Ağasəlim Mircavadov: “Inter”in zəif nöqtələrini bilirik və buna uyğun tədbir görəcəyik”

Ağasəlim Mircavadov: “Inter”in zəif nöqtələrini bilirik və buna uyğun tədbir görəcəyik”
MÜSAHİBƏ 5 Dekabr 2009 / 00:13 2987
-  A +

Bazar günü Unibank Premyer Liqanın XIII turunun mərkəzi qarşılaşması hesab edilən “İnter” - “Xəzər Lənkəran” matçı öncəsi Lənkəran klubunun baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibə verib.

 

- Ağasəlim müəllim, “İnter” lə oyunun hazırlığı necə gedir?
- Həmişəki qaydada hazırlaşırıq. Hər şey plan üzrə gedir. Yeganə itkimiz Ruslan Poladovun yoxluğudur. Bildiyiniz kimi, o, “Bakı” ilə oyunda ciddi zədə adığından “İnter”lə qarşılaşmada meydana çıxmayacaq.
- Yeri gəlmişkən, Ruslanın durumu necədir? Onun ilin sonunadək yaşıl meydanlara qayıtmayacağı deyilir.
- Poladovun burnu sınıb. Həkimlərin son rəyinə görə, 2 həftə oynamayacağı dəqiqdir. Demək olar ki, bu il komandaya daha kömək edə bilməyəcək.
- Onun yerinə kimi oynatmaq fikrindəsiniz?
- Yəqin ki, kimisə oynadacağıq. İndi ad açıqlamaq istəmirəm. Oyun günü özünüz bunu görəcəksiniz.
- “İnter”lə oyundan nə gözləyirsiniz?
- Ancaq qələbə haqqında düşünürük. Bilirik ki, rəqib də 3 xal üçün meydana çıxacaq. “İnter” “altılıq”da oynayacaq. Şəxsən mən buna şübhə eləmirəm. Bu mənada onlar “qızıl xal”lar toplamaq üçün hər oyundan qələbə ilə ayrılmağı hədəfləyiblər.
- Sizcə, bir rəqib kimi “İnter”in ən güclü tərəfi hansıdır?
- “İnter”in güclü tərəfləri çoxdur. Ən əsası odur ki, yaxşı komandadır. Həm fiziki, həm atletik cəhətdən hazırlıqlıdır. Topla da yaxşı oynayırlar. Komandada hündürboy futbolçular üstünlük təşkil edir. Bundan başqa, meydança amili də var. Onlar ev oyunlarını süni örtüklü meydanda keçirirlər və buraya daha yaxşı uyğunlaşıblar. Bizim üçün isə bu barədə müəyyən çətinliklər var. Çünki 1-2 gün məşq etməklə belə meydançaya öyrəşmək olmur.
- Bəs “İnter”in ən zəif tərəfi hansıdır?
- Təbii ki, zəif tərəfləri də var. Amma bunu açıqlaya bilmərəm (gülür). Bununla belə, rəqibin zəif nöqtələrini bilirik və buna uyğun da tədbir görəcəyik.
- Statistikaya nəzər salsaq görərik ki, indiyə kimi “İnter” hələ öz meydanında “Xəzər Lənkəran”a qalib gələ bilməyib. Sizcə, bu ənənə növbəti oyunda da qırılmayacaq? Ümumiyyətlə, bu cür hallara fikir verirsiniz?
- Mən heç vaxt statistikaya önəm vermirəm. Hər il fərqli mübarizə gedir. Bir sözlə, biz də qalib gələ bilərik, rəqib də.
- Necə düşünürsünüz, bu cür oyunlarda ən çox nə həlledici rol oynayır? Motivasiya, futbolçuların fərdi keyfiyyətləri, yoxsa, baş məşqçilərin seçdikləri taktika?
- Bilirsiniz, baş məşqçi taktikanı seçsə də, onu icra edən futbolçular olur. Bu mənada mən düşünürəm ki, bazar günü liderlərin üzərinə böyük iş düşəcək. Oyunun nəticəsi birbaşa onlardan asılı olacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı