Qurban Qurbanov: "Vaqif Cavadovun «Qarabağ»dan getməsinə problem yaratmayacağıq”

Qurban Qurbanov: "Vaqif Cavadovun «Qarabağ»dan getməsinə problem yaratmayacağıq”
MÜSAHİBƏ 17 Noyabr 2009 / 12:57 3289
-  A +

-Premyer Liqanın növbəti turunda “Olimpik-Şüvəlan”la qarşılaşacaqsınız. Bu oyunun hazırlıqları necə gedir?

-Artıq məşqlərə başlamışıq. Bildiyiniz kimi, oyunçularımızın çoxu milli komandaların heyətində matçlarda iştirak edir. Bu səbəbdən məşqlərimizi 8-9 futbolçu ilə davam etdiririk.  Noyabrın 19-dan sonra isə tam olaraq komandayla birgə çalışmalara başlayacağıq.

- "Qarabağ” klubu milliyə ən çox oyunçu verən komandadır. Razılaşın ki, futbolçularınız milli komandadan bir qədər yorğun dönürlər və istər-istəməz oyunçularda yüklənmə olur. Bu, komandanızın oyunlarına necə təsir edir?

- Təbii ki, bunların təsiri var. Oyunçularımız millinin düşərgəsindən döndükdən sonra onları çempionatın oyunlarına hazırlamaqda bir qədər çətinlik çəkirik. Amma digər tərəfdən, təbii ki, futbolçularımızın millidə oynaması bizi sevindirir. Hər bir klubun işi milli komandaya oyunçu hazırlamaqdan ibarətdir. Biz bu işi layiqincə gördüyümüz qənaətindəyik.

- Hər zaman çıxışlarınızda “Qarabağ”ın gələcəyin komandasını qurduğunu bildirirsiniz. Komandanıza yerli gənc oyunçular cəlb edərək, 3-4 il sonra uğur qazanmağı planlaşdırırsınız. Çempionluğun o qədər də əhəmiyyətli olmadığını qeyd edirsiniz. Amma konkret olaraq klubun vitse-prezidenti Tahir Gözəl futbolçularla son görüşündə komandadan çempionluq istədi...

- Bilirsiniz, çempion olmaq istəməyən komanda yoxdur. Hər bir klub rəhbərliyi komandasının böyük nailiyyətlər qazanması üçün işlər görür. Tahir bəy də futbolçularla görüşdə komandanın oyunçularına dəstək verdi. Onların gənc və potensiallı olduqlarını və əgər üzərlərində işləyərlərsə, çempion ola biləcəklərini söylədi. Təbii ki, bunlar xoş sözlərdi. Futbolçularımız bu cür sözlərdən daha da ruhlanırlar.

- Komandanız yerli oyunçuların sayı baxımından digər klublara örnək sayıla bilər. Qış fasiləsində bu transfer siyasətinizi davam etdirəcəksinizmi? Ümumiyyətlə “Qarabağ”a legioner oyunçuların cəlb edilməsi gözlənilirmi?

- Biz gələcəkdə də komandamızda yerli oyunçuların daha çox oynaması üçün çalışacağıq. Digər tərəfdən, hər bir gənc oyunçunun baxıb-öyrənməsi üçün onun yanında təcübəli legioner futbolçunun oynamasına ehtiyac var. Əgər biz istədiyimiz həmin o futbolçunu tapsaq, qışda komandaya 1-2 legioner oyunçu dəvət edə bilərik.

- “Qarabağ” keçirdiyi son oyunların əksəriyyətində minimal hesabla qalib gəlir. Futbolçular rəqib qapısına yol tapmaqda çətinlik çəkirlər. Çoxları düşünür ki, komandanızın hücumçu problemi var.

- “Qarabağ”ın hücum xəttində daha çox Vüqar Nadirova şans veririk. Amma onun yanında hücuma meyilli Vaqif Cavadov, Emin İmaməliyev və Əfran İsmayılov kimi futbolçular oynayır. Fikrimcə, “Qarabağ”da hücumçu problemi yoxdur. Amma Vüqar Nadirov millinin oyunları səbəbindən çox yorulur. Mümkündür ki, bu yüklənmənin qarşısını almaq məqsədilə bir hücumçu da transfer edək.

- Son günlər mətbuatda müdafiəçi Elnur Allahverdiyevin «Qarabağ»dan ayrılacağı barədə fikirlər səslənir...

- Açığı, belə xəbərlərə fikir vermirik. Elnur Allahverdiyin bizim klubla may ayına qədər müqaviləsi var. Elnur elə futbolçudur ki, bizimlə müqaviləsi ola-ola heç bir klubla danışıq aparmaz. Ən azı müqaviləsi başa çatana qədər Elnurun canla-başla bizim komandada qalacağına inanıram.

- Vaqif Cavadovun da may ayında müqaviləsi bitir. Vaqiflə yeni müqavilənin imzalanması nəzərdə tutulurmu?

- Biz hər bir futbolçumuzun xaricdə daha böyük klublarda çıxış etməsini arzulayırıq. Əgər Vaqifə yaxşı təkliflər gəlsə, “Qarabağ” onun gedişinə problem yaratmayacaq.

- Zədəli Rəşad Sadıqovun durumu nə yerdədir?

- Rəşad fərdi şəkildə məşqlərini davam etdirir. Bilirsiniz ki, Türkiyədə olarkən “Qalatasaray”ın həkimi onu müayinə etdi. Həmin türk həkimin verdiyi proqram üzərində işləyir. Böyük ehtimalla bir həftə sonra komandayla birlikdə məşqlərə başlayacaq.

- Millinin İraqla son oyununu izlədiniz. Komandamız necə təsir bağışladı?

- Normal. Baxmayaraq ki, futbolçularımız bir qədər yorğun idilər. Kubok oyunlarından dərhal sonra Dubaya yollandılar. İlk hissə yaxşı çıxış etdik. Bir neçə real qol imkanımız oldu. Sadəcə, oyunçularımız əllərinə düşən imkanlardan istifadə edə bilmədilər. Hesab heç-heçə də ola bilərdi.

Daha çox


Son xəbərlər