Samir Əliyev: “Qarabağ”la oyunda “18-lik”dən kənarda qalmağımı ürək ağrısıyla qarşıladım”

Samir Əliyev: “Qarabağ”la oyunda “18-lik”dən kənarda qalmağımı ürək ağrısıyla qarşıladım”
MÜSAHİBƏ 30 Oktyabr 2009 / 20:16 3229
-  A +

“Neftçi”nin hücumçusu Samir Əliyev Qol.Az-a müsahibə verib.

 

- Sabah Unibank Premyer Liqanın IX turu çərçivəsində “Karvan”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- Hazırda komandada yaxşı ab-hava var. Oyuna da çox ciddi hazırlaşırıq. Məşqlərdə bütün gücümüzü qoyuruq. Məşqçilərin verdiyi tapşırıqları lazımınca yerinə yetirməyə çalışırıq. İnanıram ki, sabahkı görüşdə uğur qazanacağıq. İstəyimiz azarkeşlərimizi 3 xalla sevindirməkdir.
- Rəqib autsayderlər arasında yer alsa da, son turda “Qarabağ”la heç-heçə oynadı. Bu, sizi qorxutmur ki?
- Mən həmin oyunu izlədim. Deyərdim ki, həmin görüşdə “Qarabağ” yox, “Karvan” iki xal itirdi. Çünki “Karvan” həqiqətən də yaxşı oyun sərgiləmişdi. Ümumiyyətlə, bu komanda turnir cədvəlinin aşağı pillələrində qərarlaşmasına baxmayaraq, yaxşı oyunuyla seçilir. Bununla belə, biz “Karvan” üzərində qələbə qazanmağa çalışacağıq. Bunu hörmətsizlik kimi qəbul etməyin. Əsla! Biz təkcə “Karvan”a deyil, bütün rəqiblərimizə hörmətlə yanaşırıq.
- “Bakı” üzərində qazanılan qələbə uğursuzluq zolağından çıxmağa kömək edəcək, yoxsa bu, təsadüfi qələbə idi?
- Təbii ki, təsadüfi deyildi. Komandamız “Bakı”ya qarşı gözəl oyun sərgilədi və layiqli qələbə qazandı. Bununla belə, uğursuzluqdan tam çıxıb-çıxmadığımızı zaman göstərəcək. Bir oyuna görə komandaya qiymət vermək olmaz. Növbəti oyunlar göstərəcək ki, komanda uğursuzluqdan tam qurtula bilib, ya yox.
- Vaqif Sadıqovun baş məşqçi təyin olunmasından sonra “Neftçi”də hansı dəyişikliklər var?
- Hansı mənada?
- Elə bütün mənalarda. Həm hazırlıq, həm oyun sistemi, həm daxili ab-hava baxımından.
- Dəyişikliklər var. Hər bir məşqçi komandaya uğur qazandırmağa çalışır. O cümlədən də Vaqif müəllim. Amma 3-4 oyuna görə hansısa dəyişiklikdən danışmaq olmaz. Bu suala birinci dövrə başa çatdıqdan sonra tam cavab vermək olar.
- Amma hər halda 2-3 həftəyə görə müəyyən fikir irəli sürmək olar.
- Bu da düzdür. Təbii ki, dəyişiklik hiss olunur. Əlbəttə sözün yaxşı mənasında. Məşqlərdə indi futbolçular daha yaxşı çalışırlar. Hamı yeni baş məşqçinin rəğbətini qazanmağa çalışır.
- İlk 3 oyuna əsasən belə demək olar ki, sən Vaqif Sadıqovun rəğbətini qazana bilməmisən. Çünki Sadıqov komandaya gəldikdən sonra cəmi 8 dəqiqə oynamaq şansı qazanmısan.
- Düzdür, yalnız “Qəbələ”ylə oyunun sonlarında meydana daxil oldum. Bununla belə, mən məşqlərdə bütün gücümü ortaya qoyuram. Çalışıram hər bir tapşırığı canla-başla yerinə yetirim. Hər bir futbolçu kimi mən də oynamaq istəyirəm. Öz şansımı gözləyirəm. İnanıram ki, şans qazandıqdan sonra özümü göstərə biləcəyəm. Sübut edəcəyəm ki, Samir Əliyev elə Samir Əliyevdi.
- Sadıqovla millidə də işləmisən. Onun sənə şans verməməsi bir qədər təəccüb doğurur.
- Mənim futbolçu kimi püxtələşməyimdə, bugünkü günə gəlib, çıxmağımda Sadıqovun böyük rolu olub. Amma o elə məşqçidir ki, adlara üstünlük vermir. Kim daha yaxşı formadadırsa, kim tam hazırdırsa, o da meydana çıxır.
- Onda belə çıxır ki, sən tam hazır deyilsən?
- Yəqin ki. Əgər hazır olsaydım, o mənə şans verərdi. Vaqif Sadıqov baş məşqçi təyin olunarkən çoxları deyirdi ki, Samir hər oyun meydana çıxacaq. Amma göründüyü kimi hazırda ehtiyatda qalıram.
- Bəlkə problem çəkinin artıq olmasıyla bağlıdır?
- Hə, çəkim bir qədər artıqdır. Amma məşqlərdə bütün gücümlə çalışıram ki, çəkimi də aşağı salım. Mənim iki problemim var. Bir çəkim artıqdır, bir də fiziki durumum zəifdir. Vaqif müəllim də çalışır ki, tezliklə bu problemləri həll edim. O da komandaya kömək etməyimi istəyir. Amma formaya düşmək üçün mən gərək oynayım. Axı 5 dəqiqə, 10 dəqiqə oynamaqla forma yığmaq qeyri-mümkündür. Gərək heç olmasa yarım saat, 45 dəqiqə, 1 saat oynayım da.
- Özün də dedin ki, formaya düşmək üçün gərək oynayasan. İndiki halda isə əsas heyətə düşə bilmirsən. Bəlkə gedib, 3-4 oyun əvəzedici heyətdə oynayasan?
- Mən belə şeyə pis baxmıram. Gedenin vaxtında da əvəzedici heyətdə oynamışam. Bugünkü gündə də gedib, oynamağa hazıram. Amma orada praktika yığdıqdan sonra yenidən əsas komandada ehtiyatda qalacağamsa, bunun nə mənası var?
- Bir vaxtlar Azərbaycanın ən yaxşı hücumçusu olan Samir Əliyev bu gün “Neftçi”nin əsas heyətinə düşə bilmir. Bu hal sənə pis təsir etmir?
- Əlbəttə, pis təsir edir. Mən əsas heyətdə, millidə oynayanda elələri var idi ki, heç bilmirdilər futbol nədir. Amma bugünkü gündə onlar əsas heyətdə oynayırlar, mən isə yox. Təbii ki, çox pis oluram. “Qarabağ”la oyunda hətta “18-liy”ə də düşmədim. Çox pis olmuşdum. Özüm-özümə fikirləşdim ki, “Samir, gör necə vəziyyətə düşmüsən”. İnanırsan, ürəyim həmin an bərk ağrayırdı.
- Bəlkə yaş öz sözünü deyir?
- Yox, mənim nə yaşım var ki? Cəmi 30. 35-37 yaşım yoxdur ki, özümü qocalmış hiss edim. Oynamağa gücüm var. Özümü yenidən sübut etmək üçün alışıb-yanıram. Bir daha hamıya nəyə qadir olduğumu göstərəcəyəm.
- Hamı səndən çox şey gözləsə də, potensialını tam aça bilmədin...
- Mən futbolda daha çox uğur qazana bilərdim. Amma o qədər səhv etdim ki... Həyatdır da, hamızın başına belə işlər gəlir. Hər bir futbolçunun öz dövrü olur. Zədələr məni çox geri saldı. Artıq iki ildir ki, zədədən qurtula bilmirəm.
- Məlum məsələdir ki, oynamırsansa, qazancın da az olmalıdır. Maliyyə cəhətdən problemin var?
- Təbii ki, əsas heyətə düşməyən futbolçunun müqaviləsinin də dəyəri az olacaq. Həmçinin meydana çıxmırsansa və ya “18-liy”ə düşmürsənsə, mükafatın da az olacaq. Ona görə maliyyə cəhətdən də az qazanmalı olursan.   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı