Aleksandr Soliç: “Bakı” yüz faiz “altılıq”da yer alacaq”

Aleksandr Soliç: “Bakı” yüz faiz “altılıq”da yer alacaq”
MÜSAHİBƏ 14 Dekabr 2009 / 17:00 3248
-  A +

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Soliç Qol.Az-a müsahibə verib. Soliç ilk növbədə dünən komandasının “Simurq”a qarşı keçirdiyi oyun haqda danışıb.

- Oyun çox çətin keçdi. Əvvəldən də qarşılaşmanın çətin keçəcəyini bilirdik. Çünki “Simurq” ilk dövrədə öz meydanımızda bizə qalib gəlmişdi. Buna baxmayarq, biz səfərə iddialı yollanmışdıq. Sevinirəm ki, istəyimizə çatdıq. Hətta birinci hissənin sonunda hakim heç nədən qapımıza penalti təyin etdi. Amma bu da bizim əzmimizi qıra bilmədi və nəticədə çox mühüm qələbə qazandıq.
- Bu qələbədə sənin də böyük rolun oldu. Komandanın qələbə qolunu vurmaqla cari mövsümdə vurduğun qolların sayını dördə çatdırdın. Hücumçu olmadığını nəzərə alsaq, bu heç də pis göstərici deyil.
- Xoş sözlərə görə təşəkkür edirəm. Amma vurduğum qollarda təkcə mənim deyil, eləcə də komanda yoldaşlarımın böyük rolu var. Dünənki matçda da fərqləndiyim üçün şadam. Komandanın uğurunda pay sahibi olmaq çox xoşdur.
- "Simurq"u udmaqla “Bakı” cari mövsümdə ilk dəfə dördüncü pilləyə yüksəldi. Necə düşünürsən, “Bakı”nın artıq ilk “altılıq”da yer alacağını dəqiq söyləmək olar?
- Əlbəttə! Biz yüz faiz “altılıq”da yer alacağıq. Son turlarda komandamız çox yaxşı çıxış edir. Fikrimcə bugünkü gündə biz hamıdan yaxşı oynayırıq. Bu gedişlə heç bir komanda qarşımızı ala bilməz.
- Növbəti turda “Bakı”nı daha bir ciddi sınaq gözləyir. “Olimpik-Şüvəlan”a qarşı ilk dövrədə keçirilən oyunda komandanız çox çətinliklə qələbə qazanmışdı.
- Düzdür, həmin vaxt biz çox əziyyətlə 3 xala sahib çıxdıq. Amma nəzərə almaq lazımdır ki, indiki “Bakı” o vaxtkından qat-qat güclüdür. Həm də nəzərə almaq lazımdır ki, biz bu dəfə evdə, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Fikrimcə, biz nəinki növbəti turda “Olimpik-Şüvəlan”a, hətta ondan sonrakı “Qarabağ”la oyunda da qələbə qazanacağıq.
- Özün də dedin ki, “Bakı” indi daha yaxşı oynayır. Bunu baş məşqçi postundakı dəyişikliklə əlaqələndirmək olar?
- Bülənt Qorxmaz əfsanəvi futbolçu olub. Bu haqda məlumatım var. Baş məşqçi kimi də uğur qazanacağına şübhə etmirəm. O, futbolu bilən adamdır, əsl peşəkardır.
- Deməli, komandanın çempionata uğursuz başlamasını məzh sabiq baş məşqçi Coko Haciyevskiylə əlaqələndirirsən?
- Yox, mən belə deməzdim. Sadəcə olaraq, həmin vaxt komandada ruh düşkünlüyü yaranmışdı. Avroliqanın qrup mərhələsinə düşə bilməməyimiz bizə psixoloji cəhətdən çox pis təsir etmişdi. Uzun müddət komanda bu gərginlikdən qurtula bilmədi. Yalnız son turlarda “Bakı” özünə gəlib.
- “Bakı”nın çempionluq şansını nə dərəcədə dəyərləndirərdin?
- Bizim çempion olmaq üçün şansımız var. İnanıram ki, bu cür çıxışımızı davam etdirsək, “Bakı” ardıcıl ikinci mövsüm çempion olacaq.
- Çempionluq uğrunda mübarizədə əsas rəqib qismində hansı komandaları görürsən?
- Məncə əsas rəqibimiz “İnter”dir. Bu komandanın oyunu çox xoşuma gəlir. Heyətlərində səviyyəli futbolçular toplaşıb. Bir tur əvvəl onlara qalib gəlsək də, bu bizim üçün heç də asan olmadı. “Xəzər Lənkəran”a uduzsaq da, bu komandanı elə də güclü hesab etmirəm. Əminəm ki, “altılıq”da onlardan güclü olduğumuzu sübuta yetirəcəyik.
- Amma nədənsə favoritlər arasında çempionatın hazırkı lideri “Qarabağ”ın adını çəkmədin.
- Mən “Qarabağ”ın oyununu görməmişəm. İlk dövrədə bu komandaya qarşı oyundan öncə vətənimə yollanmışdım. Yəni ki, “Qarabağ”a qarşı oynamadığımdan, bu komandanın çıxışını görmədiyimdən onların gücü haqda konkret bir söz deməkdə çətinlik çəkirəm.
- Artıq 5-6 aydır ki, ölkəmizdə çıxış edirsən. Çempionatımızın səviyyəsi haqda nə deyə bilərsən?
- Çempionatın səviyyəsi normaldır. Komandaların heyətlərində yüksək səviyyəli futbolçular var. Amma çatışmazlıqlar da çoxdur. Əsas da infrastuktur problemi var. Stadionların, paltardəyişmə otaqlarının, fitnes salonların səviyyəsi aşağıdır. Klublar futbolçuların transferlərinə yaxşı pul xərcləyirlər. Amma sadaladığım problemlər nə qədər tez həll olunsa, bir o qədər yaxşı olar. Bu zaman azarkeşlər də stadionlara daha çox gələr.
- Belə başa düşdüm ki, “Bakı”dakı durumundan razısan. Klublar müqavilən cari mövsümün sonunda bitir. İndidən “Bakı”da növbəti mövsümdə də qalacağını söyləmək olar?
- Yox, bu haqda danışmaq hələ tezdir. Bunun üçün gərək ilk növbədə baş məşqçi, klub rəsmiləriylə danışım. Amma mən özüm qalmağın lehinəyəm.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord