Bəxtiyar Soltanov: “O etdiyi hərəkətə görə üzr istədi. Amma nə fayda?”

Bəxtiyar Soltanov: “O etdiyi hərəkətə görə üzr istədi. Amma nə fayda?”
MÜSAHİBƏ 28 Oktyabr 2009 / 18:18 3473
-  A +

“Bakı”nın və 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bəxtiyar Solyanovun müsahibəsi

 

- Avrokubok oyunlarından sonra “Bakı”da eniş müşahidə olunur. Bunun səbəbini nə ilə izah edirsən?
- Bu cür enişlər hər bir komandada ola bilər. Bizim də psixoloji baxımdan müəyyən qədər çətinliklərimiz oldu. Səbəblər isə məlumdur. Əminəm ki, tezliklə komanda öz oyununu tapacaq və “Bakı” yenə də Premyer Liqada ən öndə gedən komandalardan biri olacaq.
- “Bakı” rəhbərliyi Coko Haciyevski ilə yollarını ayıraraq komandanın başına Bülənt Qorxmazı gətirdi. Bu məşqçilərin hansı ilə işləmək daha asandır?
- Mən peşəkar futbolçuyam. Mənim borcum rəhbərliyin təyin etdiyi baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, bacarığımı meydanda göstərməkdir. Həm Haciyevski, həm də Qorxmaz yaxşı məşqçilərdir. Onların keçdiyi məşq prosesinin oxşar və fərqli cəhətləri var. Qorxmaz daha çox fiziki baxımdan futbolçuların inkişafına, topla çalışmalara üstünlük verir. Haciyevski isə daha çox taktiki tapşırıqlar üzərində çalışmalara diqqət yetirirdi. 
- “Bakı” ilk “altılığ”a düşə biləcək?
- Əlbəttə! Başqa cür ola da bilməz. Biz bunu ağlımıza da gətirmirik. Komanda yeni taktiki düzülüşdə oynayır. Yeni baş məşqçinin taktikasının özünü doğrultması üçün müəyyən vaxta ehtiyac var. Bəzi futbolçular yeni mövqedə oynayır. Mən hazırda komandanın turnir cədvəlindəki mövqeyini müvəqqəti hesab edirəm.
- 21 yaşlılardan ibarət millimiz  seçmə mərhələnin son oyununda Bakıda Avstriya millisinə qarşı əla oyun göstərsə də, qapıçının kobud səhvi səbəbindən məğlubiyyətlə barışmalı oldu...
- Bu oyunda bəxtimiz gətirmədi. Mən millimizin Avropa birinciliyinin seçmə mərhələsində ən azı 7 xal toplamalı olduğunu, lakin şanssızlıq səbəbindən 2 xalla kifayətləndiyini qeyd edərdim. Biz Albaniya ilə səfər oyununda da son dəqiqələrdə 1 top fərqi ilə irəlidə idik, lakin qələbə hesabını qoruya bilmədik. Bakıdakı son oyunda isə baş verənləri hələ də unuda bilmirəm. Osman etdiyi hərəkətlərə görə üzr istədi. Ancaq nə fayda? Heyf ki, zəhmətimiz hədər getdi.
- Bizim futbolçularda son zamanlar bir kompleks yaranıb. Bir az özlərini təsdiq edən kimi formadan düşürlər, oynamırlar. Sən necə “ulduz xəstəliyi”nə tutulmaqdan qorxmursan?
- Ulduz göydə olur. Futbolçu nə qədər yaxşı oynasa da, bir o qədər sadə, öz hərəkətlərinə diqqət yetirən və nümunəvi olmalıdır. Mən ulduz deyiləm. Hələ 20 yaşım var. Mən ancaq futbol oynamağı, irəli getməyi, inkişaf etməyi fikirləşirəm. Lovğalıqla da aram yoxdur. Məni tanıyanlar bunu yaxşı bilirlər.  
- Berti Foqtsun da diqqət mərkəzində oldun. Nədənsə o səni heyətdə saxlamadı…
- Məşqçi necə lazım bilibsə, onunla razılaşmalıyam. Foqts dünya şöhrətli məşqçidir. Onun etimadını qazanmaq üçün Premyer Liqada özümü ən yaxşı tərəfdən göstərəcəyəm. Mənim üçün milli komandada oynamaq başqa bir duyğudur. Millidə bayrağın, xalqın üçün oynayırsan. Sən hamınınsan, ölkəni təmsil edirsən. Bu, futbolçudan daha məsuliyyətli olmağı tələb edir. 
- Bir az da şəxsi həyatın barəsində danışaq...
- Açığı desəm, şəxsi həyatımla bağlı danışmağı xoşlamıram. Ümumiyyətlə, ciddi insanam. O qədər də ünsiyyətcil adam deyiləm. Dostlarım da çox deyil. Hazırda məni karyera düşündürür. Başqa heç nə barəsində fikirləşmirəm. Mənim əsas məqsədim yaxın gələcəkdə özümü təsdiqləyərək, Avropa klublarından birinə transfer olmaqdır. Bunun necə çətin olacağını bilirəm. Amma fikrimdə qətiyəm, məncə, doğma klubum gələcəkdə bu istiqamətdə mənə dəstək olacaq.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarım az olur. Əsasən “böyük beşlik” ölkələrinin çempionatlarını izləyirəm. Dünya derbilərinə tamaşa edirəm. Bir şey öyrənməyə çalışıram.
- İdealın varmı?
- İdealım yox, oyununu bəyəndiyim futbolçular var. “Barselona”da Leonel Messinin oyunu çox xoşuma gəlir. Sürətlidir, əla driblinqi var, zərbələrinə isə söz ola bilməz.
- Avropada hansı komandanın azarkeşisən?
- Azarkeşlik etdiyim klub yoxdur. Türkiyədə “Qalatasaray”ın, Rusiyada “Rubin”in, Almaniyada “Bayer”in, İspaniyada “Barselona”nın oyunlarını izləyirəm. Bir də bu mövsümdən etibarən “Bazel” və “Levski”nin də Avroliqadakı çıxışını diqqətdə saxlayıram.

Mənbə: bakifc.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi