Samir Abbasov: “Bu cəza ağır yox, çox ağırdır”

Samir Abbasov: “Bu cəza ağır yox, çox ağırdır”
MÜSAHİBƏ 10 Noyabr 2009 / 19:58 2964
-  A +

Milli komandamızın və “İnter”in müdafiəçisi Samir Abbasov AFFA İntizam Komitəsinin bu gün onun haqda çıxardığı qərarla bağlı Qol.Az saytına müsahibə verib.

 

- Samir, AFFA-nın İntizam Komitəsinin bu gün sənin haqqında çıxardığı qərardan xəbərin var?
- Hə, xəbərim var. 3 oyunluq cəzalandırıblar.
- Bu qərara münasibətin necədir?
- Necə olacaq? Çox pis. Bu cür qərar çıxardarlar? Mən neynəmişəm ki, 3 oyunluq cəza alıram? Ümumiyyətlə, mənə deyə bilərsiniz ki, hakimə idarəçiliyinə görə, neçə bal veriblər?
- Yox, bunu sənə deyə bilməyəcəyik.
- Niyə?
- Çünki son bir neçə turdur ki, hakimlərin qiyməti mətbuata, ictimaiyyətə açıqlanmır.
- Hansı səbəbə görə açıqlamırlar ki?
- Bu haqda AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov qərar çıxarıb. O deyir ki, bir çox ölkədə sistem belədir və onlar da məhz bu səbəbdən də hakimlərin qiymətlərini açıqlamırlar.
- Yaxşı, bəs onda camaat hardan bilsin ki, hakim oyunu necə idarə eləyib? Ona neçə bal veriblər? Xaqani Məmmədovdu kimdi, o hakimlərin qiymətlərini niyə açıqlamırlar ki?
- Qayıdaq 3 oyunluq cəzalanmağına...
- Mən bu cəzanı ağır yox, çox ağır adlandırardım. Heç hakim də mənə qırmızı vərəqə göstərməyib. Fərhadla aramızda kiçik mübahisə oldu, vəssəlam. O da məni yanına çağırdı və dedi ki, “Samir, incimə sənə sarı vərəqə göstərməliyəm”. Mən də bunu normal qarşıladım. Əgər mənə qırmızı vərəqə göstərsəydi, o zaman bu cəzanı normal qarşılamaq olardı. Amma indiki halda hansı səbəbdən 3 oyunluq cəzalanmağım mənə çatmır.
- Hakim bu haqda oyunun protokolunda nəsə qeyd edib?
- Bunu dəqiq deyə bilmərəm. Məncə, yox. Çünki belə bir şey olsaydı, deyərdi də. Mənə dedi ki, sənə sarı vərəqə göstərirəm, vəssəlam.
- Klub rəhbərliyi bu qərarı necə qarşıladı?
- Mənim kimi onlar da çox narazıdılar. 3 oyunluq cəza almışam, necə qarşılaya bilərlər?
- Bu qərardan şikayət etmək fikrin var?
- Əlbəttə. Lakin indi “İnter” rəhbərliyi kubok oyunuyla əlaqədar Yevlaxa yollanıblar. Qoy, geri qayıtsınlar onlarla bu haqda geniş söhbət edəcəyik. Yəqin ki, lazım olsa, şikayət edəcəyik.
- Sən niyə Yevlaxa getməmisən ki? Axı cəzanın kubok oyununa heç bir aidiyyatı yoxdur.
- Bilirəm. Sadəcə olaraq, son oyunda bir qədər zədələndim. Hazırda həkim nəzarətindəyəm, müalicə olunuram. Bu səbəbdən də Yexlaxa gedə bilmədim.
- 3 oyunluq cəzadan başqa 3 min manat da cərimə olunmusan.
- Bunu normal qarşıladım. Tək pul cəzası versəydilər, heç bu qədər narazılıq da olmazdı.
- Klub rəhbərliyi bildirib ki, cəriməni sənin maaşından tutacaqlar.
- Eybi yoxdur, qoy tutsunlar. Bu problem deyil. Mənə ən çox təsir edən 3 oyunluq cəzadır. Çempionatın çox gərgin vaxtında komandama kömək edə bilməyəcəyəm.
- Özü də bu 3 oyundan ikisi favoritlərlə - “Neftçi” və “Xəzər Lənkəran”la qarşılaşmalara təsadüf edir.
- Hə, elədir. Amma ümumi götürdükdə, rəqibin kimliyi önəm daşımır. Əsas odur ki, komandaya kömək edə bilməyəcəyəm.
- Sənin kimi Fərhad Vəliyevə də 3 oyunluq cəza verdilər.
- Sözün açığı, bu, məni maraqlandırmır. Bu, Fərhadla “Qarabağ”ın problemidir, mənim yox. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı