"Şükrü Saracoğlu", derbi və Hakan Şükür

"Şükrü Saracoğlu", derbi və Hakan Şükür
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2009 / 11:38 4193
-  A +

Keçən həftənin bazar günü UniBank və Peşəkar Futbol Liqasının dəstəyilə bir qrup idman jurnalistlərindən ibarət heyət İstanbula yollandı. Səfərin məqsədi son illərdə dünyanın ən mühüm derbi matçlarından birinə çevrilən  “Fənərbaxça” – “Qalatasaray” oyununda iştirak etmək idi. Matçın başlanmasına 2 saat qalmış "Şükrü Saracoğlu" stadionuna doğru istiqamət aldıq. “Fənərbaxça” stadionunun yerləşdiyi və Kadıköy adlanan ərazi tamamilə klubun sarı-lacivərt rənglərinə bürünmüşdü. İstanbul artıq matça hazır idi. Oyunqabağı, azarkeşlər arasında müxtəlif proqnozlar səslənirdi. Bəziləri ev sahibi komandanın rahat qələbə qazanacağını, bəziləri isə “Qalatasaray”ın oyundan ən azı bir xalla ayrılacağını bildirirdilər. Və budur "Şükrü Saracoğlu"ya daxil oluruq. Aman tanrım, bu nə atmosfer? Nə qədər çox bədii ədəbiyyat oxusan da, nə qədər zəngin söz ehtiyatın olsa da, həmin an stadiondakı mühiti sözlə ifadə etmək qeyri-mümkün məsələdir. Əlli iki minlik stadion ağzına kimi doludur. Azərbaycan bayrağı ilə stadiona daxil olduğumuzu görən yerli azarkeşlər bizi gurultulu alqışlarla qarşılayırlar. Tribunalar “Azərbaycan, Azərbaycan” deyə hayqırmağa başlayır. Azarkeşlər bayrağımıza qarşı hədsiz maraq göstərirlər. Bayrağı əlimizdən alıb yellədən kim, öpüb ürəyinin üstünə qoyan kim. Gənc fənərli fanat isə bayraq televiziya ekranlarına düşsün deyə qəzəbli şəkildə kameramana qışqırır: “Abi, bu bayrağı çek, bayrağı çek”. Azərbaycandan gəldiyimizi görən bir türk xanım isə bizə yaxınlaşaraq bu sözləri deyir. “Sizlər bizim qardaşımızsınız. Biz sizdən Bursadakı hadisəyə görə üzr istəyirik. O hərəkəti hansısa bir türkün etdiyinə inanmıram”.

Matçın başlamasına az qalır. Stadionun aparıcısı qeyri-adi bir səs tonu ilə “Fənərbaxça”lı futbolçuların soyadını deyir. Əlli iki minlik azarkeş ordusu isə bir ağızla həmin futbolçunun adını qışqırır. Komandalar artıq meydana çıxır. Maraqlı məqamlardan biri odur ki, “Qalatasaray” son on ildə “Fənərbaxça”nı "Şükrü Saracoğlu"nda yenə bilməyib. "Qalatasaray"lı futbolçular Türkiyə mətbuatına açıqlamalarında bunun səbəblərini bilmədiklərini və hələ də bu barədə düşündüklərini bildirirlər. Amma heç şübhəsiz ki, “Qalatasaray”ın "Şükrü Saracoğlu"da qalib gələ bilməməsinin əsas səbəblərindən biri də azarkeş amilidir. Azarkeşlər futbolçulara psixoloji cəhətdən böyük təsir göstərə bilirlər. Bu dəfə də belə oldu. Görüşün nəticəsindən artıq xəbərdarsınız. Ev sahibi “Fənərbaxça” 3:1 hesablı rahat qələbə qazandı. 

Mən diqqəti daha çox başqa yönə çəkmək istəyirəm. 90 dəqiqə ərzində mən hansısa azarkeşin yerində oturduğunu görmədim. Hər kəs ayaq üstə idi, hər kəs hayqırırdı, hər kəs komandasını dəstəkləyirdi. Tribunalar bir-birləri ilə sual-cavab atəşinə çıxmışdılar. Bir tribunanın verdiyi sualı digər tribuna cavablayırdı. Türkiyədə futbol insanların həyatının ayrılmaz bir hissəsinı çevrilib. Oyun gedə-gedə fikrə dalıram: görəsən nə vaxtsa Azərbaycanda bu cür stadion görəcəyikmi? Nə vaxtsa bizim də bu cür komandasını dəstəkləyən azarkeş ordumuz olacaqmı? Nə vaxtsa bizdə də kimsə öz həyat yoldaşını, uşağını götürüb futbol izləməyə gələcəkmi? Fikirləşirəm. Çox pessimistəm bu barədə. Bizim işimiz stadiona gəlib tum çırtlamaq olsun.

“Türkiyədə futbol insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Hətta qız atası evinə elçi gələn oğlandan “Fənərbaxça”lı, yoxsa “Qalatasaray”lı olduğunu soruşur” - Bunu stadiona gedərkən qarşılaşdığımız azarkeşlərdən biri deyir.  “Bura əsasən "Qalatasaray"lıların yaşadığı ərazidir. Burda heç kəs “Fənərbaxça”nın adını ağzına belə gətirə bilməz. Onu burda yaşatmazlar”. Bu sözlər isə Taksim meydanının yaxınlığında dönər satan Mehmet ustanındır. 

 Matç bitir. Stadionu tərk edərək küçəyə çıxırıq. Xeyli müddət gözlədikdən sonra güc-bəla ilə boş bir taksi tapırıq. İstanbula gəlməmişdən öncə TRT-də yüksək vəzifədə çalışan hörmətli İrfan Çiftçi abimizdən məni “Qalatasaray”ın canlı əfsanəsi Hakan Şükürlə görüşdürməsini xahiş etmişdim. İstanbula ayaq basar-basmaz telefonuma ondan mesaj gəldi: “Spor Stüdyosu” bitər-bitməz Hakan sizi TRT-de bekliyecek”.  Qeyd edim ki, Hakan Şükür adını çəkdiyim verilişdə Türkiyə Super liqasının oyunlarını şərh edir. Heyf ki, İstanbulun böyük tıxacı TRT-yə gedib çıxmağıma mane oldu. Irfan abinin də yanında türklər demiş “mahçup olduk”.

 ... Və ən sonda. Bizi otelimizə aparan “Qalatasaray”lı taksi sürücüsü Azərbaycandan məhz bu derbi üçün İstanbula gəldiyimizi öyrənəndə çox şanslı olduğumuzu deyir: “Mən 40 ildir İstanbulda yaşayıram. Amma bir dəfə də olsun imkansızlıq ücbatından bu matça bilet ala bilməmişəm”.

 Mirhacib MƏCİD

[email protected]

 

Son xəbərlər
15.10.19  11:02

Ronaldodan 700-cü qol

14.10.19  20:47

PSJ-də Neymar şoku