Fərid Quliyev: "Ola bilsin ki, Berti Foqtsu Foqtsu mənim haqda məlumatlandırmayıblar"

Fərid Quliyev: "Ola bilsin ki, Berti Foqtsu Foqtsu mənim haqda məlumatlandırmayıblar"
MÜSAHİBƏ 3 Dekabr 2009 / 13:52 2934
-  A +

“Standard”ın hücumçusu Fərid Quliyev Qol.Az saytına müsahibə verib.

 

 - İlk olaraq, Unibank Premyer Liqanın son turunda “Muğan”a qarşı keçirdiyiniz oyun haqda fikirlərini bildirərdin.

- Əvvəldən bilirdik ki, “Muğan”la oyun çətin keçəcək. Çünki bizim kimi rəqibimiz də ardıcıl olaraq son oyunlarda uğur qazana bilmirdi və bu səbəbdən bizimlə matçda meydana 3 xal üçün çıxacaqdı. Bununla belə, onu da bilirdik ki, nəhayət, bu oyunda ilk qələbəmizi qazanmalıyıq. Digər tərəfdən, ilk dövrədə “Muğan”a uduzduğumuzdan revanş almaq istəyirdik. Qarşılaşma gərgin keçdi. Lakin oyunun əvvəlində vurduğumuz qol həlledici oldu. Çox şadam ki, istəyimizə çatdıq və cari mövsümdə Premyer Liqada ilk qələbəmizi qazandıq.

- Sənin də dediyin kimi, “Muğan”la oyunda “Standard” cari mövsümdə ölkə çempionatında ilk qələbəsini qazandı. İlk qələbəni 12 tur gözləməli oldunuz. Səncə, komandanın bu qədər qələbə qazana bilməməsinin səbəbi nədir?

- Bunun səbəbini heç biz özümüz də bilmirik. Komanda həqiqətən də “qara zolağ”a düşmüşdü. Oyunların çoxunda yaxşı təsir bağışlayırdıq, 90 dəqiqə ərzində mübarizə aparırdıq. Lakin demək olar ki, həmişə matçın sonlarına yaxın bəxtsizliklə üzləşirdik. Hesabda irəlidə olduğumuz oyunları yekunda məğlub kimi bitirirdik. Amma inanıram ki, bundan sonra hər şey öz yerinə oturacaq.

- Ümumiyyətlə, baş məşqçi postunda baş verən dəyişiklik komandaya necə təsir etdi?

- Komanda uğursuz çıxış etdiyindən dəyişiklik mütləq lazım idi. Komanda yeni nəfəsə ehtiyac duyurdu. Mən elə düşünürəm ki, baş məşqçi dəyişikliyi ancaq komandanın xeyrinə oldu. Nəticədə ölkə kubokunda “Turan”ı mübarizədən kənarlaşdıraraq, 8 ən güclü klub sırasına yüksəldik. Sonuncu turda isə ilk qələbəmizi qazandıq.

- Bir müddət Valdas İvanauskasın rəhbərliyi altında oynadın. Böyükağa Hacıyevlə isə “Standard”a qədər “Bakı”da da çalışmısan. Bu iki mütəxəssis arasında hansı fərqlər var?

- Fikrimcə, həm Valdas İvanauskas, həm də Böyükağa Hacıyevin hər ikisi təcrübəli məşqçilərdi. Amma şübhəsiz, Böyükağa müəllim bizim futbolu daha yaxşı tanıyır. Kimin nəyə qadir olduğunu bilir, futbolçuların potensialına daha yaxından bələddir.

- “Muğan”la oyunda cari mövsümdə çempionatda dördüncü, ümumilikdə isə kubok oyunıarı da daxil altıncı qolunu vurdun. Bombardir olmaq yəqin ki, ürəyindən keçir...

- Əlbəttə. Bu mövsüm artıq 6 qol vurmuşam. Qarşıdakı oyunlarda da qollarımın ardını gətirməyə çalışacağam. Amma mənim üçün ilk növbədə şəxsi göstəricim yox, komandamın uğurudur. “Standard”a kömək etməyə çalışıram. İstəyirəm ki, komandamın uğurlarında mənim də rolum olsun.

- Qollarının demək olar ki, əksərini başla vurursan. Məşqlərdə bunun üzərində xüsusi çalışırsan?

- Ümimiyyətlə, məşqlərdə öz üzərimdə mümkün qədər çox işləyirəm. Çoxları deyir ki, “ikinci mərtəbə”də yaxşı oynayıram. Amma desəm ki, başla zərbələr üzərində xüsusi çalışıram, yalan olar.

- Növbəti turda “Bakı”yla qarşılaşacaqsınız. Bu matç haqda nə düşünürsən?

- Təbii ki, bu oyun da çox çətin keçəcək. Ardıcıl ikinci oyunda qələbə qazanmağa çalışacağıq. Bunun üçün meydanda bütün gücümüzü qoyacağıq. Həm də son zamanlar “Bakı” əvvəlki kimi əzəmətli deyil. Bu da qələbə şansımızı artırır.

- “Bakı”nı sənin üçün yad komanda hesab etmək olmaz. Uzun illər bu klubun şərəfini qorumusan. Bu baxımdan “Bakı”yla görüşü sənin üçün prinsipial hesab etmək olar?

- Yox, hansısa prinsipiallıqdan söhbət gedə bilməz. “Bakı” mənim üçün doğma komandadır. Uzun illər bu klubun şərəfini qorumuşam. Futbolçu kimi formalaşmağımda “Bakı”nın rolu böyük olub. Amma mən peşəkar futbolçuyam. Bu gün “Standard”da oynayıramsa, deməli, yalnız “Standard”ın uğur üçün çalışmalıyam. “Bakı”da oynayanda “Qarabağ”a icarəyə verilmişdim. Həmin vaxt “Bakı”yla oyunda “Qarabağ”ın yeganə qolunu vurdum. Yəni demək istəyirəm ki, mən bu gün hansı klubdayamsa, məni yalnız həmin komanda maraqlandırır.

- Cari mövsümdə uğurlu çıxış etməyinə baxmayaraq, hələ də milliyə dəvət almırsan. Səncə, bunun səbəbi nədir?

- Nə deyim vallah? Mən əlimdən gələni edirəm. İnşallah, ümid edirəm ki, yaxın gələcəkdə mənə də dəvət göndərərlər. Ola bilsin ki, baş məşqçini mənim haqda məlumatlandırmayıblar. Bəlkə də bu səbəbdən dəvət almıram.

- Səncə, millidə çıxış edən digər hücumçuların səndən hansı üstün cəhətləri var ki, məhz buna görə milli komandamızın baş məşqçisi Berti Foqts sənə deyil, onlara etimad göstərir?

- Mən Azərbaycanda heç bir futbolçunu digərindən üstün saymıram. Bütün futbolçuların səviyyələri demək olar ki, eynidir. Bu səbəbdən də mən özümü heç kimdən zəif saymıram.

- Qış fasiləsinə elə də çox vaxt qalmayıb. Hazırkı komandanda qalacaqsan, yoxsa başqa kluba keçəcəksən?

- Yox, başqa kluba keçmək fikrim yoxdur. Bütün diqqətimi “Standard”ın uğurlarına yönəltmişəm.

- Təkliflər var?

- Ciddi bir təklif yoxdur.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki