Ramiz Məmmədov: “Olimpik-Şüvəlan”a uduzduqdan sonra iki gün yemək yemədim”

Ramiz Məmmədov: “Olimpik-Şüvəlan”a uduzduqdan sonra iki gün yemək yemədim”
MÜSAHİBƏ 21 Noyabr 2009 / 18:05 2832
-  A +

Dünən “Standard”ı məğlub edərək UniBank Premyer Liqasında ikinci pilləyə yüksələn “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Qol.Az saytına müsahibə verib.

 

- Ramiz müəllim, “Standard” üzərində qazanılan son qələbədən sonra “Qəbələ” turnir cədvəlində ikinci pilləyə yüksəldi. Öncə bundan başlayaq.
- Burada qeyri-adi heç nə yoxdur. Çünki mən öz komandamın gücünə inanırdım. Mövsüm öncəsi etdiyimiz transferlər özlərini doğrultdular. Hamısının oyunu bizi razı salır. Bu söz heyətdə yer alan 24-25 futbolçunun hamısına aiddir. Bütün futbolçular onlara verilən tapşırığın öhdəsindən gəlirlər. “Standard”la oyunda da belə oldu. Buna görə də oyunçularıma təşəkkür edirəm.
- Bu gün saat 18:00-da “Simurq” “Turan”ı qəbul edir. Həmin qarşılaşma haqqında nə düşünürsünüz? Çünki ikinci pillədə qalmağınız üçün “Simurq”un uduzması lazımdır. Sizcə, “Turan” Zaqatalada sürpriz edə biləcək?
- Düzü, məni bu dəqiqə öz komandam düşündürür.
- Sadəcə, ikinci pillədə qalıb- qalmayacağınız məhz Zaqataladakı qarşılaşmanın nəticəsindən asılıdır. Ona görə bu sualı verdik.
- İnanın, tam səmimi deyirəm. “Simurq”-“Turan” oyunu, ümumiyyətlə, məni maraqlandırmır. Hər ikisinə, eyni zamanda, çemponatda oynayan digər 11 komandanın hamısına uğurlar arzulayıram.
- Bu mövsüm ortaya qoyulan oyun və nəticə komandanın avrokuboklara getmək şansının az olmadığını göstərir. Necə düşünürsünüz, bunun baş vermə ehtimalı sizə görə nə dərəcədə yüksəkdir?
- Bu haqda yazarlar, sizlər rəy versəniz, daha yaxşı olar. Siz daha yaxşı müşahidə edib qiymət verə bilərsiniz ki, komanda necə oynayır.
- “Qəbələ”nin son vaxtlar uğurlu çıxışı və ikinci pilləyə yüksəlməsinin başqa hansı səbəbləri var?
- Əlbəttə ki, rəhbərlik tərəfindən komandaya çox böyük diqqət və qayğı göstərilir. Buradan klubumuzun rəhbərliyinə öz dərin minnətdarlığımı çatdırıram. Uşaqlar da əllərindən gələni edirlər ki, bu qayğıya layiq oyun ortaya qoysunlar. Bundan başqa, komandamızda güclü nizam-intizamın olması da uğurlu nəticələrə təkan verir.
- Amma dünənki qarşılaşmada futbolçunuz İqor Melnik hakimi söydüyü üçün qırmızı vərəqə aldı və meydandan qovularaq komandasını çətin vəziyyətdə qoydu...
- Həmin epizodda nə baş verdiyini indi sizə deyim. Bilirsiniz ki, zədə səbəbindən əvvəl Kənan Kərimovu, ardınca isə Stolpanı əvəzlədim. Bundan sonra hücumdakı bütün yük Melnikin üzərinə düşdü. İki epizodda real qol şansını qaçırdı. Bütün bunlar hardasa əsəbləşməsinə səbəb oldu. Nəticədə həmin epizod baş verdi və hakim də haqlı olaraq ona qırmızı vərəqə göstərdi. Oyundan sonra özüm də Melniklə danışdım və mənə dedi ki, epizod vaxtı hirsləndim və hakimdən cərimə tələb etdim. İstənilən halda futbolçu öz səhvini boynuna aldı və klub tərəfindən cəzalandırıldı. Amma onu da deyim ki, İqor çox yaxşı futbolçu və insandır. Özü də bundan əvvəlki oyunların heç birində bir dəfə də olsun cəzalanmamışdı. Birdən-birə birbaşa qırmızı vərəqə alması onun özünə də pis təsir etdi.
- Növbəti turda səfərdə “Simurq”la qarşılaşacaqsınız. Bilirik ki, bu komanda mövsümə sizinlə oyunla start verdi, uduzdu və bir müddət “qara zolağ”a düşdü. Amma hazırda əla formadadırlar və yəqin ki, səbirsizliklə sizdən qisas alacaqları günü gözləyirlər...
- Mənim heç bir klubla və məşqçiylə prinsipim, prinsipial oyunum yoxdur və ola da bilməz. “Simurq”la oyuna adi oyunlardan biri kimi hazırlaşacağıq.
- Sonda. Çemponatdakı uğurlu çıxışa rəğmən, ölkə kuboku ilə erkən vidalaşdınız. Yəqin ki, buna çox təəssüflənirsiniz…
- Dörd ildir Azərbaycan çempionatında məşqçilik edirəm. İnanın ki, hələ heç vaxt bu oyundakı qədər təəssüflənməmişdim. Həqiqətən, “Olimpik-Şüvəlan”a uduzaraq mübarizəni dayandırmaq mənə çox pis təsir elədi. Hətta həmin qarşılaşmadan sonra iki gün çörək yemədim. Bilirsiniz, həmin vaxt bəzi futbolçularımız zədəli olduqlarından ehtiyatda oturanlara şans verdim. Görünür, onlar tam olaraq hazır deyildilər. Artıq olanlarla barışıb irəli baxmaq lazımdır.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki