Vitali Kovalyov: "Lazım gəlsə, Böyükağa Hacıyev mənimlə əlaqə saxlayar"

Vitali Kovalyov: "Lazım gəlsə, Böyükağa Hacıyev mənimlə əlaqə saxlayar"
MÜSAHİBƏ 27 Noyabr 2009 / 12:47 3200
-  A +

"Kartalspor"un qapıçısı Vitali Kovalyovun müsahibəsi

 

 

-Vitali, vətəndən ayrı yaşamaq nə dərəcədə çətindir?

-Türkiyədə yaşadığım dövrdə ciddi problemlə üzləşməmişəm. Burada dil və irq problemim yoxdur. Buna görə də qızımı və həyat yoldaşımı yanıma gətirmişəm. Klub rəhbərliyi bizim üçün yaxşı şəraiti olan ev tutub. Mən yalnız oynamadığıma görə narahatam. Başqa problemim yoxdur.

-Məşqçilər korpusu ilə bu barədə söhbət etmisənmi? Yəni ehtiyatda qalmağının əsl səbəbini bilirsənmi?

-Yayda “Kartalspor”a transfer olunmuşam. Oğuz isə uzun müddətdir ki, bu komandanın uğurları üçün çalışır. Onun həm də Superliqa təcrübəsi var. Komandanın kapitanı və aparıcı üzvüdür. Bu mənada onu əsas heyətdən sıxışdırmaq çox çətindir. Ancaq cəzalı və zədəli olduğu halda çərçivəni mən qoruya bilərəm. Mənim “Kartalspor”da birdəfəlik möhkəmlənməyim üçün Oğuzun başqa kluba keçməsi vacibdir. Oğuz Türkiyədə tanınan qapıçılardandır. Bu yaxınlarda NTV-də birinci liqaya həsr olunan verilişdə qonaq qismində çıxış edirdi.

- Oğuz bəlkə qışda “Kartalspor”dan ayrıldı. Belə olan halda karyeranı hazırkı klubunda davam etdirərsən?

- Birinci dövrənin sona çatmasına 4 tur qalmış turnir cədvəlində 4-cü yerdə qərarlaşmışıq. Yəni komandam medallar uğrunda mübarizə aparır. Mən deyərdim ki, Superliqaya yüksəlmək şansımız olduqca çoxdur. Hazırda heyətdə ciddi dəyişiklik yoxdur. Çox güman ki, qışda qayıdacağam. Çünki ikinci dövrədə burada vəziyyətin necə olacağı bilinmir. Ancaq və ancaq Oğuz gedərsə, “Kartalspor”da qala bilərəm.

-Artıq Türkiyə futbolunun içindəsən. Orada özünə başqa komanda tapa bilməzsənki?

- Mən adətən, kubok oyunlarında meydana çıxmışam. Bir oyunda 2 top buraxsam da, məşqçi razılığını bildirib. Buradakı oyunları başqa klubun məşqçiləri daim izləyirlər. Başqa kluba keçə bilmək üçün gərək həmişə oynayasan. Oynamaya-oynamaya mənimlə kim maraqlanar?

- Bəs Azərbaycanda hansısa bir klubla danışıq aparırsanmı?

- Açığı, yol ayırıcında qalmışam. Bəlkə Oğuz getdi, rəhbərliyin və məşqçilər korpusunun mənə ciddi ehtiyacı yarandı. Məhz bunu nəzərə alıb, Azərbaycan klubları ilə ciddi şəkildə danışıq aparmıram. Qalmışam piz vəziyyətdə.

- Sabiq komandan “Standard”da qapıçıya ehtiyac var. “Standard”da oynamaq könlündən keçirmi? Ümumiyyətlə, Azərbaycan futbolu ilə maraqlanırsanmı?

-  “Standard”ın baş məşqçisi Böyükağa Hacıyev məni yaxşı tanıyır. Lazım olsa, əlaqə saxlayar. Azərbaycan futbolu ilə maraqlanıram. Son zamanlar ciddi islahatlar aparılıb. “Olimpik-Şüvəlan”ın baş məşqçi postunda Əsgər Abdullayevi Nazim Süleymanov əvəzləyib. Ruslan Qafitullinlə bağlı iddialara görə təəssüflənirəm. Ruslanı yaxından tanıyıram və inanmıram ki, o, oyun satsın. Bildiyim qədəri ilə “Muğan”da maliyyə vəziyyəti pis deyil. Ruslan isə komandanın kapitanıdır. Axı niyə oyun satsın? Bunların hamısı boş-boş şayiələrdir. Oyun satmaqla bağlı iddia futbolçunun psixoloji durumuna mənfi təsir göstərir. Aylar keçsə də, həmin olayı başına gətirilən haqsızlıqları unuda bilmirsən.

- Dekabrın sonlarında “Bank Asiya”da birinci dövrəyə yekun vurulacaq. Azərbaycana qayıdacaqsanmı?

-  Əlbəttə. Azərbaycan mənim Vətənimdir. Orada böyümüşəm, ailə həyatı qurmuşam. Artıq Azərbaycana gələcəyim vaxtı dəqiqləşdirmişəm. İnşallah, dekabrın 20-də Bakıda olacağam. Elə həmin gün Premyer Liqanın oyunlarını izləyib yeniliklərlə əyani şəkildə tanış olmaq istəyirəm. Ailəmi də Bakıya gətirəcəyəm.

- Azərbaycan klublarından ciddi təklif gəlsə, yəqin ki, Türkiyəyə qayıtmazsan.

-  Isənilən halda Türkiyəyə qayıtmalıyam. Burada rəhbərlik mənim üçün ev tutu. Bakıya qayıtmalı olsam, evin açarlarını təhvil verməliyəm. Həm də burada müəyyən məsələləri yoluna qoymalıyam. “Kartalspor”la bir illik müqavilə imzalamışdım. Bakıya qayıdanda müqavilənin müddətindən 6 ay keçmiş olacaq. Əgər karyeramı Azərbaycanda davam etdirəsi olsam, “Kartalspor”a müəyyən qədər təzminat ödəməliyəm. Bunların hamısı dözüm və vaxt tələb edir. İnanıram ki, hər şey yaxşı olacaq.

- Yəqin ki, günün böyük hissəsini klubun bazasında keçirirsən. Heç vaxt ayırıb ailənlə İstanbulun gözəl yerlərini gəzmisənmi?

- Belə hallar olur. Amma mən bura futbol oynamağa gəlmişəm. Ailəmlə yalnız evə qayıtdıqdan sonra maraqlanıram. Türkiyə, xüsusilə də İstanbul komandaları arasında keçirilən derbiləri izləməyə çalışıram. “Fənərbaxça”nın “Qalatasaray”ı məğlub etdiyi oyunda tribunada idim. Burada görüşlər çox həyəcanlı və sürətli keçir.

 

Mənbə: "Çempion" qəzəti

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord