeş marağı yox idi. İndi belə getsə, pul da olmayacaq, azarkeş marağı da. Deməli, futbolun özü də olmayacaq.
 
Klublarımız qış fasiləsinə yox, qış yuxusuna gediblər sanki. Çox yox, bir-iki il öncə qış fasiləsində səsi İspaniyadan, Avstriyadan gələn klublarımız indi heç bir addımlığımızdakı Türkiyədə hazırlıq keçməyə pul-para tapmırlar. Biri deyir hazırlıq üçün Yevlaxı seçmişik, o biri Şəmkiri nişan verir. Götürək elə bizim “Xəzər Lənkəran”ı. Adama nə qədər deyərlər, ay oğul, nə görmüsən bu Avstriyada-mavstriyada, Almaniyada-malmaniyada? Dövrələrarası toplanışı keçirmək istəyirsən, get Kürdəmirə, Zərdaba, Ağdaşın Ləki qəsəbəsinə.
 
Manatımız xəstəhal olandan sonra klublara pul ayıran insanların da futbola baxışında dəyişiklik olub. İndi hamı heyətdəki əcnəbi futbolçuya tərs-tərs baxır. Oturub gecə-gündüz yalvarırlar ki, nə olaydı, istirahət üçün öz evlərinə gedən legionerlər geri qayıtmayaydılar. Əcnəbi futbolçularına cadu yazdıranlar da var. Amma bilmirəm, cadunun təsiri olacaq, ya yox. Gərək fasilənin bitməsini gözləyək.
 
Hələ bu harasıdı? Məlum səbəbdən futbolumuza ayrılan pullar azaldığından, klublar aşağı diviziona düşmək üstündə savaşa çıxacaqlar. “Rəvan” deyəcək mən düşürəm, “Xəzər Lənkəran” sinəsini verəcək qabağa ki, dayan görüm, böyük var, kiçik var. Atalarımız da deyib ki, yol böyüyündü. Ona görə də “Rəvan”, sən hələ bir az gözlə, mən özüm gedirəm aşağı diviziona. AZAL “Sumqayıt”la dalaşacaq, “Sumqayıt” da dinc durmayıb AZAL-a savaş açacaq. Bir mərəkə düşəcək ki, gəl görəsən. Vallah, bizim klubların qəribədən də qəribə işləri var. Əvvəllər Avroliqaya getmək üstündə belə qızğın mübarizə aparsaydılar, elə camaat stadionlara gedib babat futbola baxardı...
 
Dekabrın soyuğunda üzməkdən xəstələnən manatın məzənnəsi aşağı düşdükcə futbolumuzun durumu da uçuruma doğru gedir. Belə getsə, futbolumuz yavaş-yavaş aradan çıxacaq. Qalacağıq pulsuz və futbolsuz..

Etibar CƏBRAYIOĞLU,
“Het-trik news” qəzeti


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı