Bülənt Qorxmaz: “Bizim əsas rəqibimiz “Qarabağ”la “İnter”dir”

Bülənt Qorxmaz: “Bizim əsas rəqibimiz “Qarabağ”la “İnter”dir”
MÜSAHİBƏ 14 Dekabr 2009 / 17:43 2996
-  A +

“Bakı”nın baş məşqçisi Bülənt Qorxmazın müsahibəsi

- Bu ilin yanvarından mayınadək “Qalatasaray”ın baş məşqçisi oldunuz. Sonradan klubdan nə üçün ayrıldınız?
- “Qalatasaray” məni özünə lazım olan vaxtda çağırdı. Bütün futbolçu karyeram bu klubla bağlıdır. Mən özümü tam başqa işə həsr etməyə çalışırdım. Mövsümün sonunda rəhbərliklə danışdıq. Onlara açıq dedim ki, əgər mənimlə əməkdaşlığı davam etdirmək istəmirlərsə, xoşluqla ayrılaq. Sonda heç bir narazılıq olmadan, işgüzar şəraitdə ayrıldıq.
- “Bakı”dan başqa hansısa klubdan təklif almışdınız?
- “Qalatasaray”dan gedəndən sonra istirahət etmək istədim. FOX TV-nin təklifini qəbul etdim və bu telekanalda şərhçilik edərək, özümü yeni sahədə sınadım. Türkiyə klublarından təkliflər gəldi və onlara diqqətinə görə minnətdaram. Ancaq əvvəl dediyim kimi, bir müddət vətənimdə məşqçilik etmək istəmirdim.
- Niyə Azərbaycana işləməyə qərar verdiniz? Axı bu, geriyə addımdır...
- Həqiqətən də Azərbaycanda futbolun ümumi səviyyəsi Türkiyədən geri qalır. Ancaq burada öz təcrübəmi yalnız məşqçi postunda istifadə etməmək imkanı qazandım. “Bakı”da həmçinin klub infrastrukturunun inkişafı üzərində işləyirəm. Klubun prezidenti Hafiz Məmmədovla söhbətimdən sonra planların genişliyi məndə böyük təəssürat oyatdı. “Bakı” müasir bazasının inşasını artıq yekunlaşdırır. Bu da mənim şərtlərimdən biri idi. Burada işləmək xoşuma gəlir. Öz seçimimə görə təəssüflənmirəm.
- Yəqin ki, siz daha yüksək səviyyədə işləmək istəyirsiniz. Azərbaycanda nə qədər qalmağı planlaşdırırsınız?
- Klub rəhbərliyi ilə belə qərara gəldik ki, müqavilənin müddəti gələn ilin mayın sonunadək, yəni Azərbaycanda mövsüm bitənə kimidir. Bunda sonra yenidən danışıqlar masasında görüşəcəyik. Həmin vaxt görülən işi müzakirə edəcəyik. Hazırkı vaxtda heç bir təklifə baxmaq fikrim yoxdur. Axı mən Hafiz Məmmədova söz vermişəm. Bir daha təkrar edirəm ki, məni Azərbaycanda hər şey qane edir.
- Bülənt Qorxmaz Azərbaycan futboluna yeni nə gətirdi və bundan sonra daha nə gətirəcək?
- İlk növbədə futbolçuların işə daha peşəkar münasibətini. Komandaya gələn kimi futbolçularla danışıqlar apardım. Onlara öz iş prinsiplərimizi izah etdim. Mənim üçün ən öndə duran nizam-intizamdır. Məşqlərə daha ciddi münasibəti tələb edirəm. Artıq beş futbolçu ilə ayrılmışam. Bunlardan bəziləri məni oyun planında qane etmədi. Kimsə ailə məsələlərini komandadan üstün tutdu. Futbolçulardan biri isə formasını yerə atmaqla, kluba qarşı hörmətsizlik etdi. Komanda vahid ailə kimi olmalıdır. Misal üçün, biz hər səhər birgə yemək ətrafında yığışırıq və məşqdən sonra da kollektiv nahar edirik. Mənə həqiqətən də Azərbaycan futbolunda iz qoymaq istəyirəm.
- İlk oyunlarda bir sıra ehtiyat oyunçulara etibar etdiniz. Sizcə, onlar artıq Premyer Liqada oynamağa hazırdılar?
- Əgər klub uğur qazanmaq istəyirsə, ehtiyat qüvvədən başlamaq lazımdır. Əgər gəncləri kənara atıb, yalnız əsas komanda ilə məşğul olsan, onda uğura nail olmaq çətindir. Kubok oyununda heyətdə dörd əvəzedici futbolçuya etimad göstərdim. Hələ ikisini də meydana buraxa bilərdim. Ancaq onlar həmin vaxt Almaniyada təcrübə keçirdilər. Gənc futbolçulara inanmaq lazımdır. Yalnız bu yolla Azərbaycan futbolunu inkişaf etdirmək olar. Üstəlik, burada istedadlı oyunçuların sayı heç də az deyil. Onlara nə qədər çox inansan, oyunlara bir o qədər hazır olacaqlar. Bundan əlavə, yada salmaq lazımdır ki, gələn mövsüm legionerlərə “8+3” limiti tətbiq olunacaq.
- Azərbaycan və Türkiyə çempionatları arasında səviyyə fərqi belə böyükdür?
- Əlbəttə, fərq hiss olunur. İlk növbədə peşəkarlıqda, işin təşkilində. Bu, xüsusilə azarkeşlərin sayında özünü göstərir. Bizim “İnter”lə derbi görüşündə tribunalar ümumiyyətlə, boş idi. Axı bu, çempionla vitse-çempionun görüşü idi. Türkiyədə hətta birinci liqanın oyunlarına 15 min azarkeş gəlir. Türkiyə klubları teleyayımdan, reklamdan gəlir əldə edirlər. Burada isə belə şey yoxdur. Əlbəttə, Türkiyədə oynayan legionerlərin səviyyəsi burdakılarla müqayisə olunmazdır. İndi Azərbaycan futbolunda möhkəm təməl qoyulur. Əminəm ki, artıq 5-6 ildən sonra Türkiyənin indiki səviyyəsinə çata biləcəklər.
- Azərbaycanda Türkiyədə oynamaq iqtidarında olan futbolçular varmı?
- Əlbəttə, var. “Qarabağ”da maraqlı oyunçular çıxış edir. Orada 7 yığma oyunçusu var. “İnter”də də yığma üzvü az deyil. Əgər azərbaycanlı futbolçular artıq Türkiyədə oynayıblarsa, indi niyə buna qadir olmasınlar!? Ancaq indi onları öz klubumda görmək istərdim.
- Yanvarda komandanızı “Birlik kuboku”nda sınaq gözləyir. Bu turnir haqda nə bilirsiniz və orada “Bakı”nın qarşısına nə məqsəd qoyulub?
- Biz klub rəhbərliyi ilə Azərbaycan üçün bu turnirin vacibliyi haqda söhbətləşmişik. Bilirəm ki, artıq iki yerli klub “Birlik kuboku”nu qazanıb. Yanvarın əvvəlində Antalyaya, ordan da turnirə gedəcəyik. İlk məqsədimiz qrupdan çıxmaq, daha sonra imkan daxilində daha çox irəliləməkdir. Bundan əlavə, “Birlik kuboku” bizim üçün yeni futbolçuları sınamaq, komandaya uyğunlaşmaq üçün əla şans olacaq.
- Sizin üçün Premyer Liqada əsas rəqiblər hansı klublardır?
- Elə həmin “Qarabağ”la “İnter”. Yenə də deyirəm ki, bu, daha çox onların heyətində səviyyəli azərbaycanlı futbolçuların sayının çoxluğu ilə bağlıdır. Həmin klublar bunun hesabına aparıcı mövqelərdə qərarlaşıblar. Ümumilikdə, futbolda, elə Azərbaycanda da oyunçuların əzmkarlığı, motivasiyası və 90 dəqiqə meydanda mübarizə aparmaq bacarığı daha çox rol oynayır. Avrokuboklar haqda danışmaq hələ tezdir. İndi mən yalnız növbəti oyun haqda düşünürəm.

Mənbə: UEFA-nın rəsmi internet saytı

Daha çox


Son xəbərlər