Coko Haciyevski: “Kiprdəki şərait ürəyimcədir”

Coko Haciyevski: “Kiprdəki şərait ürəyimcədir”
MÜSAHİBƏ 28 Noyabr 2009 / 20:58 2927
-  A +

"BAKI”NIN VƏ MİLLİ KOMANDAMIZIN KEÇMİŞ BAŞ MƏŞQÇİSİ KİPRİN “ATROMİTOS” KLUBUNA BAŞ MƏŞQÇİ TƏYİN OLUNDUQDAN SONRA İLK MÜSAHİBƏSİNİ QOL.AZ-a VERDİ

 

- Cənab Haciyevski, artıq dünəndən Kiprdəsiniz. İlkin təəssüratlarınız necədi?
- Dünən axşam saatlarından etibarən Kiprdəyəm. Bakıdan əvvəlcə Frankfurta, oradan isə Belqrada gəldim. Kipr ərazisinə daxil olmaq üçün vizanı da məhz Belqraddan aldım. Hələlik təəssüratım yalnız uzun yol qət etməkdir (gülür). 
- Orada sizi kim qarşıladı?
- Hava limanında məni klub rəsmiləri qarşıladı. Daha sonra klub prezidentiylə görüşdüm.
- Artıq rəsmi müqaviləyə imza atmısınız?
- Yox, rəsmi müqaviləyə bazar ertəsi imza atacağam. Amma artıq klub prezidenti ilə bütün məsələləri müzakirə edib, ortaq məxrəcə gəlmişik. 
- Müqaviləniz hansı müddətə nəzərdə tutulacaq?
- Sözləşmə ilin sonunadək nəzərdə tutulub. Lakin işlərimiz yaxşı getsə, mövsümün sonunda yeni - daha uzunmüddətli müqavilə imzalayacağıq.
- Klub rəhbərliyi qarşınıza hansı məqsədləri qoyub?
- Məqsədimiz komandanı güclülər sırasına yüksəltməkdir. Komandanın rəhbərliyi yenidən yüksək liqada çıxış etmək istəyir.
- Bu, nə dərəcədə realdır?
- İndi konkret nəsə deməyim bir qədər çətindir. Çünki komandanı bir o qədər də yaxşı tanımıram.
- Səhv etmirəmsə, “Atromitos” bu gün ölkə çempionatında növbəti oyunu keçirməlidir.
- Hə, elədir. Elə indi stadiondayam. Komandanın oyunu canlı olaraq stadiondan izləyirəm. Lakin hələlik tribunadan. Sabahdan etibarən komandanın başına keçəcəyəm.
- Ümumiyyətlə, klubun şəraiti necədir?
- Şərait yüksək səviyyədədir. Klubun öz stadionu, bazası - bir sözlə hər cür şəraiti var. Hər şey ürəyimcədir.
- Komandadakı futbolçuların səviyyəsi necədir?
- Səviyyə yüksəkdir. Heyətdə xeyli sayda legioner çıxış edir. Hazırda baxdığım oyunda hər iki komandanın heyətində 7-8 əcnəbi çıxış edir. Futbolçuların səviyyələri də yüksəkdir.
- Azərbaycandakı futbolçulardan belə?
- Bu suala bir müddət sonra cavab versəm olar?
- Əlbəttə, niyə olmur ki. Bir qədər şablon səslənsə də, bu sualı verməliyəm. Gələcəkdə klubunuzda azərbaycanlı futbolçuları görməyimiz mümkündür?
- Təbii ki, niyə də olmasın? Amma bütün bunlar gələcəyin işləridir.
- Yeni klubunuzda köməkçiləriniz kim olacaq?
- Bu suala bazar ertəsi aydınlıq gələcək. İlk baxışdan belə qənaətə gəldim ki, hazırda məşqçilər korpusunda yer alan mütəxəssislər səviyyəli məşqçilərdir. Çox güman ki, onlarla işbirliyimiz davam edəcək. Amma özümə daha bir köməkçi götürməyim də mümkündür.
- Bakı üçün darıxırsınız?
- Hələ darıxmağa vaxtım yoxdu. Çünki bura gələndən çox məşğulam. Amma Bakı, oradakı dostlarım üçün mütləq darıxacağam. Çünki Azərbaycan mənim üçün çox doğmadır. Orada işlədiyim müddətdə özümə xeyli dost qazandım. Yeri gəlmişkən, dünən və bu gün keçirilən çempionat oyunları necə nəticələndi?
- “Qarabağ” “Turan”a 2:1 hesabı ilə qalib gəldi. “Simurq” - “Qəbələ” oyununda isə ilk yarıdan sonra hesab açılmayıb.
- Bəs “Neftçi” “Olimpik-Şüvəlan”la necə oynadı?
- Bu oyun sabah keçiriləcək. “Bakı” - "Xəzər Lənkəran" qarşılaşması kimi.
- Hə, bilirəm. Sabahkı oyunda “Bakı”ya uğurlar arzulayıram. İnanıram ki, keçmiş komandam “Xəzər Lənkəran”a qalib gələcək.
- Son sözünüz.
- Sizin vasitənizlə bütün dostlarıma, tanışlarıma salam deyirəm. “Bakı”ya da sabahkı matçda qələbə arzulayıram. 

Daha çox


Son xəbərlər