Berti Foqts: "Özündən razı futbolçulara fikirləşmək üçün vaxt verəcəyəm"

Berti Foqts: "Özündən razı futbolçulara fikirləşmək üçün vaxt verəcəyəm"
MÜSAHİBƏ 24 Noyabr 2009 / 15:06 3037
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun müsahibəsi

- Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş turnir barədə fikirlərinizi bildirməyinizi istərdik...
- Təəssüf ki, turnirin qalibi ola bilmədik. Bütün oyunlara baxandan sonra turnirin ən güclü komandasının biz olduğunu düşünürəm. İlk hissədə İraq yığmasına qarşı çox gözəl futbol nümayiş etdirdik. Amma ikinci taymda fiziki gücümüz qalmadı. Bunun nəticəsi olaraq fasilədən sonra istədiyimiz oyunu oynaya bilmədik. Yenə deyirəm, biz turnirin ən gözəl futbol nümayiş etdirən komandası idik.
- Millimizin baş məşqçisi kimi fəaliyyətinizin bir mövsümü başa çatır. Arxada qalan mövsümü necə xarakterizə edə bilərsiniz?
- Futbolçular öz üzərlərində işləyiblər, çox şey öyrəniblər. Sevindirici hal odur ki, futbolçularda öyrənmək istəyi var. İnkişafın növbəti mərhələlərinin necə olacağı mənə çox maraqlıdır. Ola bilsin ki, Rusiyaya qarşı nümayiş etdirilən futbol və əldə olunan nəticə, həmçinin İraq və Çexiya yığmaları ilə oyunlar futbolçularda müəyyən arxayınlıq yaratsın. Belə şeylərə imkan verməyəcəyəm. Belə fikirləşən futbolçuların olduğunu görsəm, onlarla yollarımızı ayıracağıq. Özündən razı olan futbolçulara fikirləşmək üçün vaxt verəcəyəm. Futbolda özündənrazılıq yolverilməzdir. Həmişə inkişaf etmək, gələcək haqda fikirləşmək lazımdır.
- Bu suala Azərbaycan millisinin baş məşqçisi kimi yox, neytral bir mütəxəssis kimi cavab verməyinizi istərdik: Azərbaycan millisinin mövsümün ilk oyunu ilə son oyunu arasında nə kimi fərqlər görürsünüz?
- Mən Azərbaycana gələndə millidəki futbolçuların əksəriyyəti öz aləmində yaşayırdı. Hər kəs öz fikri ilə hərəkət edirdi, əlaqə yox idi. Futboçular üçün həm məşqdə, həm də oyunda öz işlərini görməlidirlər. Onların təkcə oyunda və məşqdə yox, meydandan kənarda da bir-biri ilə ünsiyyətdə olması, fikir mübadiləsi aparması zəruridir. Komanda üçün bu çox vacibdir.
Fəaliyyətimin bir ilində futbolçulardan test götürdük. Futbolçuların fiziki hazırlığında 37 faiz inkişaf var. Bir il ərzində bu çox gözəl nəticədir. Mövsümün əvvəlindəki oyunla sonuncu oyun arasında çox böyük dəyişikliklər olub. Əgər hər hansı futbolçu komanda yoldaşlarına kömək etməyə hazır deyilsə, gərək həmin oyunçu ilə yollarımızı ayıraq. Çünki futbol kollektiv idman növüdür. 11 futbolçunun hamısı meydanda bir-birinə kömək etməlidir. Əgər hansısa futbolçu 1000 metr məsafəni 5 dəqiqədən çox vaxta qaçırsa, o, millidə oynamağa layiq deyil.
- Müqavilənin artırılması ilə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşmüsünüz. Hər hansı məsələdə fikir ayrılığı oldumu?
- Hələlik müqavilə imzalamamışam. Ancaq prezidentlə görüşdə bir-birimizin əlini sıxıb razılaşmışıq. Bunun da müqavilədən daha çox qüvvəsi var. Heç bir fikir ayrılığı olmayıb. Mənim şərtim o idi ki, U-19 və U-21 haqda daha çox informasiya əldə edim və növbəti mövsümdən hər klubda ən azı 3 yerli futbolçu əsas heyətdə oynasın, 3 oyunçu isə ehtiyatda qalsın. Şərtlərimdən biri də o idi ki, vacib oyunlardan əvvəl təlim-məşq toplanışı 4-5 gün yox, Rusiya və Lixtenşteyn görüşlərindən əvvəl olduğu kimi daha uzunmüddətli olsun.
- Ötən mövsüm klub məşqçiləri ilə fərdi qaydada görüşlər keçirdiniz. Belə görüşlər davam etdiriləcəkmi?
- Sözsüz ki, gələcəkdə bu cür görüşlərimiz olacaq. Dekabr ayından Bakıda olacağam. Bəzi məşqçilərlə görüşməyi nəzərdə tutmuşam. Onlar da bu işə müsbət yanaşırlar. Mənə kömək etməyə hazırdırlar.
- Hazırda köməkçiniz Vaqif Sadıqovun yeri vakantdır. AFFA rəhbərliyi bu məsələnin dekabr ayında həll olunacağını bildirib. Sizin həmin posta namizədiniz varmı?
- Bir köməkçim Olaf Yansendir. İkinci köməkçi məşqçi postuna gənc məşqçi axtarırıq. Hansı ki, hər hansı bir komandada çalışsın. Beynəlxalq futbolu öyrənmək istəyən məşqçi axtarırıq. Əgər o posta layiq məşqçi tapmasaq, bir köməkçi ilə işləyəcəyəm.
- Komandada nizam-intizam yaratmaq üçün cərimələr tətbiq olunmuşdu. Cərimələrdən təşkil olunmuş fonddakı vəsaitlə hər hansı bir iş görmək nəzərdə tutulubmu?
- Bəli, cərimələrdən yığılan pullarla Novruz bayramında iki körpələr evini ziyarət edərək uşaqları sevindirmək istəyirik.
- Siz AFFA-nın təşkil etdiyi «Azercell U-17 liqa»nın oyunlarını izləmisiniz. Ümumiyyətlə, Azərbaycanda uşaq futbolu ilə bağlı AFFA tərəfindən görülən işləri necə qiymətləndirirsiniz?
- Bu liqanın yaradılması müsbət haldır. Oyun praktikası futbolçu üçün çox vacibdir. 17 yaşlıların hər həftə oyun keçirməsi, praktikalarını artırması yaxşıdır. Ümid edirəm ki, U-19 üçün də belə bir şərait yaradılacaq. Almaniyada 8 yaşlı uşaqlar üçün də çempionat keçirilir. «Azercell U-17 liqa»nın keçirilməsi ölkə futbolu üçün böyük addımdır. Buna görə AFFA rəhbərliyinə və klublara öz minnətdarlığımı bildirirəm. Bundan əlavə, məktəblərdə də futbola daha çox diqqət ayrılmalıdır. Yeri gəlsə, müəllimləri AFFA-ya dəvət edib, futbolu necə təbliğ etmək, öyrətmək lazım olduğunu izah etmək lazımdır. Bu işdə Gənclər və İdman Nazirliyinin də köməyindən istifadə edilməlidir. Məktəblərdə futbol mütləq təbliğ olunmalıdır.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı