Anatoli Doroş: "Bombardir olmağı kim istəməz?"

Anatoli Doroş: "Bombardir olmağı kim istəməz?"
MÜSAHİBƏ 5 Noyabr 2009 / 15:00 3030
-  A +

“Olimpik-Şüvəlan”ın hücumçusu, Unibank Premyer Liqanın bombardiri Anatoli Doroş Qol.Az-a müsahibə verib.

 

- Başlayaq “Qəbələ”ylə dünənki kubok oyunundan.
- Oyun bizim üçün çox yaxşı alındı. Rəqibimiz də güclü komandaydı. Buna baxmayaraq, bütün gücümüzü meydanda qoyduq və yekun nəticədə istəyimizə nail olduq. İnanıram ki, növbəti oyunlarda da bu cür qələbələr qazanacağıq.
- Çempionatda olduğu kimi, kubokda da ilk matçdan bombardirlik bacarığını ortaya qoydun.
- Qol vurmuşamsa, bunda tək mənim yox, bütün komandanın əməyi var. Mən hücumçuyam və işim qol vurmaqdan ibarətdir. Növbəti oyunlarda da məşqçilərimizin etimadını doğrultmağa çalışacağam.
- Necə düşünürüsən, bu qələbəylə növbəti mərhələyə vəsiqəni təmin etdiniz? “Olimpik-Şüvəlan”ı artıq indidən ¼ finalda hesab etmək olar?
- Düzdür, biz ilk oyunda iki cavabasız qolla qalib gəldik və cavab matçı öncəsi böyük üstünlük qazandıq. Lakin unutmayın ki, kubok oyunları iki matçdan ibarətdir. Cütün taleyi də məhz Qəbələdə həll olunacaq.
- Onda sualı belə qoyaq - cavab oyunu öncəsi şansları necə dəyərləndirərdin?
- Əlbəttə ki, təkrar qarşılaşma öncəsi üstünlük bizim tərəfimizdədir. Səfərdə də gözəl oyun sərgiləyərək, sərfəli nəticə qazanmağa çalışacağıq. İnanıram ki, mərhələni adlayan məhz biz olacağıq.
- Ötən il sən komandanın heyətində olmasan da, “Olimpik-Şüvəlan”ı kubokdan məhz “Qəbələ” uzaqlaşdırmışdı. Dünənki oyundan əvvəl bu məqam motivasiyanıza sözün yaxşı mənasında təsir göstərmişdi?
- Mən ötən il komandada olmasam da, bunu bilirdim. Təbii ki, bu məqam bizim motivasiyamızı daha artırmışdı. Ötənilki məğlubiyyətin əvəzini çıxmağa çalışırdıq. Sevinirəm ki, sonda istəyimizə çatdıq. Amma cavab qarşılaşmasından sonra qələbəni bayram edəcəyik. Çünki biz bir yox, hər iki oyunda qələbə qazanmaq istəyirik.
- Bir qədər də ölkə çempionatı haqda danışaq. Növbəti turda iddialılardan “Simurq”la qarşılaşacaqsınız. Bu matçın hazırlığına başlamısınız?
- Bu gündən etibarən “Simurq”la oyunun hazırlığına start vermişik. Son turda səfərdə mühüm qələbə qazandıq, dünən də kubokda mövsümə qələbəylə start verdik. Ardıcıl qələbələrdən sonra komandada əhval-ruhiyyə çox yaxşıdı. İnanıram ki, uğurlu çıxışımızı “Simurq”la oyunda da davam etdirəcəyik. Düzdür, rəqib ölkənin ən yaxşılarından biridir. Bununla belə, biz təslim olmaq fikrində deyilik. Öz meydanımızda oynayacağıq və bu üstünlükdən maksimum yararlanmağa çalışacağıq. - Ümumiyyətlə, “Olimpik-Şüvəlan”ın cari mövsümdəki çıxışı səni qane edir?
- Bəzi oyunlarda lazımsız xal itkisinə yol verdik. Bununla belə, ümumi götürdükdə normal çıxış edirik. Cari mövsüm çox gərgin keçir. Hər bir komanda kimi biz də məhz “altılığ”a düşməyə çalışırıq.
- Komandanın potensialı buna imkan verir?
- “Olimpik-Şüvəlan”ın heyətində yaxşı futbolçular var. Komanda şəkildən yaxşı oynayırıq. İnanıram ki, “altılığ”a vəsiqə qazanacağıq. Məqsədimiz də məhz budur.
- Yəqin ki, “altılıq”dan sonra da avrokuboklar haqda düşünürsünüz.
- Əlbəttə, amma yenə deyirəm ilk növbədə məhz “altılığ”a düşməliyik ki, sonra avrokuboklar barədə düşünük. Əgər “altılığ”a düşməsək, necə avrokuboklarda çıxış edə bilərik?
- Ölkə kubokunu qazanmaqla.
- Orası elədi. Amma vəsiqəni məhz çempionatdan qazansaq daha yaxşı olar. Çünki mövsümün sonuna yaxın iki cəbhədə mübarizə aparmaq bir qədər çətin olur.
- “Olimpik-Şüvəlan” cari mövsümdə hər iki turnirdə 13 qol vurub ki, qolların da 8-ə məhz sən imza atmısan.
- Düzdür, komandanın əksər qollarını mən vurmuşam. Amma bunda təkcə mənim yox, bütün komandanın payı var. Komanda yoldaşlarımla bir-birimizi çox gözəl başa düşürük. Məhz onların ötürmələrindən sonra fərqlənirəm. Növbəti oyunlarda da qollarımı sıralamağa çalışacağam.
- Könlündən yəqin ki, çempionatın bombardiri olmaq da keçir.
- Əlbəttə, bunu kim istəməzki? Amma bir qədər şablon səslənsə də, deməliyəm - mənim üçün fərdi göstəricim yox, komandamın uğuru daha önəmlidir.  
  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın