“Xəzər Lənkəran”a zərbə yox, dəstək lazımdır!

“Xəzər Lənkəran”a zərbə yox, dəstək lazımdır!
XƏBƏR 19 Noyabr 2009 / 15:23 6209
-  A +

Son günlər ölkə mətbuatında ən çox müzakirə olunan məsələlərdən biri “Xəzər Lənkəran”ın “Fırtına” fan-klubunun yaydığı bəyanatlardır. Ölkənin ən çılğın və böyük fan klubu olan “Fırtına”çıların ardıcıl yaydıqları bəyanatlarda klub rəhbərliyinə, baş məşqçi Ağasəlim Mircavadova, polislərə, mətbuata, “Flaqman” fan-klubuna, stadion və federasiya rəsmilərinə qarşı müxtəlif ittihamlar səsləndirilib. Bəs, bu etirazların yaranmasına səbəb nədir?  

“Fırtına”nın son günlər bu qədər aqressivləşməsində kənar amillərin rolunun olması danılmazdır. Bəzi mətbuat orqanları bu işdə fan-kluba əsas dəstək verənlərin siyahısında başda Rəvan Bəşirovun olduğunu bildirir. Bəşirov bir müddət əvvəl klubda vitse-prezident vəzifəsini icra edirdi. İddia olunur ki, sabiq vitse-prezidentin məqsədi keçmiş klubuna qarşı qisas almağa çalışması yönündədir. Bir sözlə, müəyyən insanlar azarkeşlərdən istifadə edərək öz mənafeyi uğrunda çalışırlar. 2004-cü ildə bərpa olunan “Xəzər Lənkəran”ın “əsas silah”ı hər zaman onun azarkeşləri olub. Əbəs yerə Lənkəran stadionuna “Fırtınalar meydanı” adı verilməyib. Komandanın qazandığı uğurda fanatların rolunu danmaq mümkün deyil. Millimizin Lənkəranda keçirdiyi Finlandiya ilə oyunda cənublu fanatların nə dərəcədə möhtəşəm olduqlarına bir daha hamımız şahid olduq. İndi isə bir qrup azarkeşin komandadan üz döndərməsi, aranı qarışdırmaq istəyi qəribə görünür. Axı, indiki halda “Xəzər Lənkəran” heç nə itirməyib. Demək olar ki, hər şey cənublular üçün ən azı pis getmir.

Hazırda rəqiblərinə nisbətən 1 oyun az keçirən Mircavadovun komandası turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Lakin “Bakı”yla təxirə salınmış oyunda qalib gələcəyi halda, komanda turnir cədvəlində dördüncü pilləyə yüksələcək və lider “İnter”dən 5, ikinci-üçüncü yerləri bölüşən “Simurq” və “Qarabağ”dan isə yalnız 2 xal geri qalacaq.

Digər tərəfdən, cari mövsümdə “altılıq” sistemi tətbiq olunur ki, bu zaman da əsas final mərhələsinə neçənci pillənin sahibi kimi yollanmaq yox, neçə xalla başlamaqdır. “İnter” və “Simurq” kimi iddialılar üzərində qazanılan qələbə isə komanda üçün ayrı-ayrılıqda 6 xala bərabərdir. Bu baxımdan yalnız “Qarabağ”a məğlubiyyət itki hesab oluna bilər ki, Ağdam klubuyla da komanda ikinci dövrədə öz meydanında qarşılaşacaq və həmin məğlubiyyətin əvəzini çıxmaq şansı olacaq.

Bir sözlə, mübarizə hələ qabaqdadır. Komanda iddiasını davam etdirir və kubokda da ən güclü “8-lik” arasında yerini tutub.

Halbuki əvvəllər “Xəzər Lənkəran” bundan da pis vəziyyətlərdə olub. Lakin nədənsə, həmin vaxt “susmaq qızıldır” prinsipini üstün tutan bəzi “fanatlar” bu gün öz canfəşanlıqlarını nümayiş etdirirlər.

Komandanın baş məşqçisi Ağasəlim Mircavadova da dəstək olmağa ehtiyac var. Xatırlamağa bir daha zərurət yaranır ki, Mircavadovun dövründə komanda tarixində ilk dəfə çempion adını qazanıb və ölkə kubokuna yiyələnib. Məhz Mircavadovun rəhbərliyi altında “Xəzər Lənkəran” “Birlik Kuboku”nun qalibi olub və Çempionlar Liqası kimi nüfuzlu turnirdə Zaqreb “Dinamo”su ilə başabaş mübarizə aparıb.

Klubun bəzi “azarkeşlər”i Mircavadovu seleksiya işini düzgün qurmamaqda ittiham edirlər. Bu, bir qədər düzgün hesab oluna bilməz. Axı ən azı Allan Lalin, Dmitri Kalinkov kimi futbolçular bugünkü gündə təkcə “Xəzər Lənkəran”ın deyil, ümumilikdə çempionatın ən səviyyəli futbolçuları sırasındadır.

Yaxşı olardı ki, Azərbaycanın ən möhtəşəm azarkeş qrupu azarkeşlərinin timsalında bütün cənublu fanatları “Xəzər Lənkəran” ətrafında birləşdirəydi. Çünki “Xəzər Lənkəran”ın sadiq azarkeşlərinin dediyi kimi, bu cür söz-söhbətlər ümumilikdə heç kəsə xeyir verməyəcək. Burada fərdlər rol oynamamalıdır, ümumi komandanın gələcəyi üçün birliyə ehtiyac var.

AZƏR

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın