Berti Foqts: “Son bir il ərzində Azərbaycanda futbolun səviyyəsi yüksəlib”

Berti Foqts: “Son bir il ərzində Azərbaycanda futbolun səviyyəsi yüksəlib”
MÜSAHİBƏ 6 Dekabr 2009 / 00:05 3064
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts “Standard” - “Bakı” oyunundan sonra Qol.Az-a eksklüziv müsahibə verib.

 

- Azərbaycana xoş gəlmisiniz. Başlayaq bugünkü oyundan. Qarşılaşma xoşunuza gəldi?

- Təşəkkür edirəm. Hə, oyunu bəyəndim. Meydanda gərgin mübarizə getdi. Hər iki komanda qələbəyə oynayırdı. Bu da oyunun baxımlılığını artırırdı. Amma hər iki komanda xeyli sayda səhvə də yol verdi.

- Konkret olaraq, hansı səhvləri nəzərdə tutursunuz?

- Bu haqda danışmağım düzgün çıxmaz.

- Milli komandaya namizədlər arasında olan, lakin sizin etimadınızı hələ də tam qazana bilməyən Bəxtiyar Soltanovun bugünkü oyununu bəyəndiniz?

- Bəxtiyar bu gün yaxşı oynadı, iki qol vurdu. Yalnız bunu deyə bilərəm. Ayrı-ayrı oyunçular haqda çox danışmaq istəmirəm.

- Onda sualı belə qoyaq, Bəxtiyarı növbəti toplanış zamanı milliyə dəvət edəcəksiniz?

- Bunu zaman göstərəcək.

- Milli komandamızın üzvü Zeynal Zeynalovun çıxışı barədə nə deyə bilərsiniz?

- Dedim axı, ayrı-ayrılıqda oyunçuların çıxışına qiymət vermək istəmirəm.

- Əvvəllər millidə şans verdiyiniz Saşa Yunusoğlu, Elvin Əliyev və Cəmşid Məhərrəmova gələcəkdə dəvət göndərmək fikriniz var?

- Əlbəttə, onlar özlərini yaxşı tərəfdən göstərsələr niyə də milliyə dəvət almasınlar?

- “Standard”ın heyətində bir neçə yerli futbolçu çıxış edirdi. Onların arasında oyununu bəyəndiyiniz, gələcəkdə millidə sınaya biləcəyiniz futbolçu oldu?

- Biz hər bir futbolçuya şans verə bilərik. Kim özünü yaxşı tərəfdsən göstərsə, o da milliyə dəvət alacaq.

- “Standard”ın gənc hücumçusu Fərid Quliyev cari mövsümdə uğurla çıxış edir. Artıq 6 qol da vurub.

- Bugünkü oyunda o qeyri-adi heç nəylə yadda qalmadı. Gələcəkdə onun oyununu yenə də izləyəcəyəm.

- Fevralın 7-də növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Millimizin rəqibləri qismində hansı rəqibləri görmək istərdiniz?

- Hansılara qarşı ki, yaxşı mübarizə aparıb, istədiyimiz nəticəni qazana biləcəyik.

- Çexiya millisi ilə qarşılaşmağı istərdiniz?

- Əlbəttə, niyə də olmasın?

- Millimizin son oyunda bu komandaya qalib gəlməsi böyük əks-səda doğurdu. Vətəninizdə bunu necə qarşıladılar?

- Normal. Həmyerlilərim Onlar onsuz da artıq bir dəfə çexlər üzərində qələbəyə seviniblər.

- Gəldiyiniz ilk vaxtlarla müqayisədə bu gün Azərbaycan çempionatının səviyyəsində irəliləyiş hiss edirsiniz?

- Bəli. irəliləyiş var. Son bir il, bir il yarım ərzində futbolun səviyyəsi nisbətən yüksəlib. Amma dayanmaq olmaz. Durmadan işləməliyik. AFFA rəhbərliyi də ölkədə futbolun inkişaf etməsi üçün əlindən gələni edir.

Daha çox


Son xəbərlər