Nazim Süleymanov: "Günahı Əsgər Abdullayevdə yox, futbolçularda görürəm"

Nazim Süleymanov: "Günahı Əsgər Abdullayevdə yox, futbolçularda görürəm"
MÜSAHİBƏ 30 Noyabr 2009 / 16:55 3040
-  A +

"Olimpik-Şüvəlan" klubunun baş məşqçisi Nazim Süleymanov "Neftçi" ilə oyundan sonra qazandığı ilk xal və komandasının hazırkı durumu ilə bağlı Qol.Az saytına müsahibə verib.

- Nazim müəllim, öncə başlayaq dünən keçirilən "Neftçi" ilə matçdan...

- Dünən mətbuat konfransında fikirlərimi bildirdim. Bu gün bir daha demək istəyirəm ki, futbolda bəxt amili də əsas şərtlərdən biridir. "Neftçi" oturuşmuş bir komandadır. Vaqif Sadıqovun gəlişindən sonra bu komandada inkişaf var. Mənim isə debüt matçım idi. Təbii ki, hər oyunda komanda öz qarşısına məqsəd qoyur. Bizim də məqsədimiz rəqibə qarşı layiqincə mübarizə aparmaq idi və düşünürəm ki, bunu bacardıq.

- Qarşılaşmadan öncə böyük əksəriyyət "Neftçi"ni favorit qismində görürdü. Bəlkə bu amil də rəqibdən xal almağınıza kömək etdi. Yəni, "Neftçi"dən fərqli sizin futbolçular oyuna rahat çıxmışdılar.

- Bilirdik ki, "Neftçi" bizdən əvvəl "İnter"i məğlub etmişdi və əhval-ruhiyyələri yüksək idi. Buna baxmayaraq rəqibin oyununda boşluqlar olduğunu da bilirdik və bununla bağlı məlumat toplamışdıq. Analoji məlumatı rəqib də bizim haqqımızda yığmışdı. Hər halda məğlub olmamağımız göstərdi ki, layiqincə mübarizə aparanda istədiyin nəticəni qazana bilirsən.

- Oyundan sonra verdiyiniz açıqlamada futbolçuların fiziki baxımdan çatdırmadığını qeyd etdiniz.

- Bəli, oyunu izləyənlər də gördü ki, sona yaxın oyunçularımız yoruldular. İbekoyidə qıcolma baş verdi, oyunu güclə başa çatdırdı. Bunu da hardasa başa düşmək lazımdır. Çünki komandaya yeni qatılıb. Digər futbolçular haqqında da eyni sözləri demək olar. Sadəcə, söhbət İbekoyidən düşdüyündən konkret onu misal gətirdim. Buna baxmayaraq, əzmkarlıq və istək fiziki çatışmamazlıqları üstələdi.

- Fiziki hazırlıq haqda danışdıq. Bəs taktiki-texniki hazırlıq baxımından hansı çatışmamazlığı aşkara çıxardınız?

- Gəlin belə danışaq. Əgər taktiki-texniki baxımdan problemlər olmasaydı, o zaman "Neftçi" ilə oyunda qol vurardıq.

- Bu açıqlamalarınızdan çoxları belə başa düşəcək ki, sabiq baş məşqçi Əsgər Abdullayevin "bostan"ına "daş" atırsınız.

- Mən o cür düşünən insanlar kimi fikirləşmirəm. Əsgər Abdullayev komandanın baş məşqçisi olub. Burada əsas günah Abdullayevdə yox, futbolçularda olub. Çünki hər bir oyunçu özündə məsuliyyət hiss etməlidir və üzərində çalışmalıdır. Futbolçu özü öz formasını saxlamağı bacarmalıdır. Bu mənada mən günahı Əsgər Abdullayevdə yox, futbolçularda görürəm.

- Qarşınıza qoyduğunuz məqsəd nədir?

- Məqsəd ilk növbədə gələcəyin komandasını qurmaqdır. Bu mütləq olmalıdır. Əgər məqsədin yoxdursa o zaman meydana niyə çıxırsan? Bəli, bu gün "Olimpik-Şüvəlan"ın yüksək səviyyədə şəraiti yoxdur. Bilirsiniz ki, ev oyunlarımızı da "Şəfa"da oynayırıq. Amma bütün bunlar müvəqqətidir. Çünki klub rəhbərliyi Şüvəlan qəsəbəsində yeni baza, stadion və akademiya tikir. Yaxın gələcəkdə "Olimpik-Şüvəlan" Azərbaycanda ən yaxşı şəraitli klublardan birinə çevriləcək.

- Komandanızda hazırda maliyyə problemi var?

- Düzü, mən klubun büdcəsi ilə maraqlanmamışam. Amma ciddi problem hiss etmirəm.

- Sonda. Növbəti turda "Karvan"ı qəbul edəcəksiniz və ilk qələbənizi qeyd etməyiniz üçün Yevlax klubu münasib rəqib sayıla bilər. Necə düşünürsünüz?

- Mən düşünmürəm ki, bizi asan oyun gözləyir. Əgər qarşılaşmaya arxayın çıxsaq, "Neftçi"nin bizimlə oyundakı xal itkisini biz də "Karvan"a qarşı yaşaya bilərik. Bu səbəbdən rəqibi çox ciddi qəbul edirik. Əgər qələbə istəyiriksə, 90 dəqiqə mübarizə aparmalıyıq.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı